Məlum olduğu kimi, dünən Zaqatala rayonu Göyəm kəndində baş verən ağır yol qəzasında 2 məktəbli ölüb, biri isə ağır yaralanıb.
Musavat.com xəbər verir ki, kəndin icra nümayəndəsi Cuma Qurbanov Azvision.az-a açıqlamasında qəzanın məktəbdən 1 km aralıda, şagirdlərin evinin yaxınlığında baş verdiyini bildirib.
O qeyd edib ki, şagirdlər 5-ci sinifdə oxuyurmuş: "Kənd yolu 6 metr enindədir, hadisə olan yuxarı tərəfdə isə yol 20 metrə qədər genişlənir. Şagirdlər səki ilə hərəkət edirmişlər. Məktəb də evə yaxındır. Yəni bizim kənd yolu təhlükəli deyil, əvvəllər belə olmayıb. Deyilənə görə, sürücü avtomobili 130-140 km/saat sürətlə sürürmüş, uşaqların yanında idarəetməni itirib və onları vurub".
İcra nümayəndəsinin sözlərinə görə, şagirdləri vuran şəxs "qatil Emin" ləqəbi ilə tanınır:
"Deyəsən, əvvəllər cinayət törədib, həbsdə yatıb, ona görə belə adlandırılır. O, kənd sakini deyil, Zaqatala şəhərinin Qaqarin küçəsindəndir".
Qeyd edək ki, dünən Zaqatala rayonu Göyəm kəndində “Mercedes” markalı minik avtomobili yol kənarı ilə gedən 2013-cü il təvəllüdlü 3 məktəblini vurub. Göyəm kənd orta məktəbinin şagirdləri olan məktəblilərdən Ramazan Babək oğlu İsayev və Kamal Elçin oğlu Permadov qəzanın baş verdiyi yerdə ölüblər. İbrahim Əziz oğlu İbrahimzadə isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onların hamısı eyni sinfin şagirdi olub.