“Rusiyanın Qarabağdakı hərbi kontingenti 2025-ci ildə oranı tərk etməlidir” - deputat

Sahib Alıyev: “Paşinyanın Qərbə reveransı da Moskva ilə öncədən razılaşdırılıb”

Son zamanlar Azərbaycanla Ermənistan arasında sülh prosesində dinamika müşahidə olunmaqdadır. Xüsusilə də əsirlərin qarşılıqlı şəkildə, sərhəddə, heç bir vasitəçinin iştirakı olmadan dəyişdirilməsi, eyni zamanda yaxın zamanlarda sülh sazişinin imzalanmasının mümkünlüyü barədə nikbin fikirlər müxtəlif aspektlərdən şərh olunur.

Ancaq Ermənistan rəhbərliyinin ziddiyyətli mövqeyini də müşahidə etməkdəyik. Elə baş nazir Nikol Paşinyanın Azərbaycanın Qazax şəhərini Ermənistanın İcevan şəhərilə birləşdirən şimal marşrutunu və Azərbaycanın qərb rayonlarını  Naxçıvanla birləşdirən cənub marşrutunu açmağa hazır olduğunu açıqlaması da bu qəbildəndir. Ermənistan hakimiyyəti Zəngəzur dəhlizinin reallaşmaması üçün hər bəhanəyə əl atır. Deputat Sahib Alıyev “Yeni Müsavat”a müsahibəsində əvvəlcə bu barədə fikirlərini bölüşdü.

- Sahib bəy, Nikol Paşinyanın yenə də “sülh damarı” tutub. Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı təklifinin qarşılığında Qazax-İcevan marşrutunu təklif edir. Bu təşəbbüsün arxasında hansı məqsəd dayanır? Zəngəzur dəhlizini unutdurmaq?

- Sualınızı bir cümlə ilə cavablandırmalı olsaq - xeyr. Söhbət Zəngəzur dəhlizini unutdurmaqdan yox, onu hay dəhlizinə çevirməkdən gedir ki, bu ideyanın da arxasında əslində qərb dayanır. Orasını da deyək ki, Paşinyan Qazax-Karvansa marşrutuyla yanaşı, Kəlbəcər-Basarkeçər-Dərələyəz-Naxçıvan və Zəngəzurun hər iki hissəsini birləşdirən marşrutları da təklif edir ki, bunların bəzilərinin işləkliyi sual altındadır, digərləri isə əvvəl hay, sonra “sülh qovşağı” adlandırılan, “yoğurmadı-yapmadı, hazırca kökə tapdı” məntiqinə dayanan ideyalardır. Ermənistan da, bu ideyanın arxasında duran çevrələr də anlamalıdırlar ki, nəqliyyat qovşağına və habına çevrilmək üçün neçə illərdir dayanmadan çalışan, buna milyardlar xərcləyən Azərbaycan Zəngəzur dəhlizininə ilk növbədə insanların və yüklərin torpaqlarının bir hissəsindən digər hissəinə maneəsiz, yoxlamasız keçib gedəcəyi yol kimi baxır. Təbii ki, bu dəhliz türk dövlətləri arasıda körpü funksiyasını da yerinə yetirməlidir ki, burada ona kontrol məsələləri ilə bağlı Azərbaycanla Türkiyənin də maraqları və qayğıları nəzərə alınmalıdır. Məhz bunun reallaşdırmasından sonra Paşinyanın dediyi digər kommunikasıylar, o sıradan da enerji daşıyıcıları Ermənistan üzərindən keçə bilər. Böyük yaşıl enerji potensialı olan Azərbaycan tranzit qarşılığında hətta Ermənistanı elektrik enerjisi ilə təmin etməklə bir tərəfdən bütövlükdə region üçün böyük təhlükə mənbəyi olan Metsamor AES-ə ehtiyacı, digər tərəfdən də bu məsələdə Rusiyadan total asılılığı aradan qaldırardı. Bir sözlə, “Foregin Polisy”də “IN THE CAUCASUS, THE U.S. PRIORITY IS FOSSIL FUELS, NOT ARMENIANS” başlıqlı məqalədə qeyd edildiyi kimi, ABŞ-ın Ermənistana bağlı bəzi planlarının qarşı tərəfin Azərbaycanın sülh anlaşması və Zəngəzur dəhlizi təkliflərinə adekvat yanaşması olacağı təqdirdə reallaşması mümkündür. Yəni Ermənistan üzərindən Azərbaycan öz enerji daşıyıcılarını da göndərə bilər ki, bununla bağlı bizdə ən yüksək səviyyədə mövqe də açıqlanıb.

- Türkiyə XİN rəhbərinin Bakıya səfəri, sizcə, əsasən nə ilə bağlı idi? Burada Ermənistanla sülh sazişi, yaxud sərhədlərin açılması əsas müzakirə mövzusu ola bilərdimi?

- Xatırladım ki, cənab Hakan Fidan Bakıya Vaşinqtondan dönüşündən dərhal sonra gəldi. Bu, o deməkdir ki, onun ABŞ-da apardığı danışıqlarda üzərində dayanılan məsələlərdən biri də məhz bizim reginda sülhün əldə edilməsi olub. Orası da diqqətdən qaçırılmamalıdır ki, ABŞ Dövlət Departamentinin təmsilçisi məhz həmən səfərdən sonra Türkiyənin regionda sülh üçün çalışdığını bildirdi. Yəni heç kimə, ilk növbədə də Vaşinqtondakılara sirr olmayan reallıq axır ki, dilə gətirldi. Bəli, Türkiyə xarici işlər nazirinin Bakıya səfərində danışıqların çox uzun çəkməsindən də göründüyü kimi, məhz regionda sülh və kommunikasiyaların açılması məsələləri üzərində çox detallı məsləhətləşmələr olub. Danışıqlardan sonra cənab Fidanın açıqlamasında regionda sülh baxımından ümidverici iki mühüm məqam mənim diqqətimi çəkdi. Birincisi, bu, Türkiyə və Azərbaycanın yenə də sinxron hərəkət edəcəkləri ilə bağlı deyilənlər idi. Məncə, regionda hər iki qardaş dövlətin maraqlarına cavab verən dayanıqlı sülhün əldə edilməsi baxımından bu sinxronluq qədər önəmli heç nə yoxdur. İkincisi, onun sülhə əngəl törədən məsələlərin ancaq texniki xarakter daşıdığı ilə bağlı söylədiyi fikirlər idi. Texniki xarakter daşıyan məsələlər deyəndə cənab Fidan qarşı tərəfin qoşunları şərti sərhəddən geri çəkmək və “beynəlxalq qarantiya mexanizmi” haqda istəklərinimi nəzərdə tutur, açığı, mən bilmirəm. Əgər bunlar nəzərdə tutulursa, onda bu məsələlər o zaman texniki xarakter daşıya bilər ki, birincisi, qoşunların geri çəkiləcəyi yerlərdə delimitasiya tam razılaşdırılsın, ikincisi, “beynəlxalq qarantiya mexanizmində” Türkiyə də yer alsın. Məncə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin də danışıqlara cəlb edilməsi haqda açıqlaması elə-belə deyildi və burada ilk növbədə məhz dediyim məsələ nəzərdə tutulur. Yeri gəlmişkən, Ermənistan tərəfdən sızan bəzi informasiyalardan belə bəlli olur ki, qarşı tərəf sülh anlaşmasında Qarabağda yaşamış haylarla bağlı ayrıca bəndin olması təklifindən artıq vaz keçib ki, bu da reallığın dərk edilməsi deməkdir.

- Avropa İttifaqının Ermənistandakı missiyasını artırması,  Şarl Mişelin ikibaşlı bəyanatları nə vəd edir?

“Bizim üçün bu açıqlama, yumşaq desək, çox nataraz göründü”

- Bilirsiniz, paradoksal səslənəcək, amma mən bu fikirdəyəm ki, sözügedən missiya Avropa Birliyininin olsa da, əslində Rusiyaya xidmət edir. Məndə belə bir təəssürat yaranır ki, Qərbdəkilər ya bilərəkdən, ya da bilməyərəkdən başı Ukraynada savaşa qarışan Rusiyanın Qafqazda mövqeyinin zəifləməməsi üçün onun hazırda edə bilmədiklərini etməyə çalışırlar. Yəni sözügedən missiyanın varlığı Ermənistanda revanşizm meyillərinin güclənmsi və sülh prosesinə əngəldən başqa bir şey deyil. Əgər o missiya Rusiyaya ilk baxışda göründüyü kimi, maneçilik törətsə idi, onda Moskva sözdə tənqiddən hərəkətə keçərdi. Xatırladaq ki, Ermənistanın Azərbaycanla sərhədinin bir hissəsində də Rusiyanın hərbçiləri var, yəni söhbət Zəngəzurdan gedir. Bax, həmən Zəngəzurda Avropa Birliyi missiyası elə sürprizlərlə üzləşərdi ki, bir də ora heç vaxt ayaq basmazdılar. Amma dediyim kimi, onların boşluq doldurmaları müvəqqəti xarakter daşıdığından, varlıqları Moskvanın planlarına maneçilik törətmədən daha çox, onun maraqlarına cavab verdiyindən Rusiya rəsmiləri sözdə narazılıqdan o yana keçmirlər. Mən onu da istisna etmirəm ki, Nikol Paşinyanın Qərbə reveransı da Moskva ilə öncədən razılaşdırılıb. Çünki Paşinyanla komandasının məhz bu reveransları nəticəsində Rusiya Qərbin ona satışına qadağa qoyduğu malları Ermənistan üzərindən çox rahatlıqla ala bilir. Burada onu da qeyd edim ki, ortada Ermənistanın Rusiyanın forpostluğundan imtina etməyə hazırlaşdığını göstərən ciddi heç nə yoxdur. Dediyim kimi, sadəcə, reveranslar var. Mişelin ikibaşlı açıqlamasına gəldikdə, belə görünür ki, onun elə həm də iki başı var. Biri ilə özü, digəri ilə Makron danışır. Makronun kimliyini, hazırda öz ölkəsində ona necə yanaşıldığını xatırladaq. Mən belə düşünürəm ki, iki başdansa cənab Mişelin bir başının olması ciddi bir siyasətçi kimi həm ona, həm də təmsil etdiyi quruma daha çox əl verərdi.

- Necə bilirsiniz, Nikol Paşinyan Rusiyaya gedəcəkmi və Putinlə görüş baş tutacaqmı?

- Mən yaxın perspektivdə Rusiyada belə bir görüşün reallaşacağını istisa etmirəm. Xatırladım ki, Peterburqda MBD dövlət başçılarının sammiti gözlənilir. Sammit zamanı orada üçtərəfli görüşün keçirilməsi mümkündür və Rusiyanın artıq bu haqda öz planını açıqlaması ondan xəbər verir ki, son zamanlar Moskvanın xətti ilə danışıqlardan qaçan, yaxud da qarşılıqlı razılıq əsasında belə bir oyun oynayan Ermənistan rəhbərliyi də buna razıdır. Əks halda, bunun özləri üçün çox böyük imic itkisi olacağını nəzərə alıb da Kremldəkilər öncədən belə bir görüşün təşkilinə hazırlaşdıqlarını deməzdilər.

- Bu ərəfədə, sülh imkanlarının artdığı məqamda Rusiya Prezidenti Vladimir Putin ikibaşlı fikirlərini növbəti dəfə təkrarladı. Onun “Qarabağdan imtina edən biz deyildik. Bu torpaqların Azərbaycanın bir hissəsi olduğunu Ermənistan tanıyıb. Bunu bəyan edərkən Rusiyaya məlumat verilməyib”, - sözlərinin arxasındakı məqsəd nədir, yalnız etirazları Paşinyanın üzərinə yönəltməkmi? Yoxsa burada Azərbaycana da təhdid elementləri var?

- Birincisi, Rusiya prezidenti dəfələrlə buna bənzər açıqlama verib ki, buna ehtiyacın nədən yarandığını, açığı, mən anlamıram, daha doğrusu, anlamaq istəmirəm. Sirr deyil ki, əgər Rusiya rəhbərliyi istəməsə, ona hər dəfə Qarabağla bağlı eyni xarakterli suallar verilməz. Və orası da sirr deyil ki, oxşarıyla bağlı səhnədə olduğu kimi, Rusiya Prezidenti ona belə bir sualın veriləcəyini öncədən bilirdi. Təbii ki, cavab da artıq oradaca ikibaşlılığa qəsdən yer qoymaqla hazırlanmışdı. Bizim üçün bu açıqlama, yumşaq desək, çox nataraz göründü. Yəni bu, təqribən ona bənzəyir ki, Rusiya Ukraynaya yanaşmada işğalçılıq siyasətindən əl çəkdiyini bildirəndə biz qalxıb deyirik ki, Ukrayna torpaqlarından imtina edən Azərbaycan yox, Rusiyadır. Ermənistan rəhbərliyinin Qarabağın Azərbaycan torpağı olması haqda bəyanatı Rusiyaya xəbər vermədən, başqa sözlə desək, onun razılığını almadan səsləndirməsi ilə bağlı Putinin dilə gətirməsə də, gizlətmək istəmədiyi narazılığına gəldikdə, bu, anlaşılandır. Və təkcə ona görə yox ki, Rusiya Ermənistana forpost gözündə baxır. Həm də ona görə ki, Ermənistan Qarabağı Rusiyanın hərtərəfli dəstəyi olmadan nə işğal edə, nə də 30 ildən artıq işğal altında saxlaya bilərdi.

-Yeri gəlmişkən, Rusiya sülhməramlılarının Qarabağdakı minatəmizləmə prosesində də iştirak edəcəyi açıqlanıb. 3 ildən sonra Rusiya hərbi kontingenti başa düşüb ki, Qarabağda mina var və onları təmizləmək lazımdır. Axı, 2021-ci il Ermənistan istehsalı olan minalar həm də Rusiya hərbçilərinin gözləri qarşısında Qarabağa daşınaraq təmas nöqtələrində basdırılmışdı. Bu addımlar Kreml nə demək niyyətinədədir, formal olaraq" bölgədə qalanlara Qarabağda daha uzun müddətə ehtiyac olduğunumu nümayiş etdirir?

- Birincisi, hansı humanitar missiyanı yerinə yetirməsindən asılı olmayaraq, Rusiyanın Qarabağdakı hərbi kontingenti 2025-ci ildə oranı tərk etməlidir. Ona görə də mən bunu Qarabağda daha uzun müddətə deyil də, 2025-ci ilə qədər orada qalmalarına ehtiyacın olduğunun sərgilənməsi kimi qiymətləndirlməsinə tərəfdaram. İkincisi, gec də olsa, Rusiya tərəfi belə bir xeyirxahlıq etmək, daha dəqiq söyləsək, zamanında torpaqlarımıza Ermənistandan mina daşınmasına göz yummaları kimi günahlarını bu yolla yumaq istəyirsə, gələcəkdə bəzi “sürprizlərlə” üzləşməmək üçün, məncə, onların minadan təmizləyəcəyi ərazilər qarşılıqlı razılıq əsasında öncədən müəyyənləşdirilməli və kontrolda saxlanmalıdır.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

16.12.2023 09:13
1485