Gənc vaxtı Yeşilçam (Türkiyə) melodramlarının festivala qatılan filmlərinə kioteatrlarda tamaşa edəndə həsəd apardığımız epizodlar olurdu. Onlardan biri də filmin qəhrəmanlarının qoşalışıb Uludağa, qış kurortuna getmələri, orada əylənmələrini, başlarına gələn romantik macəraları əks etdirirdi. Cüneyt Arkının, Tarik Akanın, Ayhan İşığın, Kadir İnanırın baş rolda oynadığı belə filmlər var.
Uludağ gerçəkdə olduğu kimi, filmlərdə də füsunkar və əsrarəngiz görünürdü. Ora Türkiyə bomondunun qış əyləncəsinin baş məkanyıdı. O zamanların gəncləri çox arzu edərdilər ki, Uludağa və ya xizək sürməyin, digər əyləncələrin, dəbdə olan dillə desək, qışın, qarın keyfini çıxarmağın mümkün olduğu yerlərə getsinlər.
O zamankı Uludağ İndiki Şahdağ
Təəssüf ki, 30-40 öncənin gəncləri nə Uludağa gedə bildilər, nə Uludağ bura gəldi.
Əvəzində indi özümüzdəki Şahdağı Uludağa döndəriblər. Artıq maddi imkanı, xüsusi həvəsi, hətta ruhi ehtiyacı olan adamlar Şahdağa axışır, fələkdən bir neçə gün oğurlayır, həyatlarını şən edir, qarlı dağlardan, dərələrdən, xizək sürməkdən zövq alır, kanatla dağın zirvəsinə, 16 dərəcə şaxta olan məkana qalxır, oradan 1 kilometr aşağıda, təzə sırınmış yorğan kimi görünən buludlara baxır, dincəlirlər.
Yuxarıdakı cümlədə bir “maddi imkan” sözü keçdi. Bəli, bu cür zövq və əyləncə maddi imkana bağlıdır. Lüks otellər ictimai tələbat predmeti deyil. Nəqliyyatda metro-avtobus və lüks limuzin-superkar olduğu kimi, tətil-istirahət məsələsində ucuz qiymətə hostellər və bahalı lüks otellər var. “Ayağı yorğana görə uzatmaq” ideomatikası burada da keçərlidir. Sadəcə, biz təklif edilən iaşə, ticarət və xidmətin ucuz olmasını istəməkdənsə, ölkədə daha çox adamın varlanmasını və onlar üçün hər şeyin əlçatan olması təmin edilməlidir. Belə ölkələr var. Ancaq o, bu yazının mövzusu deyil.
Hələlik bu, bir gerçəkdir ki, Şahdağ turizm kompleksi ölkəmizdə heç də hamı üçün əlçatan deyil. Ancaq bu səviyyədə qış istirahətinin müştəriləri də çoxdur. Onların əksəriyyəti əcnəbilərdir, isti ölkələrdən, bəzən hətta Uludağın, Alataunun üstündən aşıb ölkəmizə gəlir, milli iqtisadiyyatımıza töhfə verirlər.
“Şahdağ” qış turizm kompleksinin sədri Rüstəm Nəcəfovla ayaqüstü söhbətimiz zamanı o, “Şahdağ”da 2 min nəfərin çalışdığını, maaş aldığını dedi. Təsəvvür edin, bu 2 min vətən övladı, necə deyərlər, dağın başında özlərinə iş tapıblar, evlərinə çörək aparırlar. Bu, orta hesabla 8 min insanın Şahdağdan dolanması deməkdir. Bu isə Şahdağda yaradılmış qış\yay kurortunun beynəlxalq standartlara uyğun şəraitinə görədir. Bu məkan standartlara cavab verməsə, Şahdağa xaricdən turist gəlməz, turist axını olmasa isə kompleksin rentabelli işləməsi sual altına düşə bilər.
Ancaq ölkəmizdə də qış tətilinin xiridarları ildən-ilə artmaqdır. Məsələn, dünən və bu gün kompleksdə boş otaq tapmaq mümkün deyildi, sabah isə mümkün olacaq. Çünki qısamüddətli həftəsonu tətilinə gələn həmvətənlərmiz iş yerlərinə qayıdacaqlar, bir də, əgər tətil xoşlarına gəlibsə, 1-2 həftədən sonra gələcəklər. daha dəqiqi, Yeni il bayramı günlərində isə Şahdağa axın olacaq. Artıq indidən yerlərin çoxu bron edilib. Bu şəxslərin bir xeylisi əvvəllər qış tətili üçün xarici ölkələrə gedərdilər. Ancaq indi, obrazlı desək, evin içində eyni rahatlıqda eyni zövqü yaşaya bilirlərsə, ən ümdəsi qısa müddətdə 2-3 saatın içində təhlükəsiz şəkildə evlərinə qayıdırlarsa, uzaq əcnəbi ölkələrdə macəra axtarmağın mənası qalmır. Ekzotika həvəskarları isə başqadır, onlar həmişə başqa ölkələri görmək istəyirlər.
Kompleks rəhbərliyi qeyd edir ki, fəaliyyətə başladığı gündən bəri “Şahdağ”ın qonaqları ildən-ilə artır və gələcəkdə daha çox qonaq qəbul edəcəklər.
Ölkəmizdə əcnəbi turist cəlb etmək üçün inşa və bərpa edilən obyektlərinin şahı elə “Şahdağ”dır. Bu məkan Körfəz ölkələri, Hindistan və Çin turistləri üçün çox cəlbedicidir. Avropada, xüsusilə də İsveçrə və Avstriyada yüz illərdir fəaliyyət göstərən müvafiq profiilli kurortlarla rəqabət aparmaq çətin olsa da, il on iki isti olan ölkələrdə bizim üçün açılan geniş bazar var. Hədəf bu bazara çıxmaq, oradan mümkün qədər çox turistin Azərbaycana axınını təmin və təşkil etməkdir. Bundan ötrü həmin ölkələrdə uyğun strukturlar yaradıılır, piar işi aparılır.
Dövlət Turizm Agentliyinin xətti ilə dünən Şahdağda qış turizmi mövsümünün açılışında iştirak edərkən şahidi olduq ki, kompleks daha da inkişaf etdirilib, bir sıra yeniliklər var. Allahdan, qar da yağmışdı, hər tərəf ağappaq idi, havanın hərarərti 0-ın altındaydı, hətta axşamüstü -9, gecə isə -12-dən də çox oldu. Bu, xizək yollarını süni qar püskürən cihazlarla daha əlverişli hala gətirmək üçün münasib temperaturdur.
Ümumiyyətlə, bu qışın sərt keçəcəyi, qarlı olacağı proqnozlaşdırılıb. Bu da o deməkdir ki, qış turizm komplekslərimizim bu mövsüm qonaq sarıdan korluq çəkməyəcəklər.
Çəkmək demişkən, qoy indi də bizim kinematoqraflarımız melodram çəkmək istəyəndə bir neçə epizodda qəhrəmanlarını Şahdağa “gətirib-aparsınlar” və ölkənin füsunkar məkanlara dünyaya tanıdılsın, bir zamanlar biz Uludağı arzuladığımız kimi Şahdağda olmağı arzulayanlar da çox olsun.
Xalid Kazımlı, Musavat.com,
Şahdağ