Rusiyaya qarşı sanksiyalar Azərbaycandan fındıq ixracını azaltdı

Assosiasiya rəhbəri bildirir ki, yeni bazarlar axtarmırlar, çünki məhsulları sata bilirlər, builki məhsul gələn ilə qalmır

2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan bir sıra kənd təsərrüfatı məhsullarının ixracında azalma qeydə alınıb. Dövlət Statistika Komitəsindən “Yeni Müsavat”a verilən məlumata əsasən, 9 ayda Azərbaycandan 72 milyon 194 min dollar dəyərində 11 min 943 ton fındıq ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 8 milyon 47 min dollar və ya 10 faiz, həcm baxımından 4 min 247 ton, yaxud 26,2 faiz azalma deməkdir. Xatırladaq ki, 2023-cü ilin  9 ayında Azərbaycandan 80 milyon 842 min dollar dəyərində 16 min 190 ton fındıq ixrac olunmuşdu.

Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucovun dediyinə görə, adətən ən çox məhsulun toplanıldığı Qax-Zaqatala bölgəsində bu il bir neçə dəfə dolu yağdığından məhsuldarlıq aşağı düşüb. Lakin yeni salınan bağların məhsuldarlığı artdığından ümumilikdə bu il də məhsuldarlığın ötənilki kimi olacağı gözlənilir: “Yəni təxminən orta hesabla 65-70 min ton qabıqlı fındığın istehsal ediləcəyi gözlənilir. Fındıq ləpəsinin nə qədər olacağı daxili bazardan çox asılıdır. 70 min ton fındıqdan 25 min ton ləpənin emal ediləcəyini gözləyirik. Onun bir hissəsi daxili bazar üçün nəzərdə tutulacaq. Düşünürəm ki, ixrac edəcəyimiz ləpənin çəkisi 19-20 min tonu keçəcək”(Vergiler.az).

Qeyd edək ki, fındıq Azərbaycanda baş verən 2014-2015-ci illər maliyyə böhranından sonra ölkəyə valyuta gətirəcək məhsul kimi ixracının stimullaşdırıldığı məhsullardan biridir. Fındıq bağlarına dövlət tərəfindən ilk 4 ildə subsidiya verilir. Dövlət dəstəyi, həmçinin ixracın gəlirli olması qısa müddətdə fındıqçılığa marağı qat-qat artırıb. Fındıq bağlarının sahəsi 2015-ci ildəki, 32,7 min hektardan 2023-cü ildə 81,8 min hektara, fındıq istehsalı isə 32,6 min tondan 75,4 min tona yüksəlib. Fındıq ixracının həcmi isə 2021-ci ildəki 19,5 min tondan 2023-cü ildə 23,4 min tona qədər artıb.

Azərbaycan fındığı əsasən Rusiya, Almaniya, İtaliya, İsveçrə və Fransa, qismən Körfəz ölkələrinə ixrac olunsa da, 2023-2024-cü illərdə Ukrayna, Belçika, Estoniya və İsrail kimi yeni ölkələrə də ixraca başlanıb.

Fındıq ixracında artıb-azalma periodik olaraq qeydə alınır. İxracatçılar bunun bir neçə səbəbini göstərirlər. Bildirilir ki, Azərbaycanın məhsulu dünya fındıq bazarında tam rəqabət apara bilmir. Səbəbi isə rəqib olan ixracatçı ölkələr üçün Avropa Birliyi tərəfindən xüsusi gömrük güzəştlərinin tətbiqidir. Belə ki, Azərbaycan Avropa Birliyinə emal olunmuş fındıq ixrac edəndə 3.2-11.8 faiz gömrük vergisi tətbiq olunur, amma rəqib ölkələr, xüsusilə Türkiyə və Gürcüstan üçün bu rüsumun səviyyəsi sıfırdır. Bu, Azərbaycan fındığının Avropa kimi ən böyük bazarda rəqabət qabiliyyətini kəskin şəkildə aşağı salır. Buna görə də ixracatçılar məhsulu yalnız iri qablaşdırma formasında - çəkisi 40 kq-dan 1 tona qədər olan polipropilen kisələrdə, çəkisi 5 kq-dan 25 kq-a qədər olan vakuum polipropilen qablaşdırma üsulu ilə qənnadı fabriklərinə ixrac etməklə kifayətlənirlər. Belə formada  - topdansatış kimi qablaşdırma forması Avropa standartlarına cavab verir və əlavə rüsuma cəlb olunmur. Amma fındığın son emal məhsulunu kiçik qablaşdırmada Avropaya ixrac etmək üçün 11,8 faiz vergi ödəməli olurlar. Bu səbəbdən Avropaya yalnız çiy ləpə ixrac edilir. Bunun nəticəsidir ki,  digər kənd təsərrüfatı məhsulları kimi Azərbaycan fındığının da ən böyük alıcısı Rusiyadır. Lakin Ukraynadakı müharibəyə görə tətbiq olunan sanksiyalar üzündən bu ölkəyə ixrac həcmi düşür. Rəsmi statistikaya görə, 2023-cü ilin 8 ayında Rusiyaya 7079,07 ton qabıqsız meşə fındığı ixrac olunmuşdusa, 2024-cü ilin eyni dövründə göstərici 6177,19 tona qədər azalıb. İ.Orucovun dediyinə görə,  logistika baxımından Rusiya Azərbaycana yaxın ölkə olsa da, son illərdə onun iqtisadi dayanıqlılığı zəif olduğundan, valyuta mübadiləsində ödənişlər rublla həyata keçirildiyindən ixracatçılar böyük zərərlə qarşılaşırlar: “Rusiyaya satışlarımız çətinləşir, çalışırıq ki, Avropa bazarındakı satışlarımızı artırmaqla Rusiya bazarından asılılığımızı maksimum dərəcədə azaldaq. Əlbəttə ki, bu azalma tam mümkün olmayacaq, çünki Rusiya böyük dövlətdir, onun illlik fındıq tələbatı orta hesabla 25 min tona yaxındır. Son illərdə müharibə ilə əlaqədar tələbatda bir qədər azalma var, amma bura yenə də ixracatçılar üçün böyük bazar sayılı”.

Maraqlıdır ki, Rusiyada yaranan problemlərə baxmayaraq, bu il də Azərbaycan fındığının əsas bazarlarının dəyişməyəcəyi gözlənilir. Assosiasiya rəhbəri bildirir ki, yeni bazarlar axtarmırlar: “Çünki zatən məhsullarımızı sata bilirik, builki məhsulumuz gələn ilə qalmır. Biz xaricə yarımfabrikat məhsul satırıq, o məhsul təkrar emala gedir və dünyaca məşhur olan, bu sahə üzrə ixtisaslaşmış İtaliya, Almaniya, Fransa şirkətləri tərəfindən şokoladların istehsalında istifadə edilir. Avropa Birliyi natural fındığa 3,2 faiz, emal edilmiş, yəni qovrulmuş, doğranmış fındığa 11,8 faiz gömrük rüsumu tətbiq edir. Azərbaycanın rəqibləri isə həmin məhsulları sıfır dərəcə rüsumla ixrac edirlər. Bu, əlbəttə ki, bizim rəqabət qabiliyyətimizə təsir edir”.

Qeyd edək ki, ixracatçıların Rusiyadankənar əlavə bazarlar axtarmaması, belə bazarlara çıxış üçün çalışmaması böyük ehtimalla, bu ilin 8 ayında ixracdakı azalmanın əsas səbəblərindən biridir. Hətta sanksiyalara görə ödənişlərdə problem yaranmasa belə, Rusiya kimi özünü tam etibarsız bir tərəfdaş kimi tanıdan bir ölkənin bazarından böyük ölçüdə asılı olmaq heç bir halda nə biznesin, nə də dövlətin maraqlarına cavab verməyən haldır...

Yazını hazırladı: Dünya SAKİT

 

19.10.2024 08:13
496