“Türkiyə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanana qədər İrəvanla münasibətləri yaxşılaşdırmaq üçün hər hansı əməli addım atmaqdan çəkinəcək”.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktorunun müşaviri, akademik, türkoloq Ruben Safrastyan danışıb.
“Düşünürəm ki, sülh müqaviləsi imzalansa belə, Türkiyə də Ermənistanla münasibətlərin tam tənzimlənməsinə getməyəcək. Türkiyə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsindən sonra “Zəngəzur dəhlizi”nin gerçəkləşdirilməsinə can atacaq. Yəni Sünik vasitəsilə Ermənistan ərazisindən malların ekstraterritorial daşınması hüququna nail olmağa çalışacaq. Düşünürəm ki, bu, Türkiyənin Ermənistana təzyiqinin ikinci mərhələsi olacaq. Mənə görə, bu, Türkiyənin Ermənistanla münasibətlərinin paradiqmasına çevriləcək”, - deyə Safrastyan bildirib.
Erməni ekspertə görə, Türkiyə bu məsələdə Azərbaycanın yürütdüyü siyasətin nəticəsini gözləyəcək.
“Hesab edirəm ki, Türkiyə Azərbaycana hansısa formada təzyiq göstərmək məqsədi daşıyan ciddi addımlar atmayacaq. Bu, ona niyə lazımdır? O, Azərbaycan sazişi imzalayana qədər gözləyəcək. Türkiyəyə Ermənistanla Azərbaycan arasında bu razılaşma lazımdır ki, Qarabağda son müharibədən sonra bölgədə yaranmış yeni geosiyasi vəziyyətin nəticələrini rəsmən qeyd etsin. Bölgəmizdə yaranmış yeni geosiyasi vəziyyət budur ki, son Qarabağ müharibəsində Ermənistanın məğlubiyyətindən sonra Rusiyanın təsirinin azalması, Türkiyənin təsirinin artması müşahidə olunur. Odur ki, rəsmi Ankara regionda hazırda Türkiyənin xeyrinə formalaşmış yeni vəziyyəti müqavilə səviyyəsində təsbit edən Azərbaycan və Ermənistan arasında sazişin imzalanmasına çalışır”, - deyə Safrastyan qeyd edib.
Musavat.com