Bakı Apellyasiya Məhkəməsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin sabiq rəis müavini - səfərbərlik şöbəsinin rəisi Adil Hüseynovun şikayətinə baxılıb. O, barəsindəki hökmün dəyişdirilməsini istəyirdi.
Musavat.com xəbər verir ki, hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə şikayətin dəlilləri araşdırılıb.
Şikayət əsassız hesab edilib və Adil Hüseynov barəsində Bakı Hərbi Məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Həmin hökmə əsasən, Adil Hüseynov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Adil Hüseynov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilib. Ona Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilmişdi.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin sabiq rəis müavini - səfərbərlik şöbəsinin rəisi Adil Hüseynovun saxta tibbi rəy əsasında hərbi xidmətə yararsızlıq müddətinin 3 il müddətinə uzadılması, həqiqi hərbi xidmətə cəlb olunmama müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən olunmuşdu.
Xatırladaq ki, Adil Hüseynovla yanaşı, Sabunçu Rayon Hərbi Komissarlığının çağırışçıları rüşvətlə xidmətdən yayındırmaqda ittiham olunan sabiq şöbə rəisi Toğrul İsgəndərov da həbs olunmuşdu. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq çərçivəsində Toğrul İsgəndərova Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com