Şabran rayonunun Uzunboyad kənd sakini, 1981-ci il təvəllüdlü Anar Qəhrəman oğlu İsmayılov mədəniyyət naziri Adil Kərimliyə müraciət edib.
Musavat.com-un xəbərinə görə, Anar İsmayılov nazirə müraciətində yazır ki, 15 il, 2009-cu ildən Mədəni İrsin Qorunması və Bərpası Agentliyinin Şabran rayon bölməsində - Tarix-Memarlıq Qoruğunda mühafizəçi vəzifəsində işləyib. 2019-cu ildə mühafizəçi vəzifəsindən fəhlə vəzifəsinə keçirilib, ayda 306 manat maaş alıb:
“Hörmətli nazir,
Rayonda başqa iş yoxdur deyə mühafizəçi vəzifəsindən fəhlə vəzifəsinə keçirilməyimə etiraz etmədim. Təxminən 2 il əvvəl Çıraqqala Tarix-Memarlıq Qoruğu ilə Şabran Tarix-Memarlıq Qoruğu birləşdirildi. O zamana qədər 5 ay idi ki, əmək haqqım da verilmirdi. Məndən ərizə alıb işdən çıxardılar. Vəd verdilər ki, 5 aylıq – 1530 manat əmək haqqımı da ödəyəcəklər, yenidən işə bərpa edəcəklər. Qısa müddət sonra 1 illik müqavilə bağlayıb yenidən işə götürdülər. Amma yenə də 1530 manat əmək haqqım ödənmədi.
Etiraz etdim, dedilər ki, mənimlə daimi iş müqaviləsi bağlanacaq. Mən də bu vədə arxayın olub bankdan kredit aldım ki, birtəhər dolanım. Ailənin yeganə gəlir gətirən şəxsi mənəm, anam rəhmətə gedib, atam isə ağır xəstədir. 1 ilin yekununda müqaviləni yeniləmədilər. Üstəlik, 1 ilin içində əlavə 7 ayın da əmək haqqını ödəmədilər. 2142 manat da belə əmək haqqımı vermədilər. Bu gün üst-üstə 3672 manat əmək haqqımı verməyiblər. 5 aydır ki, hələ də mənimlə müqavilə bağlanmır, əmək haqqım da ödənmir. Bank krediti ödəyə bilmədiyimə görə məhkəməyə müraciət edib, məni həbslə hədələyirlər.
Sizdən xahiş edirəm ki, məni işə qaytarın və ödənməyən əmək haqqımın ödənməsinə göstəriş verin”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com