Sahibə Qafarova: “Əli Əsədov bütün bilik və bacarığını işə sərf edən bir insandır” 

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 16 fevral tarixli plenar iclasında çıxış edib.

Musavat.com xəbər verir ki, spiker öncə prezident seçkisinin nəticələrindən bəhs edib:

“Hörmətli həmkarlar!

Bildiyiniz kimi, bu il fevralın 7-də ölkəmizin siyasi həyatında tarixi əhəmiyyətli bir hadisə baş verib. Demokratik və şəffaf şəraitdə keçirilən azad və ədalətli seçkilərdə möhtərəm cənab İlham Əliyevin parlaq qələbəsi onun Azərbaycan xalqı və dövləti qarşısında müstəsna xidmətlərinə verilən yüksək qiymətin ifadəsi olub.

Ölkəmizin bütün ərazisində keçirilən növbədənkənar Prezident seçkiləri milli inkişaf tariximizə Zəfər seçkiləri kimi daxil olub. Xalqımız Azərbaycanın qüdrətli dünya dövlətinə çevrilməsində həlledici rolu olan liderinə sonsuz inam və etimadını bir daha ifadə edib, Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasi xəttin davam etməsini istədiyini bildirib. Bu müdrik seçim bölgədə və dünyada mürəkkəb proseslərin cərəyan etdiyi bir dövrdə Azərbaycanda səriştəli və məsuliyyətli rəhbərlik amilinin davamlılığını təmin edib”.

Sədr əlavə edib ki, Məclis adından Prezident İlham Əliyevə məktub göndərib: “Yenidən dövlət başçısı seçilməsi münasibəti ilə ona səmimi təbriklərimizi çatdırmış və xoş arzularımızı ifadə etmişəm.

Hörmətli deputatlar!

Bizə qürur verən bir məqam da bundan ibarətdir ki, möhtərəm cənab Prezidentin andiçmə mərasiminin Milli Məclisdə keçirilməsi ənənə halını almışdır. Bu da dövlətimizin rəhbərliyi tərəfindən parlamentə verilən önəmi nümayiş etdirir.

Fevralın 14-də andiçmə mərasimində söylədiyi nitqdə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev ötən 20 ildən artıq dövrdə ölkəmizin keçdiyi inkişaf yolunu geniş təhlil etdi, bu dövrü uğur və qələbələrlə dolu olan illər kimi dəyərləndirdi, eyni zamanda, qarşıya çıxan çətinlikləri və problemləri, xüsusən Qarabağın azad edilməsi, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpası məsələsini xalqımızın yumruq kimi birləşərək həll etdiyini bildirdi.

Proqram xarakteri daşıyan dərin məzmunlu nitqində dövlət başçısı yeni tarixi dövrdə qarşıda dayanan vəzifələrə nəzər saldı, dövlətimizin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, işğaldan azad edilmiş torpaqların bərpası, sosial-iqtisadi inkişaf, texnoloji üstünlüyün təmin edilməsi, milli-mənəvi dəyərlərə sadiq olan gənc nəslin yetişdirilməsi, Azərbaycançılıq məfkurəsinin gücləndirilməsi və digər sahələrdə görüləcək işlərdən danışdı, xarici siyasət istiqamətində yeni üfüqlərin açılması zərurətini qeyd etdi.

Hörmətli həmkarlar!

Əminliklə söyləmək olar ki, möhtərəm cənab Prezidentin siyasi məharəti və səriştəsi, yaradıcı təfəkkürü və yenilməz əzmi dövlətimizin inkişafı naminə qarşıya qoyulan bütün hədəfləri əldə etməyə imkan yaradacaq. Milli Məclis isə dövlət başçısının uzaqgörən daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək üçün öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaq”.

Sahibə Qafarova ardınca bildirib ki, bu gün gündəlikdə 8 məsələ var və 1-ci məsələ Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında qərar layihəsidir:

“Hörmətli deputatlar, Azərbaycan Respublikası Konstitusiyasının 118-ci maddəsinin II hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Baş nazir vəzifəsinə Əli Hidayət oğlu Əsədovun namizədliyinə razılıq verilməsi üçün Milli Məclisə müraciət edib. Konstitusiyanın 95-ci maddəsinin I hissəsinin 9-cu bəndinə uyğun olaraq, parlament Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Baş nazirinin vəzifəyə təyin edilməsinə razılıq verilməsi məsələsinə dair qərar qəbul etməlidir”.

S.Qafarova daha sonra Ə.Əsədov haqqında danışıb: “Hörmətli həmkarlar, Əli müəllim Əsədovu hamımız yaxşı tanıyırıq. O, Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib. İqtisadçı alim və mütəxəssisdir. İqtisadiyyat üzrə fəlsəfə doktoru, dosentdir. 1980-1989-cu illərdə Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda işləyib, 1989-cu ildən Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent, kafedra müdiri vəzifələrində çalışıb.

Əli Əsədov siyasi fəaliyyətə 1992-ci ildə Yeni Azərbaycan Partiyasının sıralarına daxil olmaqla başlayıb.

Əli müəllim birinci çağırış Milli Məclisin deputatı, İqtisadi siyasət komissiyasının üzvü olub. Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə 1998-ci ilin aprel ayında Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi təyin edilib. Daha sonra o, Prezident Administrasiyası rəhbərinin müavini, Prezidentin köməkçisi – İqtisadi məsələlər şöbəsinin müdiri vəzifələrində işləyib.

2019-cu il oktyabrın 8-dən Azərbaycan Respublikasının Baş naziri vəzifəsində çalışıb, bu il fevralın 14-dən Baş nazir səlahiyyətlərini icra edir. Əli Əsədovun iqtisadi məsələləri dərindən bilən təcrübəli mütəxəssis olması Nazirlər Kabinetinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasında mühüm rol oynayır. Əli müəllim yüksək işgüzar və mənəvi keyfiyyətlərə malik olan, bütün bilik və bacarığını işə sərf edən bir insandır.

Hörmətli həmkarlar, əminliklə söyləmək olar ki, hörmətli Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri vəzifəsində fəaliyyətini layiqincə davam etdirəcək”.

E.Paşasoy,
Musavat.com

16.02.2024 11:31
900