Rüşvət alarkən tutulan şöbə müdirinə hökm oxundu

Lənkəran Şəhər Rayonlararası Psixiatriya Xəstəxanasının keçmiş şöbə müdiri Nəsrəddin Nuriyevin məhkəməsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə N.Nuriyev Cinayət Məcəlləsinin 311.1 (rüşvətalma) və 313-cü maddələri (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilib. Məhkəmənin hökmü ilə ona 2 il rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası verilib. Onun cəzası 1 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib.

Qeyd edək ki, N.Nuriyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb. İstintaq müddətində o, ev dustaqlığında saxlanıb. Əməliyyatdan sonra N.Nuriyev tutduğu vəzifədən azad edilib.

11.12.2023 15:45
1515