Rusiya hökuməti yaxın 3 ildə neft və qaz gəlirlərinin azalacağını gözləyir.
Musavat.com “Bloomberg”ə istinadən xəbər verir ki, buna səbəb aşağı energetika qiymətləri və “Qazprom” üçün daha yumşaq vergi rejiminin tətbiqi olacaq.
Agentlik yazır ki, Kreml üçün əsas maliyyə mənbəyi 2024-cü ildən 2027-ci ilə qədər 14 faiz azalacaq ki, bu da Ukraynaya qarşı müharibəyə və Moskvanın hərbi xərclərinə təsir edəcək.
Qeyd olunur ki, gələn il Rusiya neft-qaz sənayesindən dövlət xəzinəsinə 10,94 trilyon rubl və ya 118 milyard dollar vergi daxil etməlidir. Bu, 2024-cü il üçün proqnozdan 3,3 faiz azdır. Növbəti iki ildə illik gəlirlərin azalacağı və 2027-ci ildə 9,77 trilyon rubl təşkil edəcəyi gözlənilir.
Ən son mənfəət proqnozları qlobal enerji bazarlarının zəiflədiyini əks etdirir. Gələn ildən Rusiya neftinin orta ixrac qiymətinin bir barel üçün 70 dollardan aşağı düşəcəyi gözlənilir. Qaz ixracı üzrə orta müqavilə qiymətləri də 2027-ci ilə qədər azalacaq. Uzunmüddətli perspektivdə tələbat azaldıqca və bərpa olunan enerji populyarlıq artdıqca neft daha da ucuzlaşa bilər.
Gələn il Rusiya büdcəsinin neft və qaz gəlirlərinin proqnozlaşdırılan azalmasına təsir edən digər amil uzun müddətdir hökumətin əsas maliyyə mənbələrindən biri olan “Qazprom”un əlavə vergi yüklərinin ləğvi planıdır.
Daha yumşaq fiskal rejim qəbul olunarsa, qaz hasilatından vergi daxilolmaları ötən illə müqayisədə 30 faizdən çox azalacaq və 2025-ci ildə 1 trilyon rubldan bir qədər çox olacaq.
Bununla belə, vergi güzəştləri bu ilin əvvəlində bərpa olunmağa başlayan “Qazprom”un maliyyə göstəricilərini artırmağa kömək edə bilər. “Qazprom” yenidən dividend ödəməyə başlayarsa, bu, şirkətin ən böyük səhmdarı olduğu üçün dövlətin gəlirlərindəki azalmanı qismən kompensasiya edə bilər.
Rusiyanın dövlətin nəzarətində olan qaz nəhəngi “Qazprom” 1999-cu ildən bəri Avropaya tədarükün azalması və yanacağın qiymətinin düşməsi səbəbindən ilk illik xalis zərərini açıqlayıb. Belə ki, holdinq 2022-ci ildəki 1,23 trilyon rubl xalis mənfəətlə müqayisədə ötən il 629 milyard rubl (6,84 milyard dollar) zərər edib.
Eyni zamanda, Rusiya sanksiyalardan yayınmağa çalışaraq, neft və LNG ixracı üçün “kölgə donanması” yaradıb, bu da vəziyyəti müvəqqəti olaraq normallaşdırıb, lakin Ukraynaya qarşı müharibənin xərcləri artmaqda davam edir.
Musavat.com