Rusiyaya buynuz göstərən Ermənistanın fəxr etdiyi iqtisadi artımında Moskvanın payı nə qədərdir? - ANALİZ

Ukraynadakı işğalçı müharibə başlanandan Ermənistanda start götürən sürətli iqtisadi artım bu il də davam edir. Ölkənin statistika orqanının məlumatına əsasən - 2024-cü ilin yanvar-fevral aylarında Ermənistanın iqtisadi aktivlik indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 13,6 faiz artıb. Bu artımda ən böyük pay sənaye sektorunundur: iki ayda 28,9 faiz artım var. Sənayedəki bu artımın mənbəyinə qayıdacağıq.

Tikinti sektorunda artım 10,8 faiz, xidmətlər 5,2 faiz, daxili ticarət 24,1 faiz artıb, inflyasiya 1,3 faiz təşkil edib. Yanvar-fevralda elektrik enerjisi istehsalının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz azalıb.

İlin ilk iki ayında Ermənistanın xarici ticarətinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu zaman ixrac 2,6 dəfə artmaqla 2 milyard 570 milyon dollara, idxal 73,2 artaraq  2 milyard 766 milyon dollara çatıb.

Ermənistan iqtisadiyyatı “ölüm təhlükəsi" ilə üz-üzə

İndi qayıdaq sənayedəki artıma. 2023-cü ilin əksər hissəsində sənaye istehsalının həcmi artmayıb, bəzi aylarda isə hətta azalıb. Amma noyabr-dekabr aylarından sənaye istehsalının həcmində kəskin artım qeydə alınmağa başlayıb. Və bu artım demək olar ki, bütünlüklə zərgərlik məmulatları hesabına baş verib. İlin yekununda sənaye istehsalında 4,1 faizlik artım əldə olunub. Amma bu nəticə yalnız zərgərlik sənayesinin ilin son iki ayındakı fantastik göstəricisi sayəsində əldə edilib. İl ərzində istehsal sənayesindəki bütün digər sahələrdə artım 160 milyard dram təşkil edib, təkcə zərgərlik sənayesində bu göstərici 188 milyard dram olub ki, bunun da 164 milyard dramı 4-cü rübdə əldə olunub.

Yanvar-fevral ayları üzrə istehsalla bağlı ətraflı məlumat yoxdur, lakin yanvar ayı zərgərlik sənayesində 11,3 dəfə artım göstərib. Eyni tendensiyanın fevralda da davam etdiyi aydın görünür. Bu artımın nəyin hesabına olduğunu açıqlamağa ehtiyac var.

Zərgərlik sahəsindəki artımın səbəbinə aydınlıq gətirmək üçün qeyd edək ki, ötən ilin dekabrından G7 ölkələri və Avropa İttifaqına Rusiyada istehsal olunan brilyant və almazların idxalını qadağan ediblər. Bu qadağanın başlayacağı isə oktyabr ayından açıqlanıb. Rusiya mənşəli belə daşlardan üçüncü ölkələrdə hazırlanan zinət əşyaların idxalı isə bnu il sentyabrın 1-dən qadağan ediləcək. Nəticədə noyabr-dekabrda Ermənistanın Rusiyadan almaz və brilyant idxalı, onlardan hazırlanan zərgərlik məmulatlarının Birləşmiş Ərəb Əmirliklərinə ixracı 10 dəfəyə yaxın artıb.

Rusiyaya qarşı almaz qiyamı

Rusiyanln brilyant və almazının Qərbə idxalı qadağan olunandan sonra – bu ilin yanvarından Ermənistanın eyni məhsullar üzrə ixracı rekord səviyyədə artıb. Bununla bağlı Ermənistanın bu ili  yanvar ayındakı xarici ticarət statistikası çox maraqlı məqamları üzə çıxarır. İrəvanın statistika qurumunun rəsmi məlumatına görə, bu ilin yanvarında ölkədə 500-510 milyon dollarlıq sənaye istehsalı qeydə alınıb. Lakin ölkədən sənaye məhsullarının ixracı 934 milyon dollara çatıb. Yəni Ermənistan daxildə istehsal etdiyi sənaye məhsulundan az qala ikiqat artığını ixrac edib. Daxildəki istehlakı da nəzərə alsaq, bu qədər ixracın bilavasitə Rusiyadan qaynaqlandığını yenə statistika əsasında rahatlıqla söyləmək mümkündür. Belə ki, yanvar ayında qeydə alınan 934 milyon dollarlıq ixracatın yarısından çoxu yalnız bir məhsul qrupuna daxil olan mallardır. Söhbət qiymətli daşlardan və qiymətli metallardan gedir. Yanvarda bu malların ixracı 587 milyon dollar təşkil edib. Bu o deməkdir ki, qiymətli daşların və qiymətli metalların ixracı ötən illə müqayisədə 9 dəfə artıb. Keçən il bu göstərici cəmi 65 milyon dollar idi. Bu fenomenal sıçrayış nəticəsində qiymətli daşların və qiymətli metalların ixracdakı çəkisi demək olar ki, 63 faizə çatıb. İqtisadiyyatın bütün digər sahələri ixracın cəmi 37 faizini təşkil edib ki, bu da 347 milyon dollar deməkdir.

Yanvarda Ermənistanın özündə istehsal olunan bir çox malların ixracı, ilin əvvəlində qeydə alınan ixracın 2,1 dəfə artması fonunda nəinki artmayıb, hətta azalıb. Halbuki bu məhsul və ya məhsul qruplarının bəziləri həmişə Ermənistan ixracatında əsas çəkiyə malik olub. Söhbət xüsusilə, məsələn, emal sənayesinin yeyinti sənayesi kimi sahələrindən gedir.

İlin əvvəlində Ermənistandan hazır ərzaq məhsullarının ixracı təxminən 22 faiz azalıb. Ötən il 63 milyon dollar, bu il 49 milyon dollar dəyərində məhsul ixrac edilib. Heyvandarlıq məhsullarının ixracı 32 faizdən çox, kimya və əlaqəli sənaye sahələrinin ixracı 39 faiz, plastik məmulatların ixracı 39 faiz, mineral məhsulların ixracı 19 faizdən çox azalıb.

Ermənistanda inflyasiya yoxdur? – Rəsmi statistikadan kənar baxış

Əvəzində qiymətli daşlar və qiymətli metalların ixracı ötən illə müqayisədə 522 milyon dollar, ümumi ixrac isə 485 milyon dollar artıb. İxracın 90 faizi BƏƏ-yə reallaşıb. Bəs bu qədər qiymətli daşları və metalları Ermənistan haradan alıb? Əlbəttə ki, Rusiyadan. Məhz bu səbəbdən Rusiyadan Ermənistana idxal bir neçə dəfə artıb: Yanvarda ötən illə müqayisədə 2,9 dəfə çox mal gətirilib. İdxal 211 milyondan 614 milyona yüksəlib. Bu idxalın 70 faizə yaxınını qiymətli metallar və daşlar təşkil edib.

Onu da qeyd edək ki, dünyada qiymətli daşlarla hazırlanan zinət əşyalarının ən böyük istehsalçısı olan Hindistan G7 və Aİ-nin sanksiyasına görə ciddi çətinliklərlə üzləşməyə başlayıb. Sektor nümayəndələri Qərb ölkələrində nəinki 1 karata qədər, ondan da aşağı çəkidə olan qiymətli daşlar üçün mənşə sertifikatı istəyirlər. Bu isə məhsulun reallaşdırılmasını çətinləşdirir.

Maraqlıdır, görəsən, Ermənistandan ixrac olunan qiymətli daşlar üçün də eyni tələb qoyulurmu? Axı indiyədək bu ölkənin sanksiyalı malların Rusiyaya ötürülməsində əsas platsdarmlardan biri olduğuna dair dünya mətbuatında onlarla fakt icitmailəşdirilib...

Məsələn, Bloomberg Agentliyi 2022-ci ildə Ermənistanın yarımkeçiricilər ixracının həcminə görə dünyada 4-cü yeri tutduğuna dair məlumat yayıb. Məlumatda qeyd edilir ki, bu göstərici üzrə Ermənistan Yaponiya, Almaniya və Hindistanı arxada qoyub. Onun satdığı məhsulun əsas alıcısı isə Rusiyadır.

Bloomberg" agentliyi yalan məlumat yaydığına görə 5 mln. avro cərimələnib

Bloombergin əldə etdiyi məlumata görə, 2022-ci ildə Ermənistandan Rusiyaya yarımkeçiricilər ixracı 187 faiz artmaqla 1,2 milyard dollar təşkil edib. Agentlik bunu Ermənistanda yarımkeçirici istehsalının artması ilə izah edib. Lakin Ermənistan statistikasında bu istehsalın artmasına dair hər hansı məlumata rast gəlmək mümkün deyil. Ermənistan Dövlət Statistika Komitəsinin rəsmi statistikasına əsasən 2022-ci ildə Ermənistanın sənaye sektorunda cəmi 3,3 faizl illik artım qeydə alınıb. Bu sektorda istehsal olunan 6,1 milyard dollar və ya 2 trilyon 683 milyard dramlıq məhsulun 1,8 trilyon dramı13,5 faiz artım nümayiş etdirən emal sənayesində əldə olunub. Bu zaman emal sənayesinin kompüter, optik, elektrik və elektron avadanlıq istehsalı sahələrində 11,4 faizlik geriləmə qeydə alınıb. 2023-cü ilin birinci rübündə isə bu sahələrdən  kompüter və elektrik avadanlıqları istehsalında 26 faiz, elektron və optik avadanlıqlar istehsalı sahəsində 39,5 faiz geriləmə baş verib. Bu halda təbii olaraq sual yaranır ki, Ermənistan Rusiyaya ixrac etdiyi yarımkeçiriciləri haradan alıb? Sualın cavabı, əlbəttə, aydındır: onun satışını Rusiyaya qadağan edən Qərb ölkələrindən.

2023-cü ilin avqustunda müstəqil “Verstka” nəşri Rusiya Gömrük Komitəsinin gizli statistikasını əldə edərək çox maraqlı məlumatlar yayıb. Həmin məlumatlardan aydın olur ki, Rusiyaya ikili idxalda Ermənistan şirkətləri aktiv şəkildə iştirak edirlər. Məsələn, Rusiyanın “Pobeda” şirkəti bu ilin yanvarında iki dəfəyə 580 min dollarlıqdan yuxarı Honeywell şirkətinin məhsulu olan qeyri-hərbi məqsədli radiolokasiya aparatları gətirib. Hər iki halda göndərici Ermənistanın A Trade service şirkətidir.

Ermənistanın Ukraynada müharibə başlayandan bəri ildırım sürətilə çoxalan xarici ticarət dövriyyəsində ən çox artımın qeydə alındığı mal qruplarına baxmaq yetərlidir ki, ölkənin Rusiyanın ən böyük yardımçılarından olduğunu müəyyən edəsən. Son iki ildə İrəvanın “maşın və mexanizmlər, avadanlıqlar”, “yerüstü, hava və su nəqliyyatı vasitələri”, “qiymətli və yarımqiymətli daşlar,qiymətli metallar və onlardan hazırlanan məmulatlar” idxalı və ixracında 10 dəfədən yuxarı artım qeydə alınıb. İqtisadiyyatın real sektoru – sənayesi heç 10 faiz belə artmayan ölkənin idxal-ixracındakı bu artım birmənalı olaraq Qərbdən Rusiyaya qadağan olunan malların çatdırılması hesabınadır.

Ermənistan rəsmi statistikasına baxdıqda görünür ki, əgər 2021-2022-ci illərdə bu ölkədən Rusiyaya əsasən spirtli içkilər, brilyant, balıq, pomidor, ərik, albalı, şaftalı, gavalı ixrac edilibsə, 2023-cü ildə telefon aparatları və digər rabitə sistemləri, monitor və proyektorlar, dəmir ərintilər, maşın, mexanizm və avadanlıqlar böyük fərqlə üstünlük təşkil edib.

İndi isə Ermənistanın idxal-ixracında ağırlıq zərgərlik məmulatlarının üzərinə keçir. Yenə də Qərbin qadağan etdiyi almaz və brilyantlar hesabına. İndiyədək bir neçə kiçik şirkət istisna olmaqla, Ermənistanın Rusiyaya yardımına göz yuman G7 və Aİ-nin bundan sonra hansısa addımlar atacaqlarını gözləməyə dəyərmi?

Musavat.com

06.04.2024 12:43
1092