Bu gündən G7 və Avropa İttifaqı ölkələrinə çəkisi 0,5 karatdan yuxarı olan Rusiya almazlarının, eləcə də sintetik almazların idxalına qoyulan məhdudiyyətlər qüvvəyə minib.
Musavat.com xəbər verir ki, Rusiya ekspertləri bu qadağanın qlobal almaz bazarında dalğalanmalara səbəb olacağını gözləyirlər.
2024-cü il yanvarın 1-dən Rusiya almazlarının və çəkisi 1 karat və ya daha çox olan cilalanmış brilyantların G7 ölkələrinə və Avropa İttifaqına idxalına qoyulan məhdudiyyətlər qüvvəyə minib. 2024-cü il martın 1-dən etibarən üçüncü ölkələrdə rus almazlarından kəsilmiş 1 karatdan yuxarı brilyantların Aİ və G7 ölkələrinə idxalı qadağan edilib. İndi embarqo genişlənir və Rusiyadan çəkisi 0,5 karatdan çox olan kobud və cilalanmış almaz məhsullarına, eləcə də sintetik almazlara təsir göstərir.
2025-ci il martın 1-dən Aİ-nin almazların idxalının izlənməsi sistemi işə düşəcək. Bu, Rusiyadan alınaraq kənar ölkələrdə cilalanan almaz və brilyantların tam izlənərək Aİ-yə idxalının qarşısını almağa imkan verəcək.
Musavat.com