Rusiyalılar həm xarici, həm də yerli banklarda və valyutadəyişmə məntəqələrində nağd dollar qəbul etməkdən imtina ilə üzləşiblər.
Musavat.com xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta”ya Rusiya Turoperatorları Assosiasiyası (ATOR) məlumat verib.
Turizm sənayesi ekspertləri xəbərdarlıq ediblər ki, hazırda Türkiyə, Misir, Tayland, BƏƏ, Ermənistan və bəzi məşhur istirahət və ezamiyyət istiqamətləri yeni dollar əskinaslar (“mavi”) tələb edir. Üstəlik, əskinaslar mükəmməl vəziyyətdə olmalıdırlar, üstünd kənar yazılar, cızıqlar və ləkələr olmamalıdır.
ATOR-un vitse-prezidenti Artur Muradyan bu problemi “ağrılı mövzu” adlandırıb. O, nə ABŞ Xəzinədarlığının, nə də Federal Ehtiyat Sisteminin bununla bağlı heç bir açıqlama vermədiyini, köhnə tipli dollarların dövriyyədən çıxarılmadığını da vurğulayıb.
O deyib ki, xarici bankda bir rusiyalı turistin köhnə üslublu dollarlarını yalnız beş faiz endirimlə qəbul etdiklərindən xəbəri var.
Muradyan bildirib ki, Rusiyadan gələn turistlər 2023-cü ildə nağd dollarla bağlı çətinliklərdən daha çox şikayət ediblər, çünki bu, onlar üçün “xoşagəlməz sürpriz” olub. İndi şikayətlər xeyli azalıb. Lakin bu, yalnız ona görə baş verib ki, turizm agentləri müştərilərə bu barədə əvvəlcədən xəbərdarlıq etməyə başlayıblar.
"Bu vəziyyətin necə və nə vaxt həll oluna biləcəyi bəlli deyil", - deyən ekspert əlavə edib ki, köhnə əskinasların daha tez-tez saxtalaşdırıldığına dair versiya var, lakin bunlar yalnız fərziyyələrdir.
Musavat.com