Komitədən Musavavt.com-un yazısına reaksiya: Sabiq deputatın binasındakı özbaşınalıq dayandırıldı

Sabiq deputat Mahir Aslanova məxsus MTK-nın inşa etdiyi binanın damında söküntü işləri aparılır. Söhbət Bakı şəhəri, Mirzə Fətəli Axundov küçəsi 175-177 ünvanlarında yerləşən binadan gedir. Bina “Kəpəz” MTK tərəfindən inşa edilib.

Musavat.com xəbər verir ki, bu vəziyytədən sakinlər narazıdır. Sakinlər bildirir ki, binanın damında söküntü işlərinin aparılmasında məqsəd mansard tikilməsinə hazırlıqdır.

“Binaların damları yaşayış üçün nəzərdə tutulmayıb. Lakin MTK rəhbərliyi yaşayış məqsədli mənzil düzəltmək üçün binaların damlarını tamamilə sökürlər. Gələcəkdə bu evləri alan vətəndaşlar çox böyük risk almış olacaqlar. Məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət ünvanlansa da tədbir görülmür”- deyə müraciətdə qeyd edilir.

Bu məlumat Musavat.com-da dərc edildikdən sonra Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları ərziyə baxış keçirib.

Komitədən bildirilib ki, məsələ ilə bağlı bu gün qurum tərəfindən əraziyə baxış keçirilib və razılaşdırılmamış işlərin həyata keçirildiyi müəyyən edilib.

“Aparılan işlər mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən dayandırılıb və aktlaşdırılıb. Həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq yerli səviyyədə şəhərsalma nəzarəti çərçivəsində müvafiq nəzarətin təmin edilməsi üçün aidiyyəti üzrə dövlət qurumlarına müraciət edilib”- deyə Komitədən bildirilib.

Qeyd edək ki, sabiq deputatın biznesinə “Happy inn” otel, “Kəpəz Hospital” və “Kəpəz Group” da daxildir.

 

İ.Muradov,


Musavat.com

01.04.2025 19:58
1712