Sabunçunun “voenkom”u HƏBSDƏ qaldı

Bakı Apellyasiya Məhkəməsində Sabunçu Rayon Hərbi Komissarlığının çağırışçıları rüşvətlə xidmətdən yayındırmaqda ittiham olunan sabiq şöbə rəisi Toğrul İsgəndərovun şikayətinə baxılıb. O, barəsindəki hökmün dəyişdirilməsini istəyirdi.

Musavat.com xəbər verir ki, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə Toğrul İsgəndərovun şikayəti əsassız hesab edilib və barəsində Bakı Hərbi Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Həmin hökmə əsasən, Toğrul İsgəndərov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Toğrul İsgəndərov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilmişdi. İttihamda qeyd oluurdu ki, Toğrul İsgəndərov həqiqi hərbi xidmətə cəlb olunmama müqabilində vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalanıb. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

26.04.2024 12:29
1095