Rusiyanın cari əməliyyatlar saldosu 5 dəfəyə yaxın azalıb

 

2023-cü ilin yanvar-noyabr aylarında Rusiya cari əməliyyatlar balansının müsbət saldosu 4,4 dəfə azalıb.

Musavat.com Rusiya Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövründəki 223 milyard dollara qarşı 50,5 milyard dollar təşkil edib.

2023-cü ilin noyabr ayında cari əməliyyatlar hesabının profisiti, ilkin hesablamalarına əsasən, oktyabrda 4,9 milyard dollarlıq profisitdən sonra 4,3 milyard dollar təşkil edib.

2023-cü ilin ilk 11 ayında Rusiyanın əmtəə ticarətinin müsbət saldosu 2022-ci ilin eyni dövründəki 290,4 milyard dollarla müqayisədə 2,7 dəfə azalaraq 109,0 milyard dollar təşkil edib. Noyabrda ticarət balansının profisiti oktyabrda 9,4 milyard dollardan sonra 8,4 milyard dollara qədər azalıb.

2023-cü ilin yanvar-noyabr aylarında xidmətlər üzrə xarici ticarətin mənfi saldosu 29,0 milyard dollar təşkil edib ki, bu da 2022-ci ilin müvafiq göstəricisindən (-19,4 milyard dollar) 9,6 milyard dollar və ya 1,5 dəfə çoxdur.

Rusiya Bankı qeyd edib ki, xidmətlər üzrə xarici ticarət balansında kəsir qeyri-rezidentlərə göstərilən digər xidmətlərin həcminin azalması, habelə “Səyahət” maddəsi üzrə (getmə turizmi) xidmətlərin idxalının artması səbəbindən genişlənib.

Noyabrda xidmətlər sahəsində xarici ticarət kəsiri oktyabrda 2,3 milyard dollardan sonra 1,8 milyard dollara düşüb.

Mərkəzi Bankın məlumatına görə, bu ilin yanvar-noyabr aylarında ilkin və təkrar gəlirlərin mənfi saldosu bir il əvvəlki 48,0 milyard dollardan 18,5 milyard dollar və ya 39 faiz azalaraq 29,5 milyard dollara düşüb. Bu azalma, əsasən, 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə Rusiya şirkətləri tərəfindən qeyri-rezidentlərin xeyrinə hesablanmış dividendlərin həcminin azalması nəticəsində baş verib.

2023-cü ilin yanvar-noyabr aylarında xarici aktivlərin artımı 40,4 milyard dollar həcmində qiymətləndirilir ki, bu da 2022-ci ilin on bir ayındakı 95,5 milyard dollardan 55,1 milyard dollar və ya 2,4 dəfə azdır. Xarici öhdəliklər 2022-ci ilin yanvar-noyabr aylarındakı 119,4 milyard dollar azalmaya qarşı 1,0 milyard dollar artıb.

Mərkəzi Bankın oktyabrın sonunda yenilənmiş proqnozunun baza ssenarisinə əsasən, Brent markalı neftin orta illik qiyməti bir barel üçün 83 ABŞ dolları olmaqla, 2023-cü ilin sonunda cari əməliyyatlar hesabında müsbət saldonun 60 milyard dollar olacağı gözlənilir. Bu zaman malların xarici ticarəti - 122 milyard dollar, xidmətlər ticarətinin mənfi saldosu - 31 milyard dollar, ilkin və ikinci dərəcəli gəlirlərin mənfi saldosu 31 milyard dollar proqnozlaşdırılıb.

 

Musavat.com

13.12.2023 18:49
549