Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 

 

3 tanınmış jurnalistə qulaqburması, nazirə qarşı addım tələbi və daha nələr

Sabiq deputat, eks səfir Elmira Axundovanın Ramiz Mehdiyevə ünvanladığı, “hörmətli Ramiz müəllim, yalnız sizin oxumağınız üçündür” girişli, “siz mənim dostum və ağsaqqalımsız” sözləri ilə zəngin, hər sətri 1937-ci ilin danosunu xatırladan məktubu ortaya çıxıb.

Məktub Prezident Administrasiyasında 15244 nömrə ilə qeydiyyatdan keçib, Ramiz Mehdiyevə təqdim olunub, oradan Daxili İşlər Nazirliyinə, DİN-dən isə Ağır Cinayətlər Məhkəməsinin o zamankı sədri Mahmud Nəbiyevə göndərilib.  

Mirşahin Ağayevi niyə yenidən efirə qaytardın?

Elmira Axundova oğlu Həbib Axundovun adı qarışdığı 8 milyonluq dələduzluq işindən dolayı 30 iyul 2018-ci ildə, Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri postunu tutduğu günlərdə ona ünvanladığı “şanlı” məktubunda tanınmış jurnalistlərin – Mirşahin Ağayevin, Ləman Ələşrəfqızının, Afət Telmanqızının adlarını çəkir, onları satqın adlandırır, onların barəsində tədbirlər görülməsi üçün addımlar atılmasını tələb edir. Mirşahin Ağayevə yenidən efir verilməsinə görə ağsaqqalını qınayır.

Deputatda müxalifəti maliyyələşdirən nazirlə bağlı məlumat olub?

Elmira Axundova nazirin (adı redaksiyaya məlumdur – E.M) və bəzi deputatların barəsində də eyni tərzdə fikirlərini izhar etməklə onları müxalifətə işləməkdə ittiham edir. Yazır ki, onda deputatların müxalifət qəzetlərini maliyyələşdirməsi barəsində məlumatlar var. Elmira Axundova Ramiz Mehdiyevə məktubunda respublikada Fərman Məmmədovun (Həbib Axundovun cinayət işi üzrə zərərçəkən) qabağına çıxarmaq üçün kişi axtardığını yazmaqla onu həbs etməyə çağırır.  

Ağsaqqalım, istəyirsənsə hakimiyyətdə olan, 2-3 arvad saxlayan məmurların adını çəkim!

Məktubun davamında qaçaq səfir, oğlu Həbib Axundovun 3 uşaq atası olduğunu yazmaqla bərabər oğlu Həbibin həyat yoldaşından əlavə daha bir qadın saxladığını gizlətmir, bunu adi bir hal kimi təqdim etməyə çalışır, oğlunun həmin qadınla yayılmış açıq-saçıq videolarına toxunur, oğluna haqq qazandırmaq üçün Ramiz Mehdiyevə müraciətlə,- “Yaxşı, Həbib qanuni arvadından başqa bir qızla maraqlandı. Azərbaycan kişiləri arasında o qadınları kim sevmir, demək olar ki, hər kəsin rəsmi olaraq ikinci, üçüncü olmasa da, arvadı və onlardan qeyri-qanuni uşaqları var. İstəyirsənsə, adlarını da çəkim”,- deyə ağsaqqalı Ramiz Mehdiyevə sual edir. Ramiz Mehdiyevin bu suala nə cavab verdiyi bilinmir.

Mehdiyevdən tələb – “Hökumət mətbuatında yazılar təşkil elə!”

Ən maraqlısı isə Elmira Axundovanın Ramiz Mehdiyevdən məktubunda hökumət mətbuatında “Fərman Məmmədov kimdir?” kod adı ilə yazılar təşkil etməsini tələb etməsidir.


Axundovadan “bütün kartlarımı ortaya qoyacağam...” hədəsi

Məktubunda Ramiz Mehdiyevin diqqətinə sentyabrda mətbuat konfransı keçirəcəyini, “bütün kartlarımı ortaya qoyacağam.... bizim itirəcəyimiz heç nə yoxdur, amma onların itirəcəkləri var” şəkilində hədə tonlu sətirlərlə müraciət edir.

Elmira Axundovanın rus dilində yazdığı, 5 səhifəlik, yalnız “Ramiz Mehdiyevin oxuması üçün” girişli məktubu “Yeni Müsavat”ın redaksiyasındadır və yaxın saatlarda tərcüməsi oxucularımıza təqdim olunacaq.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

06.05.2024 12:29
7645