Rüşvətə görə həbs edilən hərbi komissar özünü təqsirli bilmir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin rüşvət almaqda ittiham olunan sabiq rəisi Rahim Ağayevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən iclasda ittiham aktı elan edilib.

R.Ağayev ona görə ittiham olunur ki, o, hərbi komissar işlədiyi müddətdə çağırışçının sağlamlıq vəziyyəti ilə əlaqədar həqiqi hərbi xidmətə yararsız hesab edilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşdan 8 min manat pul tələb edib. O, həmin pulun 5 min manatını rüşvət qismində alıb.

Eks-hərbi komissar ittihama münasibətdə özünü təqsirli bilməyib:

“İttihamda yazılanlarla əlaqəm yoxdur. Mən heç kimdən rüşvət almamışam”.

Proses noyabrın 20-də davam edəcək.

Qeyd edək ki, R.Ağayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

01.11.2023 18:44
2367