Rus ordusu iki il yarımdan sonra Donetskin logistika mərkəzi olmayan şəhərinə çatıb və əvəzində minlərlə canlı qüvvə itirib; Donbasın tamamilə ilhaqı üçün ruslara daha neçə il lazımdır?
“Rusiya Ukraynaya qarşı klassik imperialist müharibəsi aparır. Və əgər ruslar işğal olunmuş ərazilərdə qalarsa, müharibə uzun illər davam edəcək”. “Yeni Müsavat” xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib. O bildirib ki, düşmən Ukrayna ərazisini dağıtmaq, əhalinin etnik tərkibini dəyişmək və Ukrayna vətəndaşlarının kütləvi qətllərini həyata keçirmək məqsədi güdür.
“Zaporojye, Xerson, Donetsk, Luqansk vilayətləri və Krım yarımadasının əraziləri qanuni və faktiki olaraq Ukraynaya məxsusdur”, - Podolyak vurğulayıb. ABŞ Müharibə Araşdırmaları İnstitutunun (ISW) son hesabatında deyilir ki, rus qoşunları Donetsk vilayətinin Uqledar şəhərini ələ keçirib. Bununla belə, işğalçıların yaxın gələcəkdə şəhərdən kənarda nə qədər sürətlə irəliləyəcəyi bəlli deyil.
Amerikalı mütəxəssislərin fikrincə, Uqledarın işğalı çətin ki, hücum əməliyyatlarının gedişatını kökündən dəyişsin, çünki şəhər xüsusilə mühüm logistika mərkəzi deyil. 30 sentyabr və 1 oktyabr tarixli geolokasiya videoları rus işğalçılarının Uqledarın müxtəlif yerlərindəki dağıntıların üzərinə öz bayraqlarını taxdıqlarını göstərir. Oktyabrın 1-də rus blogerlər şəhərin işğal edildiyini elan ediblər. Həmin gün ukraynalı hərbçilər bildiriblər ki, mühasirəyə düşməmək üçün Uqledardan planlı şəkildə geri çəkiliblər. Analitiklər xatırladırlar ki, ruslar Uqledarı yalnız 2,5 illik uğursuz hücumlardan sonra işğal edə biliblər. Rusiya Federasiyası 2022-ci ilin oktyabr-noyabr və 2023-cü ilin yanvar-fevral aylarında Uqledarı ələ keçirmək üçün ən azı iki böyük hücum cəhdi həyata keçirib. Bunların hər ikisi şəxsi heyətin və hərbi texnikanın böyük itkisi ilə nəticələnib.
Xüsusilə şəhərin yaxınlığında rus dəniz piyadalarının 155-ci briqadası tamamilə məhv edilib. Bəzi rus mənbələri Uqledarın ələ keçirilməsindən dərhal sonra rus qoşunlarının sürətlə irəliləyə biləcəyinə və əməliyyat baxımından əhəmiyyətli irəliləyişlərə nail olacağına şübhə ilə yanaşırlar. Eyni zamanda rus bloqerlər Uqledarın ələ keçirilməsindən sonra Ukrayna cəbhə xəttinin çökəcəyini gözləmədiklərini qeyd ediblər. Rusiyanın Uqledarı ələ keçirməsi çətin ki, Donetsk bölgəsindəki hücum əməliyyatlarının gedişatını kökündən dəyişsin, çünki Uqledar xüsusilə vacib logistika mərkəzi deyil.
Donetsk vilayətinin hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin deyib ki, rus işğalçıları Donetsk vilayətinin Uqledar şəhərinin mərkəzinə çatıblar. O qeyd edib ki, Uqledarda 107 mülki şəxs qalıb, bütün uşaqlar çoxdan şəhərdən təxliyə olunub. Filaşin əlavə edib ki, humanitar yardım, içməli su və dərman almaq üçün orada olan insanlara çatmaq çətindir: “Toretskdə çətin humanitar vəziyyət yaranıb, burada yaım min dinc sakin qalıb. Düşmən şəhərə gedən bütün yolları atəşə tutduğundan humanitar yardım almaq çətindir. Pokrovskdan insanların təxliyəsi davam edir. Hazırda şəhərdə 14 min insan və 105 uşaq qalıb”. Həmçinin qeyd edib ki, Çasov Yar şəhərində 441 nəfər qalıb: “Vəziyyət kifayət qədər mürəkkəb və təhlükəlidir. İnsanlar şəhəri tərk etmək istəmirlər. Düşmən Donetsk vilayətini dayanmadan atəşə tutur. Bu bölgədə qalmaq təhlükəlidir. Ona görə də məcburi təxliyə işləri davam edir”.
Rus ordusu Baxmut və Avdeyevkanı da minlərlə hərbçisini qurban vermək naminə işğal edə bilmişdi. Hətta “Vaqner” rəhbəri Priqojin o zaman demişdi ki, Baxmutda 50 min əsgər ölüb, onun 30 mini Rusiya Silahlı Qüvvələrinə aiddir. Yəni ruslar Donbasın tamamilə ilhaqı üçün 3 il ərzində yüzminlərlə hərbçi itiriblər, amma hələ də Donetsk və Luqanskın inzibati mərkəzlərinə tam çata bilməyiblər. Bu da onu deməyə əsas verir ki, ruslar NATO-dan hərbi yardımla təchiz olunan Ukrayna ilə daha neçə il döyüşməli olacaqlar. Yəni üç ilə Donbas tamamilə ələ keçirilməyibsə, rus ordusuna daha neçə il lazımdır. Ukrayna isə Kursk əməliyyatı ilə ümid edirdi ki, ruslar Pokrovski və digər cəbhələrdən müdafiə üçün qüvvələrini geri çəkməli olacaq. Amma Rusiya Baş Qərargahı Kurskda düşdükləri vəziyyətə baxmayaraq, Donetskdə hərbi əməliyyatları gücləndirdi.
Qabil Hüseynli
Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, təşəbbüsün ruslarda olduğu görünə bilər, lakin münaqişə qlobal mahiyyət kəsb edir: “Bu savaşın miqyasına baxanda iki il yarıma Uqledarın, 10 aya Baxmutun işğalı nəticəni dəyişmir. Rusiyanın torpaq qazancı müqabilində itirdiklərini bir tərəziyə qoymaq lazımdır. Əvvəla, Rusiya müharibəni strateji olaraq uduzub. Hazırda sanksiyalar, izolyasiya, Haaqa məhkəməsinin qərarı, işğalçı adı... Bütün bunlar Rusiyaya lazım idimi? Yəni ucsuz-bucaqsız ərazilərə malik olan bu ölkənin Baxmuta, Uqledara, Melitopola ehtiyacı var idi? Ona görə də məsələyə təkcə torpaq işğalı kimi yanaşmağın tərəfdarı deyiləm. Bu, qlobal və geopolitik toqquşmadır. Rusiyanın dünyanın yeni nizamı quruculuğu prosesi başa çatdıqdan sonra siyasi arenada yeri müəyyən olunacaq. Dava bunun üstündə gedir”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”