Rusiyaya gedən azərbaycanlılara görün nə qadağa qoyuldu - Bundan sonra İCAZƏ VERİLMƏYƏCƏK

Ekspert hesab edir ki, Azərbaycana böyük axın olmayacaq, amma baş verərsə...

Azərbaycandan Rusiyaya işləməyə gedən çox sayda vətəndaşlarımız var. Onların sayı yüzminlərlədir.  Ötən ilin payızında Rusiyada qanunvericiliyə edilən dəyişikliyə əsasən, qeydiyyata düşməyən miqrantlara ölkə ərazisində avtomobil idarə etmək, mobil nömrəyə, bank hesabına sahib olmaq, banklar vasitəsilə pul köçürmək, daşınmaz əmlak almaq, hətta yerli vətəndaşlarla nikaha girmək qadağan olunub. (Bizim.yol) 

Rusiyada yaşayan azərbaycanlılar daha ailəsini ora apara bilməyəcək. Yəni ailə birləşməsi həyata keçirmək mümkün olmayacaq. Belə ki, Dövlət Dumasına əmək miqrantlarının Rusiyada ailələri ilə birləşməsini qadağan edən qanun layihəsi təqdim olunub. Liberal Demokrat Partiyasından olan deputatların hazırladığı sənəd əmək lisenziyası olan şəxslərin yaxınlarını ölkəyə gətirməyi qadağan edir. LDPR-in rəhbəri Leonid Slutski deyib ki, əmək miqrantlarını ailə üzvləri vətəndə gözləməlidir: “Rusiyaya gələndə işləyən əcnəbilərin qohumları kompakt anklavlarda yaşayır, öz dillərində danışır, yerli adamlara laqeyd yanaşırlar”.

Qeyd edək ki, Rusiya uzun illərdir Azərbaycanda iş tapmayan insanların üz tutduğu əsas ölkədir. Rusiya miqrasiya orqanları onların geridönüşünün başlandığını qeydə almaqdadır. Bu isə Azərbaycanın əmək bazarı üçün yaxşı heç nə vəd etmir: ölkədə real işsizlik səviyyəsi yüksək olaraq qaldığı ərəfədə  minlərlə əmək qabiliyyətli insanın bazara daxil olması çox mənfi nəticələrə səbəb ola bilər.

Yada salaq ki, 2024-cü il yanvarın 7-dən Rusiyada işləmək üçün patent alan əcnəbi vətəndaşlar, onun verildiyi tarixdən iki ay ərzində Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanına işə qəbul haqqında bildiriş təqdim etməlidirlər. Bu, şəxsən, poçt vasitəsilə və ya Dövlət Xidmətləri vasitəsilə edilir. Bildirilir ki, əcnəbi vətəndaş patent verildiyi gündən iki ay ərzində işə qəbul barədə bildiriş təqdim etməyə borcludur. Qanun qüvvəyə minməmişdən əvvəl əcnəbilər üçün patent verildiyi andan iş müddəti məhdud deyildi. Onlar bu sənədin pulunu ödəyə və qanuni olaraq Rusiyada qala bilərdilər. Hazırda isə Daxili İşlər Nazirliyi onlar üçün vahid bildiriş forması tətbiq edib. Şöbə üçün sənədlər paketinə əmək müqaviləsinin surəti də daxil edilməlidir. Əgər əcnəbi işəgötürənlə şifahi müqavilə bağlayıbsa, o zaman bu da göstərilməli, tam olaraq hansı xidmətlərin göstərildiyini təsvir etməlidir. Bu qaydalara əməl edilməməsi patentin ləğvi ilə nəticələnəcək.

Azər Allahverənov: Azərbaycanın növbəti beynəlxalq uğuru qürurvericidir -  "İki sahil"

 Azər Allahverənov 

“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib. O deyib ki, bu Azərbaycandan gedən miqrantların hüquqi statusları ilə bağlı olan və hüquqi statuslarından irəli gələrək həllini tapan məsələlərdir:  “Amma bunlar fərqli anlayışlardır. Əgər bir şəxs ölkə ərazisində qanuni əsaslarla müvəqqəti yaşayırsa, həmin şəxslərə ölkə ərazisində yaşamaq icazəsi verilərsə, həmin o məsələlər çox asan şəkildə öz həllini tapır. Bank əməliyyatları, qeydiyyata düşmə və s. kimi məsələlər sırf qanunla tənzimlənir, yalnız bir şərtlə-vətəndaşın ölkə ərazisində yaşaması qanuni şəkildə baş versin. Şəxs qeyri-qanuni şəkildə ölkədə yaşayırsa, təbii ki, o imkanlardan məhrum olur. Bu da başadüşüləndir. Şəxsin ölkə ərazisində qeyri-qanuni şəkildə yaşaması qanundan kənarda olması deməkdir. Dövlət özü maraqlıdır ki, həmin şəxs ölkə ərazisində qanuni şəkildə yaşasın. Bu olduğu halda dövlət tərəfindən yaradılan sosial təminatları həyata keçirilmiş olur”.

O ki qaldı azərbaycanlıların ailələrini ora apara bilməməsi məsələsinə, ekspert deyib ki, şəxs ölkə ərazisində qanuni əsaslarla yaşayırsa, dövlət onun üçün zəruri imkanlar yaradır: “Şəxsin ailə üzvləri onun üzərindən qeydiyyata düşürlər, onlar məktəblərə yazılırlar, sosial təminat paketi ilə təmin olunurlar. Hazırda qayda belədir. Amma  Liberal Demokrat Partiyasından olan deputatların hazırladığı sənədin qəbul olunmasından narahatam. Burada ciddi arqumentlər irəli sürürlər. Burada əmək lisenziyası olan şəxslərin yaxınlarını ölkəyə gətirməyi qadağan edilir. Orada şərt belə qoyulur ki, əgər şəxs qanuni şəkildə əmək fəaliyyəti ilə məşğul olursa, o bütün fikrini, öz əmək fəaliyyətinə yönləndirməlidir, ailə üzvlərinin ölkə ərazisində qalması üçün addım ata bilməz. Hesab edilir ki, ailə üzvləri dövlət üçün əlavə yükdür. Təbii ki, burada hədəf Azərbaycan vətəndaşları deyil. Rusiyanın müvafiq qurumlarının verdiyi məlumata görə, orada əmək müqaviləsi ilə işləyən azərbaycanlıların sayı təqribən 200 mindir. Amma orada yüz minlərlə Mərkəzi Asiya respublikalarından miqrantlar var. Misal üçün, Tacikistandan 700-800 mindən çox miqrantın olduğu bildirilir, onların da yarıdan çoxu əmək fəaliyyəti ilə məşğuldur. Yerdə qalan hissəsi onların ailə üzvləridir. Çindən milyonlarla miqrant Rusiya ərazisində yaşayır, hətta iki milyondan üç milyona qədər miqrantın olduğu bildirilir. Təbii ki, bu, Rusiya hökuməti üçün əlavə yükdür. Rusiya hökuməti bu yükdən azad olmaq üçün əmək fəaliyyəti ilə məşğul olan miqrantların ailə üzvlərinin aparılmasının qarşısını almaq istəyir. Hətta bu gün məsələ qaldırılır ki, məktəblərdə yeni qayda tətbiq etmək lazımdır. Siniflərdə 10 faizdən yuxarı miqrant olmasın. Bu təklif artıq Dumada müzakirəyə çıxarılıb. Miqrantların kompakt yaşadığı ərazilərdə məktəb siniflərində təhsil alan uşaqların çoxu miqrant ailələrindən olan uşaqlarıdır. Onlar  da rus dilini öyrənməyə maraqlı deyillər. Bu da adaptasiyanı, inteqrasiyanı çətinləşdirən haldır. Ona görə dövlət fikirləşir ki, sinifdə şagirdlərin 50 faizdən çoxu miqrantdırsa, bu, yolverilməzdir”.  

A.Allahverənov hesab edir ki, Rusiyadan Azərbaycana böyük axın baş verməyəcək: “Amma baş verərsə, təbii ki, bu, əmək bazarında müəyyən gərginliyə səbəb olar. Ən azı ona görə ki ölkədə işsizlik var, dövlət qurumlarının açıqladığı statistik məlumatlar var. Bayaq qeyd etdim, 200 min azərbaycanlı Rusiyada əmək fəaliyyəti ilə məşğul olur. Açığı inanmıram ki, bunların hamısı Azərbaycana geri dönsün. Ola bilsin, 15 faizi qayıda bilər. Amma bu da əmək bazarında çox ciddi gərginliyə səbəb olmayacaq. Çünki qayıdan insanlarla təmasımız olur və onlar arasında da biznes strukturlarında çalışan, müəyyən kapitalla gələn insanlar olur ki, çox rahat şəkildə bazarda özlərinə yer tuta bilirlər. Kimisi kiçik biznes qura bilir və sairə. Misal üçün, Tacikistan hökuməti bununla bağlı çox narahatdır, çünki 700-800 min miqrantdan söhbət gedir. Bizdə elə bir vəziyyət yoxdur, bizim miqrantların sayı da o qədər deyil. Bizim vətəndaşların əksəriyyəti Rusiya vətəndaşlığını da qəbul ediblər”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

23.08.2024 09:02
3730