Saatlıq minimum əməkhaqqına keçid maaş artımına necə təsir göstərəcək?

Saatlıq minimum əməkhaqqı ilə bağlı təkliflər hazırlanması əməyin qiymətləndirilməsi baxımından yeni mexanizmin hazırlanması mənasına gəlir.

Bu barədə Trend-in suallarını cavablayarkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

O qeyd edib ki, bu mexanizmin hazırlanması zaman tələb edən prosesdir.

"Çünki buradan bir tərəfdən aylıqdan saatlıq minimuma keçid, digər tərəfdən isə bəzi sektorlarda saatlıq əməkhaqqına keçid ayrıca yanaşma tələb edəcək.

Bir sıra inkişaf etmiş ölkələrdə saatlıq iş rejiminə keçid var. Bunun əsas üstünlüyü ondan ibarətdir ki, vətəndaş eyni zamanda bir neçə mənbədən əməkhaqqı ala bilir. Yəni öz fəaliyyətinin saat üzrə əməyi qiymətləndirilir. Eyni zamanda bir neçə qurumla əmək müqaviləsi bağlaya bilir. Bu baxımdan saatlıq əməkhaqqı rejiminə keçid maaş artımına təsir göstərə bilər. Saatlıq iş rejimin mahiyyəti vətəndaşın daha çox mənbədən əməkhaqqı almasına imkan yaradır. Bu konteksdən təbii ki, saatlıq iş rejiminin üstünlükləri var. Amma bu mexnizmin hazırlanması zaman tələb edənbir prosesdir. Sektoral yanaşma vacibdir", - deyə o əalvə edib.

Qeyd edək ki, "Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Əmək bazarı" işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı"nda Azərbaycanda saatlıq minimum əməkhaqqı ilə bağlı təkliflər hazırlanması öz əksini tapıb.

Belə ki, qrup aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi istiqamətində iş aparır.

Bununla yanaşı, qrupa minimum əməkhaqqının artırılması ilə bağlı təkliflərin hazırlanaraq, aidiyyəti üzrə təqdim edilməsi tapşırılıb. Minimum əməkhaqqı anlayışında sosial vəziyyətin nəzərə alınması ilə bağlı təkmilləşdirilmənin aparılması da qrupun fəaliyyət planına daxil edilib.

20.05.2024 20:40
2594