Rusiyaya “xoxan”, Qərbə “pisliklərə bais” deyənlər...

Azərbaycan heç kimdən asılı dövlət olmadığı üçün kimsə “bizim yanımızda dayanın” deməyə cəsarət edə bilmir

Rusiya prezidenti Vladmir Putinin Azərbaycana iki günlük səfərinin məqsədi və yekunları haqda  müzakirələr belə görünür ki, yaxın bir neçə gündə də davam edəcək. Əlbəttə, bəzi Qərb KİV-ləri, eləcə də hələ də Azərbaycana münasibətdə yanlış siyasətindən əl çəkməyən qonşularımız “öz arşını” ilə qiymətləndirmə edəcək ki, bu da onların öz işidir.

Kimlərin hansısa mənfi rəyindən asılı olmayaraq gerçəklik budur ki, Azərbaycan regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə yönəlmiş siyasətini davam etdirir və Rusiya liderinin səfəri hər şeydən öncə bu kontekstdə qiymətləndirilməlidir. 

Qərb dünyası ilə gərgin münasibətlərindən asılı olmayaraq, Rusiya regionun böyük ölkələrindən biridir, Azərbaycanla tarixən sıx iqtisadi-ticarət, siyasi, humanitar əlaqələrə malikdir. Rusiya dünyanın aparıcı dövlətləri sırasına daxildir, BMT TŞ-nin 5 daimi üzvündən biridir və çoxqütblü dünya nizamında öz yerini qoruyub saxlayır.

Azərbaycan dövlət siyasətində  dünyada hegemonluğun deyil, bərabər əməkdaşlıq prinsipinə sadiqliyini bəyan edib. Azərbaycanın müstəqil siyasəti, öz milli maraqları çərçivəsində bütün tərəflərlə əməkdaşlığı inkişaf etdirməsi prinsipinə  söykənir. Azərbaycan heç kimdən asılı dövlət olmadığı üçün kimsə “bizim yanımızda dayanın” deməyə cəsarət edə bilmir. Bu da ölkəmizin xüsusilə  xarici siyasətdə və diplomatiyada manevr imkanlarını artırır. Rusiyadan “xoxan” düzəltmək istəyən qüvvələr bəllidir. Eləcə də Qərbi “bütün pisliklərə bais” kimi göstərənlər də az deyil. Amma Azərbaycan bu siyasətində üstün və ədalətli mövqedədir. Azərbaycanın həm Qərblə, həm də Rusiya və digər ölkələrlə yaxşı əlaqələri vardır. Azərbaycan həm BRİKS, ŞOS kimi platformalarda iştirak edir, həm də Avropa İttifaqı və Qərbin digər qurumları  ilə əməkdaşlıq edir. Qoşulmama Hərəkatının fəal üzvlərindən biri kimi Azərbaycan hərbi-siyasi platformalara qoşulmur. Bu da ölkəmizə mümkün riskləri minimallaşdırır.       

Azərbaycan-Rusiya əlaqələri də dövlətlərin bir-birinin daxili işlərinə müdaxilə etməmək, qarşılıqlı iqtisadi əlaqələrə söykənən əməkdaşlıq prinsipləri əsasında qurulub və inkişaf edir. Hər iki ölkə bu səbəbdən dövlətlərarası əlaqələrin indiki durumundan məmnundur.           

Prezident İlham Əliyevin beynəlxalq arenada yürütdüyü siyasət, məharətli diplomatiyası,  həm də  Rusiya ilə qurulmuş düzgün münasibətlər  nəticəsində Azərbaycan qarşısında duran tarixi vəzifələri həllinə nail oldu, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Putinin səfəri göstərdi ki, Azərbaycan öz seçimində kiməsə tərəf deyil, dövlətin maraqlarını üstün tutan siyasətini davam etdirir.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açılqlamasında bildirdi ki, Rusiya və Azərbaycan prezidentlərinin Bakıda müzakirə etdiyi əsas mövzulardan biri “Şimal-Cənub” layihəsi olub: “İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə mətbuata bəyanatında deyib ki, "Şimal-Cənub" layihəsi Bakı və Moskvanın dövlətlərarası münasibətlərində müstəsna əhəmiyyətə malikdir. İlham Əliyev bu mövzuda fikrini belə tamamlayıb ki, Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Dövlət başçısının sözlərinə görə, Azərbaycan hazırkı məqamda dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuldur. İlham Əliyev Azərbaycanın bu dəhlizlə ildə 15 milyon ton və daha çox yükün daşınması imkanlarından danışıb.

Bu mövzu Rusiya üçün də aktualdır. Ukrayna müharibəsi fonunda Rusiya Asiya bazarına məhz “Şimal-Cənub” dəhlizindən çıxmaq istəyir. Azərbaycan üzərinə düşəni edib. İran ərazisindəki dəmir yolu modernləşdirilməli və Hindistanın gələcəkdə bu marşrutdan istifadəsi təmin olunmalıdır. Çünki Ermənistanın da adı “Şimal-Cənub” nəqliyyat dəhlizində çəkilir. Halbuki Azərbaycandan fərqli olaraq Ermənistan ərazisində yol infrastrukturu modernləşdirilməyib, bunun üçün layihələr reallaşdırılmayıb. Azərbaycanın üstünlüyü həm də ondan ibarətdir ki, Rusiya “Şimal-Cənub” nəqliyyat dəhlizində illərin sınağından keçmiş Azərbaycan ərazisindən istifadəyə üstünlük verir".

Yusif Bağırzadə: "Bu hadisə bir daha onu göstərir ki, Azərbaycanda hamı  qanun qarşısında bərabərdir"

Yusif Bağırzadə

Politoloq Yusif Bağırzadə  isə hesab edir ki, Putinin səfərində bir sıra siyasi, regional, beynəlxalq məsələlərlə yanaşı, həm də iqtisadi məsələlər geniş şəkildə müzakirə olunub: “Məlumdur ki, Rusiya Ukraynaya girdikdən sonra Qərbin qoyduğu sanksiyalara görə Avropa ölkələrinə ixracı faktiki olaraq dayanıb. 2025-ci ilin yanvarın 1-dən isə "Qazprom"un Ukrayna ərazisindən Avropa ölkələrinə qaz ixracının müqaviləsi bitir. Bu isə Rusiyanı təbii olaraq öz qazı üçün yeni müştərilər tapmağa məcbur edir.

Azərbaycanın Avropa ölkələrini qazla təchiz etmək üçün Avropa İttifaqı ilə razılaşması mövcuddur. Bu razılaşmaya görə Avropa ölkələrinə nəql edilməsi üçün daha çox qaz ixrac edilməsi razılaşdırılıb. Düşünürəm ki, məhz bu məsələ, yəni enerji məsələsi Vladimir Putinin Azərbaycana hazırkı səfərində əsas hədəflərdən oldu. Hətta gələcəkdə qaz nəqli ilə bağlı yeni sənəd də imzalana bilər. Bu bizim də maraqlarımıza cavab verir. Azərbaycan Rusiyadan ucuz qiymətə aldığı qazı daxili bazarı təmin etmək üçün istifadə edərək Avropaya ixrac olunan Azərbaycan qazının həcmini artıra bilər.

Müzakirələrin digər predmeti də Qərbin Ermənistanda möhkəmlənməsi fonunda regionda yarana biləcək gərginlik olub. Rəsmi Moskva Qərbin Ermənistanda möhkəmlənməsini özü üçün təhlükə olaraq görür və gec-tez Ermənistan tərəfdən rus hərbi bazalarının Ermənistan ərazisindən çıxarılması haqqında tələblərin ola biləcəyi də ehtimal edilir. Odur ki, regionda möhkəmlənmək və öz mövqeyini qoruyub saxlamaq üçün yollar axtarır.

Putin Bakıda dedi ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin hazırkı vəziyyəti diqqətdən kənarda qalmayıb, Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına və məlum üçtərəfli sazişlər əsasında sülh müqaviləsinin bağlanmasına hər cür yardım edəcək.

Vladimir Putinin bu açıqlamasından bir neçə saat sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanı üçtərəfli sənədləri sabotaj etməkdə günahlandırdı. Nazir deyib ki, Moskva Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə bağlanmasının və kommunikasiyaların açılmasının tərəfdarıdır. Nazir qeyd etdi ki, üçtərəfli görüşlər və sənədlər çərçivəsində qoyulan təməl tam olaraq aktuallığını qoruyur.

Rusiya prezidentinin və xarici işlər nazirinin Ermənistana yönəlik bu mesajları artıq ermənilərdə “10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndini oxuyun. Azərbaycan bunu mütləq həyata keçirəcək” kimi fikir yaradıb. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi, general Movses Akopyan 168.am saytına müsahibəsində deyib ki, Bakının 10 noyabr üçtərəfli bəyanatın 9-cu bəndini həyata keçirəcəyinə şübhə yeri qalmayıb". 

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin tərəfindən 2020-ci ilin 10 noyabrında imzalanan bəyanatın 9-cu bəndinə əsasən, regionda bütün iqtisadi və nəqliyyat əlaqələri blokadadan çıxarılmalı, Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında vətəndaşların, nəqliyyat vasitələri və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkilinə zəmanət verməlidir. Zəngəzur dəhlizinə nəzarət isə Rusiya FTX-nin Sərhəd Xidmətinə həvalə olunub. Bəyanatda habelə vurğulanır ki, Azərbaycan və Ermənistan arasında razılaşmaya əsasən, Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.

Ancaq Ermənistan hələ də sənədin bu bəndini yerinə yetirməyib. İrəvan müxətlif bəhanələrlə imzası olan sənədin tələbini həyata keçirməkdən yayınır. Üçtərəfli bəyanatın 4-cü bəndini də Ermənistan həyata keçirməmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan 23 saatlıq anti-terror tədbiri ilə Qarabağdakı Ermənistan silahlı qüvvələrinin birləşmələrini və erməni terror qruplarını zərərsizləşdirdi və ərazimizdən çıxardı. Bununla da 4-cü bəndin tələbi həyata keçirilmiş oldu.

Hərbi polis də NATO standartlarına uyğun qurulmalıdır” – Keçmiş hərbi polis  rəisi

Rövşən Məhərrəmov

Məsələ ilə bağlı hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov bildirdi ki, növbə 10 noyabr üçtərəfli bəyanatının 9-cu bəndini həyata keçirməyə çatacaq. Çünki Ermənistan bu tələbi yerinə yetirməkdən faktiki olaraq imtina edir: “Azərbaycan 9-cu maddənin tələblərinin yerinə yetirilməsi üçün üzərinə düşən öhdəliyi yerinə yetirib. Yəni yolun Azərbaycan hissəsindən keçən hissəsini inşa edib. Ermənistan isə bu günə qədər öhdəliyinin yerinə yetirmək istiqamətində heç bir addım atmayıb. 10 noyabr bəyanatını məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin imzalayıb. Rusiya qarant dövlət kimi imzalayıb. Ermənistanın həmin sənədin hər hansı maddəsini yerinə yetirməməsi həm də Rusiyaya qarşı saymazlıqdır. Ona görə də Rusiya bir qarant dövlət kimi üçtərəfli bəyanatın 9-cu maddəsinin icrasının reallaşdırılmasına nail olmalıdır. Rusiya isə maraqlıdır ki, bunun üçün praktiki addım atmır. Necə ki, həmin sənədin 4-cü maddəsinin tələbləri Ermənistan tərəfindən yerinə yetirilməyəndə Rusiya susurdu, indi də eyni vəziyyətdir. Azərbaycan 3 ilə yaxın gözlədi və tam əmin olanda ki, Ermənistan 4-cü maddənin tələbini yerinə yetirmək fikrində deyil və Rusiya da Ermənistanı buna məcbur etmir, məsələni özü həll etməli oldu.

Güman edirəm ki, Azərbaycandan çox Rusiya üçtərəfli bəyanatın 9-cu maddəsinin icrasını həyata keçirmək üçün hərəkətə keçməlidir. Putinin və Lavrovun Bakıda verdiyi açıqlamalara əsaslansaq hesab edirəm ki, bu istiqamətdə Rusiya tərəfindən Ermənistana təzyiqlər olacaq".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

21.08.2024 10:47
333