Kreml yaxınlığında Rusiyanın ən böyük “Wildberries” internet mağazasının ofisində atışma olub.
Musavat.com xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 10-a yaxın insan yaralanıb.
Mağazanın təsisçisi, Rusiyanın ən varlı qadını Tatyana Bakalçuk əri Vladislavı şirkəti ələ keçirməyə cəhddə ittiham edib.
Onun sözlərinə görə, Vladislav Bakalçuk bir qrup silahlı şəxslə ofisə daxil olmağa cəhd edib. V. Bakalçuk isə öz növbəsində danışıqlar üçün gəldiyini, lakin komandası ilə birlikdə naməlum şəxslərin hücumuna məruz qaldığını bildirib.
Kremldən 350 metr aralıda yerləşən “Romanov Dvor” biznes mərkəzində baş verən atışmada zərərçəkənlər arasında çeçen əsilli döyüşçülər də var. Onlardan biri Çeçenistanda yaşayır və Ramzan Kadırovun “Axmat” döyüş klubunun üzvü olub.
Məlumata əsasən, münaqişənin qurbanları arasında peşəkar idmançılar Abubakar Mestoev, Umar Çiçaev və Rəşid Kodzevin adı yer alıb. Sonuncu boks üzrə Rusiya çempionudur.
Qeyd edək ki, təxmini dəyəri 7 milyard dollardan çox olan “Wildberries”in 99 faizi Tatyana Bakalçuka məxsus olub.
Bakalçukun şirkətinə Ramzan Kadırovun göz dikdiyi qeyd olunur. Bu işdə milyarder Süleyman Kərimovun da adı çəkilir.
Musavat.com