Çinin iqtisadi marağı, yoxsa razılaşdırılmış məsələ?
2024-cü ilin yanvar-iyul aylarında Çinin Ukraynaya ixracı illik ifadədə 41,9 faiz artaraq 2 milyard dollardan çox olub. Bu barədə Çin Baş Gömrük İdarəsi (GCU) məlumat yayıb. Nəşr edilən məlumatlara əsasən, Ukraynanın Çinə idxalı 6,5 faiz ixracı artaraq təxminən 3,2 milyard dollara çatıb. Nəticədə ölkələrarası ticarətin həcmi 18 faiz artaraq 5.2 milyard dolları keçib. Ukraynanın Çinlə ticarətdə müsbət saldosu təxminən 1,2 milyard dollar təşkil edib ki, bu da 2023-cü ilin yeddi ayı ilə müqayisədə 22 faiz azdır.
Təkcə iyul ayında Çin və Ukrayna arasında ticarət dövriyyəsinin həcmi iyun ayı ilə müqayisədə 3,6 faiz artaraq 732,1 milyon dollara çatıb. Bu, Ukrayna məhsullarının tədarükünün artması hesabına baş verib: Çinin ixracı aylıq müqayisədə 7,9 faiz azalıb (311 milyon dollara), idxal 14,2 faiz artıb (421,1 milyon dollar).
Çinin Ukraynaya ixracının əsasında sadələşdirilmiş gömrük rəsmiləşdirilməsinə malik istehlak malları, avtomobillər və onların komponentləri, litium akkumulyatorlar, avtobuslar, yük maşınları və minik avtomobilləri üçün təkərlər, televiziya və telekommunikasiya avadanlıqları, smartfonlar, məişət elektrik və tibbi cihazlar, kompüterlər və bir çox başqa məhsullar dayanır.
Qeyd edək ki, 2021-ci ildə Çin-Ukrayna ticarətinin həcmi təxminən 30 faiz artaraq 19,3 milyard dollar təşkil edib. 2022-ci ildə bu rəqəm 60 faiz azalaraq 7,65 milyard dollar olub. 2023-cü ildə isə Çin və Ukrayna arasında ticarətin həcmi daha 10,8 faiz azalaraq 6,81 milyard dollar təşkil edib. Ukrayna Çinə qarğıdalı tədarükündə liderdir. Gömrük statistik məlumatlarına görə, dəyər etibarilə bu kənd təsərrüfatı məhsulu Çinin bu ölkədən idxalının demək olar ki, yarısını təşkil edir. Çinin aldığı digər Ukrayna malları tort, günəbaxan və kolza yağı, arpa, ferronikel, mal əti, soya, digər ərzaq məhsulları, xammal və yarımfabrikatlardır.
Çinin Ukraynaya ixrac etdiyi əsas məhsullar istehlak malları, elektrik avtomobilləri, litium akkumulyatorlar, avtobuslar, yük maşınları və minik avtomobilləri üçün təkərlər, smartfonlar, televiziya avadanlığı və sairdir.
Çin 2023-cü ilin fevralında Ukraynada konfliktin həllinə dair məşhur 12 bəndlik planla çıxış edib. Planı ölkənin Xarici İşlər Nazirliyi açıqlayıb. Planda ilk addım kimi atəşkəs elan olunması, konfliktin Rusiyanın təhlükəsizlik maraqları nəzərə alınmaqla, sərhədlərin dəyişdirilməsinin yolverilməzliyinə, ölkələrin suveren ərazilərinin toxunulmazlığına dair beynəlxalq hüquq prinsipləri əsasında həlli, əsirlərin tam azad olunması və sair məsələlər əksini tapmışdı. Lakin Ukrayna təklif olunan planın daha çox Rusiyanın maraqlarına uyğun olduğunu, münaqişənin uzun müddətə dondurulmasına gətirib çıxaracağını əsas gətirməklə onu rədd etdi. 2023-cü ilin aprelin Çin rəhbəri Si Cinpin Ukrayna prezidenti Vladimir Zelenskiyə zəng vuraraq münaqişənin həlli ilə bağlı müzakirələr apardı, ondan sonra Çinin xüsusi nümayəndə heyəti Kiyevdə oldu, ölkələrin diplomatları dəfələrlə beynəlxalq tədbirlər çərçivəsində bir araya gəldilər.
2023-cü ildə sülh təşəbbüsü Kiyev tərəfindən qəbul edilməyən Çin dron ixracına məhdudiyyət tətbiq edib. Sentyabrın 1-də Çin dronların ixracına nəzarəti tətbiq etdikdən sonra bu ölkənin şirkətləri Ukraynaya dronların və komponentlərin tədarükünü azaldıblar. “The New York Times” ticarət məlumatlarına, ukraynalı cihaz istehsalçılarına və onların operatorlarına istinadən məlumat verib ki, Çindən Ukraynaya dronların tədarükünü davam etdirməyə hazır olan şirkətlər mürəkkəb ticarət şəbəkələrindən istifadə etməkdə israrlıdırlar. Bəzi alıcılar dron komponentlərini qaçaqmalçılıq yolu ilə gətirməli və ya xaricdəki dostlarından borc almalıdırlar. NYT-nin bir çox həmsöhbəti Pekinin ixrac nəzarətinin vəziyyəti daha da pisləşdirə biləcəyindən qorxduqlarını bildiriblər. Nəşr ticarət məlumatlarına istinadən yazır ki, 2023-cü ilin ilk altı ayında Çin şirkətləri Ukraynaya 200 min dollardan bir qədər çox dəyərində dron və komponentlər tədarük edib. Britaniya Kral Birləşmiş Xidmətlər İnstitutunun məlumatına görə, Ukrayna ayda təxminən 10 min pilotsuz uçan aparat itirir.
Ukraynanın cavab addımı özünü çox gözlətməyib. Kəşfiyyat pilotsuz uçan aparatlarının istehsalçısı “Ukrspetsistema” bildirib ki, Çindən gələn tədarük zəncirində yaranan problemlərə görə şirkət oradakı məhsulların istifadəsini demək olar ki, dayandırıb: “Bu gün biz praktiki olaraq heç bir Çin komponentindən istifadə etmirik, çünki Çinin Ukraynaya istənilən malın çatdırılmasını qəsdən necə gecikdirdiyini görür və hiss edirik”.
Çin pilotsuz təyyarələrin və dron istehsalı avadanlıqlarının ixracını “milli təhlükəsizlik və maraqları qorumaq” üçün məhdudlaşdırmaq qərarına gəldiyini elan etsə də, bunun əsas səbəb olmadığı hamıya məlum idi. Çünki ondan əvvəl Pekin hərbi sənayedə də istifadə olunan mikroçiplərin istehsalında istifadə edilən metalların ixracına nəzarəti gücləndirib.
Lakin ölkələr arasında münasibətlər bu ilin əvvəlindən etibarən ilıqlaşmağa başlayıb. Çinlə Ukrayna arasında diplomatik təmaslar ciddi şəkildə intensivləşib. İyulun sonlarında Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Çinə rəsmi səfər edib. Çin tərəfinin dəvəti əsasında baş tutan səfər zamanı Kuleba orada bir sıra görüşlər keçirib. Səfərin nəticələrini dəyərləndirən nazir bildirib ki, Çinli həmkarı Pekinin birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Əksər analitiklər, hətta rusiyalı ekspertlər belə Kulebaya Pekindən gələn dəvəti və Çin XİN rəhbərinin ukraynalı həmkarına dediklərini Rusiyaya açıq işarə kimi qiymətləndirirlər. Çin rəhbərliyi, əlbəttə, ucuz xammal mənbəyi olan Rusiya ilə dostluqda maraqlıdır, lakin 2 ildən yuxarıdır onun Ukraynada apardığı işğalçı müharibənin Pekinə yaratdığı problemlərə də dözmək fikrində deyil. Dolayı yolla da olsa, Rusiyanın hərbi sənayesini müəyyən texnoloji materiallarla təmin edən Çin həm ABŞ-ın, həm də Avropanın çox böyük təzyiqləri ilə üzləşib. Rusiyanın dəstəklənməsi Çinə getdikcə daha baha oturmağa başlayıb. ABŞ və Avropanın tətbiq etdiyi ticarət məhdudiyyətləri ölkə iqtisadiyyatına Rusiya ilə ticarətdən əldə olunandan on dəfələrlə çox zərər vurur. Özü də Avropa və ABŞ-ın addımları uzunmüddətli dövrdə Çinə daha kəskin zərər vurmağa hesablanıb və Pekində bunu çox yaxşı hesablayırlar.
Həm ABŞ, həm də Aİ Rusiyaya sanksiyalı və hərbi sənayesini inkişaf etdirən malların çatdırılmasında yardım edən Çin şirkətlərini qara siyahıya salmağa başlayıb. Ukraynada müharibə başlayandan sonra Çin Rusiyanın əsas ticarət tərəfdaşına çevrilib. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 190 milyard dollara çatıb ki, bu da rekord göstəricidir. Rusiya prezidenti Vladimir Putin və Çin lideri Xi Jinping bildiriblər ki, 2024-cü ildə ölkələr ticarət həcmini ildə 200 milyard dollara çatdırmalıdır.
Bu ilin yanvar-iyul aylarında Çin-Rusiya ticarətinin həcmi illik 1,6 faiz artaraq 136,67 milyard dollar təşkil edib. Çinin açıqladığı gömrük statistikasına əsasən 7 ay ərzində Rusiyadan Çinə mal ixracı 3,9 faiz artaraq 75,03 milyard dollar təşkil edib. Çinin Rusiyaya satışları isə əksinə, 1,1 faiz azalaraq 61,64 milyard dollar olub. İiyulda iki ölkə arasında ticarət dövriyyəsi iyun ayı ilə müqayisədə 2,7 faiz azalaraq 19,69 milyard dollar təşkil edib.
Göründüyü kimi, Cinpin və Putinin hədəflədiyi ticarət həcminə nail olmaq çətin ki, mümkün olsun. Çinin Rusiya ilə ticarəti ikincili sanksiya risklərinə görə getdikcə daha da çətinləşir.
Rusiya iş adamlarının mətbuata verdiyi məlumata əsasən, 2024-cü ilin iyul ayının ortalarından Çinin Rusiya ilə ticarətində yeni sərtləşmə qeydə alınmağa başlayıb. Çindən olan tədarükçülər Rusiyaya ixracı yalnız üçüncü ölkələr vasitəsilə həyata keçirməyə razılaşırlar. Qeyd olunur ki, yeni sərtləşdirmə əsasən sanksiyaya məruz qalan məhsullara, o cümlədən elektronikaya təsir edib. Rusiya və Çin arasında ticarətdə ödəniş problemi 2024-cü ildə ABŞ hakimiyyətinin artan təzyiqləri fonunda daha da güclənib. Artıq nəinki böyük Çin bankları, həm də bir sıra regional maliyyə təşkilatları da Rusiya ilə hesablaşmaların qarşısını almağa başlayıblar. Üçüncü ölkələr, o cümlədən Özbəkistan və Qırğızıstan vasitəsilə ödənişlərin həyata keçirilməsi sxemi də çətinləşir. Bu kanallar tədricən kəsilir.
Doğrudur, bəzi şirkətlər artıq yeni reallıqlara uyğunlaşır və yeni logistik marşrutlardan istifadə etməyə başlayır. Bununla belə, onların ardıcıl işləməsi üçün vaxt lazımdır. Bundan əvvəl Çinlə ticarətdə əsas çətinliklər əsasən pul köçürmələri ilə bağlı idi. İndi logistika sahəsində problemlər yaranıb ki, bu da çatdırılma müddətlərinin və xərclərin artmasına səbəb ola bilər. Çünki ABŞ yalnız Çin deyil, Rusiyaya malların çatdırılmasında üçüncü ölkə kimi istifadə olunan Qazaxıstan, Türkiyə, Qırğızıstana ciddi xəbərdarlıqlarını çatdırıb. Buna görə də hər üç ölkənin bankları Rusiya ilə ticarət əməliyyatlarının maliyyələşdirilməsini demək olar ki, dayandırıblar.
Başqa bir məsələ budur ki, Çinin qlobal ticarətdə ciddi rəqibinə çevrilməkdə olan Hindistan Ukrayna ilə əlaqələri sürətlə dərinləşdirir. Çin kimi Rusiyanın təklif etdiyi əlverişli ticarət şərtlərindən bəhrələnən Yeni Dehli bununla yanaşı, Rusiyanı açıq və ya dolayısı ilə dəstəkləməkdən yayınır, Qərbin qadağan etdiyi məhsulların Rusiyaya çatdırılması prosesində demək olar ki, iştirak etmir. İki gündən sonra Hindistanın baş naziri Narendra Modi Ukraynada müharibə başladıqdan sonra ilk dəfə bu ölkəyə səfər edəcək. Bu barədə Hindistanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Qurumdan səfərin avqustun 23-də reallaşacağı, N.Modinin ölkəsinin Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə vasitəçilik təklif edəcəyi açıqlanıb.
Qeyd olunanlar göstərir ki, Çin birtərəfli qaydada Rusiyanın yanında olmağın yaratdığı fəsadları hesablayaraq, siyasətində korrektələr etməyə başlayıb. Bu korrektələrin hansı həddə qədər davam edəcəyini zaman göstərəcək...
Dünya SAKİT,
“Yeni Musavat”