Rusiyanın dəyəri 600 milyon dollar olan iki təyyarəsi vuruldu – İLGİNC versiya

Azov dənizi üzərində Rusiyanın A-50 və İl-22M təyyarələri vurulub. İl-22-nin Anapa hava limanına qəza enişi etdiyi bildirilir, A-50 isə Azovun soyuq sularına qərq olub.

CEFERLİ.jpg (176 KB)

Musavat.com politoloq Şahin Cəfərliyə istinadən xəbər verir ki, A-50-nin məhvi, üstəlik, onu idarə edən nadir mütəxəssislərin ölümü Rusiya üçün ağır itkidir:

“A-50 unikal təyyarədir. Uzaq mənzilli hava hədəflərini aşkar edir, göyərtəsində erkən hava xəbərdarlığı və idarəetmə sistemi quraşdırılıb. Bu sistem qanadlı və ballistik raketlərin buraxılışını, hava hücumundan müdafiə əməliyyatlarını izləyə və qeydə ala bilir. Azı 350 milyon dollar dəyərində olan bu təyyarələr Rusiyada çox məhdud sayda – cəmi 9 ədəd idi. Daha bir A-50 ötən ilin fevralında Belarusun Maçulişşi aerodromunda ukraynalı diversantlar tərəfindən sıradan çıxarılmışdı.

İl-22M isə döyüş əməliyyatları zamanı qoşunların idarə edildiyi hava komandanlığı məntəqəsidir. Ötən ilin iyununda Priqojinin qiyamı zamanı bir İl-22 vaqnerçilər tərəfindən Voronej üzərində vurulmuş və 10 ekipaj üzvü ölmüşdü”.

Politoloq bildirib ki, bəzi rusiyalı hərbi blogerlər təyyarələrin “dost atəşi”, yəni Rusiya HHM tərəfindən vurulduğunu iddia edirlər.

Musavat.com

15.01.2024 12:18
2080