Sevastopola ATACMS-la hücumdan sonra Rusiya bütün platformalarda ABŞ-ı ittiham edir. Bu gün ABŞ-ın Rusiyadakı səfiri də XİN-ə çağırılıb.
Rusiya Müdafiə Nazirliyinin hücumdan dərhal sonra bəyan edib ki, ATACMS əməliyyat-taktiki raketləri üçün bütün zərbə nöqtələri ABŞ-ın öz peyk kəşfiyyat məlumatlarına əsaslanaraq daxil edilir. Ona görə də Sevastopolda mülki əhaliyə raket hücumuna görə məsuliyyət ilk növbədə bu silahları Ukraynaya çatdıran Vaşinqtonun üzərinə düşür. Sonda o da vurğulanır ki, “bu cür hərəkətlər cavabsız qalmayacaq”.
Bəs, Rusiyanın mümkün cavabları nə ola bilər? Musavat.com xəbər verir ki, “Svododnaya pressa”bununla bağlı hərbi mütəxəssislərin rəyini öyrənib.
Müstəqil hərbi ekspert və informasiya müharibəsi üzrə mütəxəssis İqor Nikolayçuk hesab edir ki, “heç kim Müdafiə Nazirliyinə bu halda ordunun necə və nə etməli olduğu barədə məsləhət verməməlidir”.
Ekspert daha sonra deyib: “Konkret cavab tapmaq məsələsi sırf hərbçilərin səlahiyyətindədir, çünki hər şey, birincisi, düşmən üçün gözlənilməz olmalı, ikincisi, münaqişənin genişlənməsinə səbəb olmamalıdır. Müdafiə Nazirliyinin bəyanatı, ilk növbədə, seçkilər ərəfəsində olan Amerikanın daxili auditoriyasına ciddi təzyiq göstərmək üçün vasitədir, təbliğat və hər cür dəstək baxımından doğru addımdır ”.
“Onda belə çıxır ki, Müdafiə Nazirliyinin bəyanatı yalnız Amerikanın əsəbləri ilə oynamaq üçün verilib? Pentaqon Sevastopola hücuma görə heç bir real cavab almayacaq” sualına ekspert belə cavab verib: “Bir daha təkrar edirəm ki, mülki vətəndaşlar Müdafiə Nazirliyinə nə və necə etmək barədə məsləhət verməməlidirlər, indiki vəziyyətdə bu, əks nəticə verəcəkdir. Kreml divarları arxasında heç bir insayder məlumatı olmadan yalnız deyə bilərəm ki, prinsipcə, Vaşinqtona layiqli cavabın bir çox yolu var. Məsələn, rəqibə qarşı sərt media siyasəti apara bilərik, çünki amerikalılar uzun müddətdir ordumuzdakı hədəflərdə təsvir olunublar. Müharibə zonasında indiyə qədər olduğundan daha ciddi hədəflərə zərbə endirərkən ən son silahlardan bəzilərini istifadə etməyə başlaya bilərik. Bununla belə, Rusiya Federasiyasının Baş Qərargahında kifayət qədər ağıllı insanlar var ki, onlar lazım gələrsə, yankilərin özləri üçün inandırıcı görünməsə belə, Pentaqona ən yaxşı cavab variantı tapacaqlar”.
Ehtiyatda olan polkovnik Viktor Alksnis isə deyib ki, heç bir ciddi cavab gözləməyə dəyməz. “Təəssüf ki, bu cür terror aktları davam edəcək və onların qəddarlığı daha da artacaq. Birincisi, bizim onlara cavab verəcək heç bir şeyimiz yoxdur. Çünki bunun üçün Qərb raketlərinin və digər hərbi texnikanın tədarük marşrutları boyunca zərbə endirmək lazımdır, lakin Xüsusi Hərbi Əməliyyat dövrü ərzində heç vaxt belə addımlar atılmayıb. Xüsusi əməliyyatın ilk günlərində Rusiya Baş Qərargahı təntənəli şəkildə Ukraynanın hava hücumundan müdafiəsinin tamamilə məhv edildiyini bildirdi. Bəs niyə bizim aviasiyamız bu münaqişə zamanı aparıcı rol oynamır, hava məkanımızdan uçan bombalar vurulmur? Ona görədir ki, “düşmənin hava hücumundan müdafiəsinin tam şəkildə məhv edilməsindən” iki ildən çox vaxt keçsə də, bizim təyyarələrimiz vurulmaq qorxusundan Ukrayna hava məkanına girmir, Ukrayna Silahlı Qüvvələri isə bizim S-300-lərimizi vurmaq üçün Qərb raketlərindən kifayət qədər inamla istifadə edir. Ona görə də, mənim fikrimcə, Müdafiə Nazirliyinin birdən-birə sərt üzünü göstərəcəyini güman etmək sadəlövhlük olardı”.
“Bizim məşhur “Xəncərlər”, “Kalibrlər” və digər hipersəs silahlarımız aviasiyamızın bacarmadığını edə bilməzmi” sualına ekspert daha ilginc cavab verib: “Gəlin ondan başlayaq ki, hipersəs silahlarımız bütün uçuş boyunca hipersəs deyil, yalnız stratosferdə 20 kilometr yüksəklikdə olur. Atmosferin sıx təbəqələrində isə sadəcə səsdən sürətli olur. Nəticədə, uçuşun son mərhələsində artıq hipersəs haqqında danışmağa ehtiyac qalmır”.
Musavat.com