Sabiq XİN rəhbərindən ilginc təklif və ermənilər üçün alternativ “həyat yolu” təşəbbüsü- MÜSAHİBƏ

 

Tofiq Zülfüqarov: “Kəlbəcər yolunu Qarabağ ermənilərinin Ermənistana gediş-gəlişi üçün təklif edək”

Sabiq xarici işlər naziri, siyasi şərhçi Tofiq Zülfüqarov Laçın yolu ətrafında vəziyyət, Rusiyadan Ermənistana mesajlar, Avropa İttifaqının yeni missiyası ilə bağlı xəbərlər, həmçinin digər aktual mövzular barədə Musavat.com-un suallarını cavablandırıb, çox ilginc fikirlər söyləyib.

Həmin müsahibəni təqdim edirik:

- Tofiq bəy, yanvarın 20-sində Laçın yolundakı dinc aksiyanın 40-cı günü tamam olur. Ötən ilin 12 dekabrdan başlayan aksiya kifayət qədər beynəlxalq rezonans doğurdu, Azərbaycanın üstünə gəlməyə çalışanlarla yanaşı, reallığı dərk edib, yerində oturanlar da var. Bu, bir faktdır ki, ekofəalların sivil mübarizəsi nəticəsində ermənilərin cinayətkar fəaliyyətinə ara verildi. Amma şübhəsiz ki, bu aksiya sonsuzadək davam edə bilməz. Bundan sonrakı mərhələni necə təsəvvür edirsiniz? Hesab edirsinizmi ki, artıq “B” planı işə salınmalıdır, yoxsa hələ bir müddət də səbir etməyin tərəfdarısınız?

- Mən hesab edirəm ki, Azərbaycanın tətbiq etdiyi bu üslub çox vacib, maraqlı və faydalıdır. Çünki sülhə yol ilk növbədə insanların beynindən keçməlidir. Yəni istər-istəməz ermənilərin şüurunda, həm Qarabağ bölgəsində, həm Ermənistanda artıq azərbaycanlı siması birmənalı şəkildə “düşmən” və onların artıq adət etdiyi “genosid” simvoluna çevrilib. Təbii ki, bu, həqiqət deyil, amma bir faktdır. İndi isə orda gedən proseslər psixoloji baxımdan fərqli vəziyyət tətbiq olunur ki, ermənilər azərbaycanlıları istər yolda, istər sərhəddə görəndə qorxmasınlar. İndi bu proses davam edir.  Biz görürük ki, Laçın yolunda aksiya başladığı ilk gündən deyirdilər “ay genosid” var, filan”, sonra iddia edirdilər qaydaları pozublar, indi isə görürlər ki, gedib-gələn var. Yəni söhbət onların dediyi kimi, “blokada”dan getmir, nəzarətdən gedir. İndiki mərhələdə onlar ictimai nəzarətə, ekofəalların nəzarətinə öyrəşiblər. İkinci məntiqli addım təbii ki, orda müvafiq qrumların nəzarəti tətbiq edilməlidir. Yəni qanunlara uyğun olaraq sərhəddə nəzarət istənilən ölkədə var. Bunu təmin etmək üçün onlar psixoloji dəyişikliklərə tabe olmalıdırlar. Diqqət edin, ora-bura müraciətlər etdilər, gördülər ki, xeyri yoxdur. Əslində, burada məntiq də tapmaq mümkün deyil. Deyirlər, blokadanı aradan götürün, biz də deyirik, blokada yoxdur. Kim yoxlamaq istəyir, buyursun, gəlsin, getsin. Bu ayrı söhbətdir ki, blokada nə üçün, kimin üçün var? Düşmənçilik mövqeyində olan insanlara təbii ki, blokada olacaq.  Silah-sursat, hərbçilər gətirilməsinə təbii ki, yol bağlanacaq. Amma humanitar, normal əlaqələrə, ailə üzvlərinin görüşməsinə, normal iqtisadi fəaliyyətə, qanunlara uyğun olaraq yol daim açıqdır. Yəni Azərbaycan o əhaliyə bir dərs keçir ki, qaydalar belə olacaq.

- Yəni sivil aksiya davam etdirilməlidir hələ ki?

- Təbii, davam etməlidir. Lakin yeni səviyyəyə keçməlidir. Müvəqqəti olaraq buraya yerləşmiş sülhməramlılar hələ 2 il yarım buradadır. Amma bundan sonra yola nəzarəti Azərbaycan həyata keçirir, təhlükəsizliyi isə sülhməramlılar təmin edir. Yəni ölkəyə girib-çıxmaq qərarını Azərbaycan dövlətini təmsil edən sərhədçi verə bilər, necə ki, digər yerlərdə... İqtisadi fəaliyyətə nəzarət edən gömrükçülərimiz olmalıdır. Amma sülhməramlılar sadəcə olaraq təhlükəsizlik tədbirləri görməlidir. Yəni qarovul çəkirlər ki, hansısa insident olmasın, vəssalam! Biz bu barədə dəfələrlə danışmışıq. Sülhməramlıların funksiyaları təhlükəsizliyi təmin etməkdir. Amma dövlət qurumlarının funksiyaları var, onları təbii ki, müvafiq qurumların nümayəndələri həyata keçirməlidir. Bu prinsip orda artıq təmin olunacaq.

- “B” variantına keçidi zəruri sayırsınız...

- Bəli. İkinci mərhələdə digər bir yoldan istifadə təklifi də gündəmə gəlməlidir – Kəlbəcər yolu. Həmin şərtlər orda da tətbiq olunacaq, amma orda təhlükəsizliyi Azərbaycanın qurumları təmin edəcək. Laçın yolunun bu yoldan fərqi ondan ibarət olacaq ki, bu yolda hələ də 2,5 il burada qalacaq sülhməramlılar təhlükəsizliyi təmin edəcəklər, Kəlbəcər yolunda isə Azərbaycan polisi, sərhədçisi, gömrükçüsü... Postkonflik şəraitinə uyğun olaraq ola bilsin təhlükəsizlik addımları daha da əsaslı olmalıdır,  amma qanunlar eynidir. Biz bunları öyrəşdirməliyik. Reinteqrasiya nəyə deyirik?

- Eyni zamanda Ağdam-Şuşa yolunun açılması da gündəmə gəlməlidir, yanaşması var...

- Onu da növbəti mərhələdə irəli sürmək olar. Qoy onlar öyrəşsinlər bizim nəzarətə. Yəni sərhəd qanunları tələblərinə uyğunlaşsınlar. 

Biz indi görürük ki, ermənilərin qaldırdığı təbliğat dalğası davam etdirilir. Biz məntiqə görə, onların mövqeyini dağıtmalıyıq. Nə mənada? Blokada yox, nəzarət. İstənilən dövlətdə nəzarət mövcuddur. Blokada hər yerdə mövcud deyil. Biz də onlara başa salmalıyıq ki, bu, blokada deyil, nəzarətdir. Bundan qabaq nəzarətin növləri barədə demişik. Yəni bir yolda təhlükəsizliyi təmin edən sülhməramlılar olacaq, çünki Azərbaycan daha iki il yarım üçün öhdəlik götürüb, o biri tərəfdən isə burada sülhməramlıların iştirakı da lazım deyil.

-Tofiq bəy, Xankəndi ilə Gorus arasında daha iki gizli yolun olduğunu erməni separatçılar özləri də etiraf edirlər, Vardanyan “həyat yolu”ndan bəhs edir. Görünən budur ki, separatçılar şantaj məqsədlilər Laçın yolunun guya bağlandığından bəhs edir, amma digər yollar vasitəsilə istədiklərini edirlərsə, o halda tədbiqlərimiz nədən ibarət olmalıdır?

- Bunun qarşısı qanunauyğun şəkildə alınmalıdır. Özü də yol əsas deyil, sərhəd olmalıdır. Artıq sərhədin girişində belə qanunsuzluqların qarşısı alınmalıdır. Onlar gah deyirlər bizi sülhməramlılar buraxmır, gah da deyirlər Azərbaycan buraxmır. Ona görə də dedim ki, Kəlbəcər yolunu Qarabağ ermənilərinin Ermənistana gediş-gəlişi üçün təklif edək. Çünki orada nəzarət edən azərbaycanlılar olacaq. Bizə deyirlər blokadadır, açın yolu, daha nələr. Biz də deyək ki, gəlin nəzarət məntəqəmizə, görün gediş-gəliş imkanlarını necə yüksək səviyyədə təmin etmişik.

- Kəsəsi, Qarabağdakı erməni vətəndaşlarımız Kəlbəcər yolu ilə Ermənistana gedib-gəlsinlər...

- Bəli. Necə ki, biz İran, Rusiya, Gürcüstan sərhədini keçirik, onlar da bu şəkildə Azərbaycan sərhədindən keçməlidirlər.

- Bir aralar da belə bir müzakirə başlamışdı, ermənilər uzaq olduğunu bəhanə etdilər...

- Uzaqdır, onda tərpənmə, acından öl, daha mən neyləyim səninçün? Olan budur (gülür).

- Sergey Lavrov deyib ki, Qarabağdakı ermənilərin təmsilçilərinin də iştirakı ilə Azərbaycan nümayəndələri ilə görüş keçirilib və yaxın günlərdə yolun açıla biləcəyinə eyham vurub. Bu açıqlamanı necə izah etmək olar?

- Birincisi, Azərbaycan da həmişə bunu qeyd edir. Bizdə yenilik kimi verirlər ki, guya ilk dəfə kontaktlar olub. Cənab Prezident dəfələrlə deyib ki, bizim kontaktlarımız var. Amma biz bunu danışıqlar adlandırmırıq və bu məsələdə bizə vasitəçi lazım deyil. Bu, texniki kontaktlardır. Suqovuşana aid də olmuşdu, hansısa xəttin çəkilişi zamanı da olmuşdu. Yəni texniki kontaktlardır, vəssalam. O ki qaldı Laçın yolu ilə bağlı qoyduğumuz tələbə, bu tələbin icrasını tələb edirik. Bizdə burada təzə addım atmaq, ya da kiminsə köməyinə ümid etmək niyyəti yoxdur. Biz bu cür davranışı qəbul etmirik, etməməliyik də. Çünki vətəndaşla dövlət arasında nə vasitəçi? Etirazların əvvəlində “Volkov gəlsin”-deyilirdi. Volkov orda qarovul çəkir də, o siyasətçi deyil ki, vasitəçilik etsin. 90-cı illərin əvvəllərində mən bir müddət Qarabağla bağlı Xüsusi Təşkilat Komitəsində var idim, gedib-gəlirdim. Orda hərbçilər var idi, amma siyasi məsələlər respublikanın təşkilat komitəsi tərəfindən idarə olunurdu, Xüsusi Komitə var idi. Sovet hərbçiləri sadəcə təhlükəsizliyi təmin edirdilər. Bax, sülhməramlıların rolu belə olmalıdır. Məsələn, səhər harasa getməliyik. Maşın verilir, yanında avtomatlı əsgər oturur. Təxminən belə olmalıdır. Hərbçi orada ayrı işlə məşğul olmamalıdır.

- Ötən gecə belə bir məlumat yayıldı ki, Ermənistana Avropa İttifaqının 100 müşahidəçisi gələcək, özü də 2 illiyə. Bu xəbərə Lavrovun da kəskin reaksiyası oldu və İrəvana xəbərdarlıq etdi ki, Azərbaycanın razılığı olmasa, effektli nəticə əldə olunmayacaq. Faktiki olaraq Qərb-Rusiya qarşıdurması bölgəmizdə də yaşanır. Birtərəfli qaydada Ermənistanın belə bir qərarı gərginliyi haradək tətikləyə bilər?

- Bəli, Qərb-Rusiya qarşıdurması var. Amma hansısa mərhələdə bunlar bir-biri ilə danışa bilərlər. Bunların qarşıdurması bizim üçün müvəqqəti bir faktor olmalıdır, uzunmüddətli ola bilməz. O ki qaldı formal məsələlərə, bəllidir ki, bunların mandatı Ermənistan ərazisindədir. Onlar Azərbaycan ərazisində heç bir fəaliyyət göstərə bilməzlər. Mandatın içərisində xüsusi bir bənd var, guya ki, onlar sərhəd zonasını müşahidə edəcəklər. Ortaya sual çıxır, təbii, həm Praqa, həm Soçidə tərəflər bir-birinin ərazi bütövlüyünün ərazi bütövlüyünü tanıdıqları ilə bağlı bəyanatlar veriblər. Hazırlıq prinsipi kimi bu, müsbət bir haldır. Amma ərazi bütövlüyü hansı sərhədin üzərində qarşılıqlı şəkildə tanınmalıdır?  Sərhəd yoxdur axı, şərti sərhəd var, delimitasiya olmayıb. Sərhəd haradan keçəcək? Hələlik hər tərəf sərhədi özünün bildiyi kimi başa düşür. Bu baxımdan Avropa İttfaqının bu missiyası problemlər yarada bilər. Məsələn, hələ Qazaxın kəndləri azad olunmayıb, həmçinin Kərki kəndi işğaldadır. Azərbaycan hansısa mərhələdə görəcək ki, Ermənistan sülhmeyilli deyil, o halda təzyiq edərək gedəcək öz ərazilərində özü bildiyi kimi sərhədi təmin edəcək. Digər məntəqələrdə də bu hal baş verə bilər.

- O halda Avropa İttifaqı müşahidəçilərini mülkilərdən hərbçilərə dəyişə bilərmi?

- Onlar istənilən halda Ermənistan sərhədində nə istəyirlər, edirlər. Amma Ermənistan sərhədi məfhumu yoxdur. Çünki nə onlar bizim sərhədimizi tanıyırlar, nə də biz onların sərhədini. Aİ təmsilçiləri hansı sərhədi müdafiə edəcəklər? Biz dəfələrlə bu haqda danışmışıq ki, Ermənistan qoy desin, onun sərhədi haradadır? Paşinyan bu suala cavab verə bilmir. Vaxtilə gedib Şuşada rəqs edirdi və deyirdi ki, “Qarabağ Ermənistandır”, Ermənistanın sərhədini də işğal olunmuş ərazilər daxil hesab edirdi. Ondan sonra bu bəyanatı təkzib edibmi? Yox. 1989-cu ilin 1 dekabrında bəyan ediblər ki, artıq DQMV Ermənistana birləşdirilib.  İndi deyir ki, sovet xəritələrinə əsasən, 1991-ci il sərhədinə əsasən ərazi bütövlüyünü tanıyırıq. Yaxşı, sən o vaxt Qarabağı Ermənistana “birləşdirmisən”, bəs o nədir? Deyək ki, o da qüvvədən düşüb? Sovetlərin hansı xəritəsi? 1991-ci, 70-ci, ya 20-ci illərin xəritəsindən söhbət gedir? Bunun barəsində demir. Deyir 29 min kv.km-lik ərazimiz var. Amma konkret demir ki, Ermənistanın sərhədi haradadır? İndi Ermənistan bunu demirsə, Aİ missiyası haradan biləcək ki, onun sərhədi haradan keçir? Bunlar hansı sərhədlər əsasında fəaliyyət göstərəcəklər? Ruslar 20-ci ildə, müharibədən dərhal sonra gedib orada öz sərhədçilərini yerləşdiriblər. İndi onların missiya ilə münasibəti necə olacaq? Ruslar hansı sərhədi tanıyırlar? Missiya hansı sərhədi tanıyır? Ermənistan özü hansı sərhədi tanıyır? Bu suallara heç yerdə cavab yoxdur. Deməli, sərhəd də yoxdur. Demək, onların mandatının əsas elementi olan sərhəd xətti yoxdur. Bu halda necə fəaliyyət göstərəcəklər. Bu, problemlər yaradır. Yəni Estoniya, Latviya, ya da Belçikadan gələn adam deyəcək ki, mən belə hesab edirəm Ermənistanın sərhədi burdadır? Salaməleyküm! Bizim sərhədçi də deyəcək ki, “davay”, sürüş burdan! Yəni əslində məntiqsiz bir qərar qəbul olunub. Onların hansı şəkildə fəaliyyət göstərəcəyi bəlli deyil. Avropa İttifaqının hərbi müttəfiqliyi barədə heç bir öhdəliyi yoxdur. O iqtisadi-siyasi qurumdur. Bu baxımdan ermənilərin onlara ümid etməsi çox-çox gülməlidir.

- Şübhə yoxdur ki, Fransa başda olmaqla Avropa İttifaqı hansısa ad altında bölgəyə girmək istəyir, məqsəd bəllidir. Elə deyilmi?

- Bəli. Bəs onlar necə müdafiə edəcəklər? Ermənilərin gününə baxın da. Mən yuxarıda sadaladığım sualları azərbaycanlı kimi vermirəm, hüquqşünas kimi verirəm. Burada aydınlıq yoxdur axı.

- Bizim müsahibəmizi oxuyub, suallara cavab axtararlar...

- (Gülür) Mən istisna etmirəm ki, bu qərar daha çox gərginliyə gətirib çıxaracaq. İstər-istəməz Rusiya və Aİ bir-biri ilə rəqabət aparacaqlar, çünki artıq proseslər güclənir. Biz sizinlə bir neçə ay, bəlkə də bir il əvvəl deyirdik ki, artıq Qarabağ məsələsi arxa plana keçir, Zəngəzur məsələsi önə çıxır. Bu missiyanın da gəlişi bunun birinci siqnallarındandır...

Elşad Paşasoy,
Musavat.com

19.01.2023 09:11
3730