Sabiq prokurorun qardaşı barəsindəki ittihama reaksiya verdi – heç bir təqsirim yoxdur

Xətainin sabiq prokuroru Yusif İldırımzadənin qardaşı Rasim İldırım barəsində başlanmış cinayət işi ilə bağlı Musavat.com-a açıqlama verib.

Bildirib ki, cinayət işi tam qanunsuz olaraq başlanıb və özünü ittiham üzrə təqsirli bilmir:

“Bu iş 2023-cü ildə fakta görə başlanıb. Tam qanunsuz, əsassız olaraq başlanmış cinayət işidir. Vəkillərimiz istintaqın gedişində sübut etdilər ki, iş qanunsuz olaraq başlanıb. 1 il araşdırdılar, indi də işi məhkəməyə göndəriblər. Mən ittiham üzrə özümü təqsirli bilmirəm. Əsaslı sübutları da istintaqa təqdim etmişik. Tam məsuliyyətlə deyirəm ki, cinayət işi əsassız başlanıb. Bundan əvvəl Nəsimi rayon Polis İdarəsində bu işi araşdırdılar. Əsassız olduğundan rədd olunmuşdu. Sonradan da əsassız olaraq Nərimanov rayon Polis İdarəsində araşdırıldı və məhkəməyə göndərildi. Məhkəmədə də qanunsuz olduğu sübuta yetiriləcək. Ədalət zəfər çalar inşallah”.

“Report”un əldə etdiyi məlumata əsasən, ona verilən ittihama görə, Rasim İldırım jurnalist “Bakutime.az” saytının təsisçisi olan Zaur Mirzəzadə və Qoşqar Məmmədovla əlbir olaraq bir nəfər zərərçəkən şəxsə qarşı xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir.

Onlar barəsində Cinayət Məcəlləsinin 179.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

İş üzrə aparılan ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Fəxri Məmmədovun icraatında araşdırılacaq.

Qeyd edək ki, Rasim İldırımın bir qardaşı da “Əmrah Bank”ın təsisçisi Yunus İldırımzadədir.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

02.11.2024 14:49
1054