Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi müzakirə edilir. Hər bir deputat çalışır öz seçicilərinin maddi rifahı yaxşılaşsın, bu istiqamətdə təkliflər irəli sürürlər. Biri deyir məktəblərdə istilik noyabrın 15-dən qabaq, hava soyuyan kimi verilsin. Başqası polislərin maaşını artırmağı xahiş edir. Üçüncüsü müharibə veteranlarına verilən 80 manatın az olması qənaətindədir. Dördüncüsü onkoloji xəstələrin də tibbi sığorta paketinə salınmasını istəyir.
Çox qəribə haldır. Mən bu yazını yazana qədər hələ 1 deputat belə deputatların maaşını artırmağı xahiş etməmişdi! Sanki bu insanlar öz ömürlərini xalqın yolunda sərf etmək istəyirlər! Kövrəldim, ancaq ağlaya bilmədim, ümid edirəm bizim göz yaşlarımız da gələn ilin dövlət büdcəsinə salınar. Göz yaşları dövlət təminatında olmalıdır. Yoxsa sanki bu sahədə dərəbəylikdir, kim harada istəsə, nə qədər istəsə ağlayır, yolları su basır.
Büdcə müzakirələri haqda xəbərlərin aktrisa Pərvin Abıyevanın peraşki yeməkdən yaralanmış mədəsi, Pişik Günelin yeni sifəti xəbərləriylə paralel getdiyi lentdə qəfil ekzotik bir başlıq da gördüm: “GÖSTƏRİŞ VERİLDİ - Bütün məktəblilərə PULSUZ YEMƏK VERİLƏCƏK”. Çox diqqətimi çəkdi. Təkcə böyük, qışqıran hərflərlə verildiyi üçün yox. Yazdığım kimi, büdcə müzakirəsi gedir və sevindim, fikirləşdim yəqin dövlətimiz artıq uşaqları məktəblərdə isti yeməklə təchiz etmək qərarına gəlmişdir.
Açıb oxudum və nə gizlədim, umsuq oldum. Xəbər bizə yox, Ukraynaya aid imiş, oranın başçısı Zelenskinin çıxışından sitat idi, deyib gələn ildən ukraynalı uşaqlara məktəbdə dövlət hesabına yemək verəcəyik.
Dünyada məktəblilərinə pulsuz yemək verən dövlətlər çoxdur. Finlandiya, Almaniya, Hindistan, Çin, Yaponiya, Slovakiya, Britaniya, Çexiya, Portuqaliya və sairə. Bizdə SSRİ-nin axırlarında Qorbaçov bunu tətbiq eləməyə çalışdı, lakin dövlət dağıldı, yaddan çıxdı, getdi. Finlandiya niyə dünyada ən yaxşı təhsil sistemi olan dövlət sayılır, bəlkə həm də buna görədir. Orada uşaqlara hər gün başqa menyü təklif edilir, hətta vegetarian menyülər belə var. ABŞ-da hər gün 30 milyon şagirdə dövlət hesabına yemək verilir.
Bu dövlətlər sarsaqdırmı, pulunu çölə tökürmü? Yox. İstəyirlər uşaqlar ac qalmasın, qarnı ilə yox, beyni ilə düşünsün, yalnız dərsə köklənsin. Nəticədə dövlət, millət inkişaf eləsin.
İndi mən sizə sual verirəm: necə olur ki, müharibədə darmadağın olmuş, 10 milyondan çox əhalisi qaçqın düşmüş, hazırda da Putinin bomba yağışları altında inildəyən Ukrayna məktəblilərə pulsuz yemək vermək planları üzərində düşünür, neft və qaz səltənəti Azərbaycanda isə bu, mümkün deyil, yazıq şagirdlər ən yaxşı halda evdən çantaya qoyulan camış kolbasası və quru əppək gəvələyir, ya da dərsdən qaçıb “Mamedin dönərxanası”nda murdar olmuş eşşək ətindən hazırlanan iyrənc “məktəbli dönərləri” alırlar? Hələ mən yazdığım “ən yaxşı hallar”dır, şagirdlər səhər saat 8-dən günorta saat 2-yə qədər - tam 6 saat öz qarınlarının qurultusunu dinləmək məcburiyyətindədir. Belə uşaqlar üçün Əhəmənilər dövlətinin üçüncü padşahı kim olub, uran parçalananda hansı elementə çevrilir, yaxud kotangenslə İrəvan quberniyasındakı Kotanlı kəndinin fərqi nədir - öyrənmək asandırmı? Əvvəl uşağın qarnını, sonra beynini doldurmaq lazımdır. Əksi çox çətindir.
Yazını şairin beyti ilə bitirirəm: “Acqarına bir nəfər, Nəğmə oxurmu məgər?!”