Rusiyanın beynəlxalq ticarətdə dollardan yan keçmək üçün BRICS qrupundan istifadə etmək planları baş tutmayacaq.
Musavat.com xəbər verir ki, bu fikir Bloomberg-in hazırladığı materialda əksini tapıb.
Nəşr qeyd edir ki, təşkilatçılar Kazanda keçirilən BRİKS sammitinin qonaqlarına özləri ilə nağd dollar və ya avro götürməyi məsləhət görüblər, çünki Rusiyadan kənarda buraxılan Visa bank kartları işğalçı dövlətin ərazisində işləməyəcək:
“İkinci Dünya Müharibəsinin sonundan bəri qlobal maliyyə sistemində hökmranlıq edən valyuta ilə ayrılmağın nə qədər çətin olduğuna dair daha yaxşı nümunə təsəvvür etmək çətindir”.
Bloomberg yazır ki, BRICS ölkələri qlobal iqtisadiyyatın əhəmiyyətli bir hissəsini təmsil etsə də, dollara uyğunlaşdırılmış qlobal infrastruktur, ABŞ valyutasının ən azı bir neçə onilliklər ərzində hökmranlığını təmin edəcək.
Rusiya və Çin dünya ticarətinin de-dollarizasiyası ideyasını irəli sürməyə çalışırlar, lakin hazırda bunun real mexanizmləri yoxdur.
Bloomberg-in öz iqtisadçıları Aleks İsakov və Gerard DiPipponun fikrincə, BRİKS ölkələrinin transsərhəd ödənişlərdə dollardan yan keçmək üçün üç variantı var: yerli valyutalar, yeni rəqəmsal valyutalar və ya Çin yuanı ilə ticarət. Və hər üç variant son dərəcə şübhəlidir: "Yerli valyutalarda hesablaşmalar aşağı likvidlik səbəbindən baha olur. Rəqəmsal valyutalar çox dəyişkəndir və ümumiyyətlə əsas ticarət axınlarının öhdəsindən gəlmək üçün likvidlikdən məhrumdur. Qalır Çin yuanı. Çin öz valyutasını beynəlmiləlləşdirmək istəyir, lakin onun kursunu sərt nəzarətdə saxlayır və sərbəst şəkildə üzməsinə icazə vermək istəmir". İqtisadçılar deyirlər ki, "Pekinin böhran vəziyyətində iqtisadiyyatından kənarda qeyri-məhdud miqdarda yuan çıxarmaq istəyəcəkmi sualı da həll olunmamış qalır".
Bloomberg qeyd edir ki, ABŞ böhran dövründə müttəfiqlərinin maliyyə sistemini dəstəkləmək üçün onlara dollar tədarükünə kömək edir. Nəşrin müəllifləri bildirirlər ki, Çin hətta Rusiyanı təkbaşına kifayət qədər yuanla təmin edə bilmir: Artıq neçə aylardır Rusiyada yuan likvidliyi ilə bağlı problem pik həddə çatıb.
Musavat.com