Diplomatik nümayəndiliyin Gəncədə açılması Xankəndi ilə müqayisədə daha uyğun hesab edilə bilər
Rusiyanın müxtəlif ranqlı hakimiyyət təmsilçiləri Xankəndidə Rusiya konsulluğunun açılması təşəbbüsləri ilə çıxış edirlər və açıq şəkildə Kremlin bunda maraqlı olduğunu vurğulayırlar.
Rusiyanın daha çox siyasi xarakter daşıyan bu istəyi barədə son dəfə Vladimir Putinin Azərbaycana səfəri öncəsi Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin danışmışdı. O demişdi ki, Rusiyanın Xankəndidə baş konsulluğunun açılmasına hazırlıq tezliklə başlaya bilər.
“Azərbaycan ərazisində Rusiyanın yeni xarici nümayəndəliklərinin açılması məsələsi siyasi səviyyədə işlənir”. APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin konsulluq departamentinin rəhbəri Aleksey Klimov TASS-a müsahibəsində bildirib.
Azərbaycanda, o cümlədən Azərbaycanın Qarabağ regionunda yeni baş konsulluqlarının açılması ehtimalı ilə bağlı sualı cavablandıran Klimov qeyd edib ki, hazırda bu məsələ ilə bağlı siyasi səviyyədə işlənilir: “Azərbaycan tərəfi ilə müvafiq sazişlər yekunlaşdıqca XİN-in konsulluq departamenti də onlarla bağlı əməli addımların həyata keçirilməsinə qoşulacaq”.
Qeyd edək ki, beynəlxalq qanunvericiliyə görə, konsulluqlar mövcud dövlətlərin o şəhərlərində açılır ki, o dövlətlərdə qarşı tərəfin vətəndaşları yaşayırlar. Onların həmin dövlətlə münasibətlərində hüquqi problemlərin tənzimlənməsinə ehtiyac yarandıqda həmin problemlərin qısa zaman kəsiyində həllində konsulluq təbii ki, iştirak edir. Rusiyanın hazırda Xankəndidə vətəndaşları yoxdur. Rusiya sülhməramlıları isə Azərbaycanla əldə edilmiş razılıqdan sonra bölgəni tərk ediblər.
Rusiyanın konsulluğu Azərbaycanın ikinci böyük şəhəri Gəncədə aça biləcəyi də yayılan iddialar sırasındadır. Yada salaq ki, Rusiyanın özündə sonuncu prezident seçkisi zamanı Azərbaycanda işləyib-çalışan Rusiya vətəndaşlarının bu seçkilərdə iştirakını təmin etmək, onların hüquqlarının realizə olunması üçün məhz Bakı ilə yanaşı Gəncədə belə seçki məntəqələri yaradılmışdı.
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin də bir müddət öncə Moskva və Bakının Azərbaycanda baş konsulluqlarının yaradılmasını müzakirə etdiyini demişdi. “Rusiya Federasiyası bu məsələdə uğur qazanacağına ümid edir”, - deyə nazir mavini bildirmişdi.
Göründüyü kimi, Rusiya bu istəyindən vaz keçməyib.
Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”a açıqlamasında maraqlı təkliflə çıxış etdi: “Rusiyanın Xankəndidə konsulluq açmaq istəyi sonuncu rus qoşun hissələrinin Qarabağın dağlıq hissəsini tərk etməsindən sonra gündəmə gətirilib. Görünən odur ki, gizli danışıqlarda rus sülhməramlılarının bölgəni sakit və səssiz tərk etməsinin "bədəli" kimi Xankəndidə konsulluq açması əsas müzakirə mövzularından olub. Yəqin indi Rusiya bölgədən “səssiz” gedişinin “bədəli”ni istəyir.
Aydındır ki, Kreml Xankəndidən, dolayısı ilə Qarabağdan birdəfəlik getmək istəmir. İlk baxışdan, Azərbaycan ictimaiyyəti Rusiyanın Xankəndidə konsulluq açmasına qarşıdır. Xalqımız 30 illik münaqişə dövründə Moskvanın İrəvana açıq dəstəyinə şahidlik edib. Bu baxımdan da Bakının beyin mərkəzləri rusların Qarabağa diplomatik libasda qayıdışına qarşıdır. Çünki rusların Qarabağa kəşfiyyat resursları ilə gəlişi gələcəkdə bizə əlavə problemlər yarada bilər. Hətta münaqişənin yaraları tam sağaldıqdan sonra ruslar erməniləri yenidən bölgəyə qaytarmaq üçün təzə “yaralar” formalaşdıra bilərlər. Digər tərəfdən, Xankəndidə ruslar yaşamır. Bu baxımdan, Moskvanın bu şəhərdə konsulluq açmaq istəyi tam anlaşılan deyil. Ola bilsin ki, ruslar indiki mərhələdə Ermənistan, İran və Türkiyə ilə bağlı kəşfiyyat qaynaqları üçün əlavə yedəkçi baza formalaşdırmaq istəyir.
Hələ ki Azərbaycan dövləti Xankəndinin siyasi mərkəz olması ilə bağlı rəsmi açıqlamalar verməyib. Xankəndidə rus konsulluğunun açılmasındansa, orada Rusiya-Azərbaycan Universiteti yaratmaq daha məqsədəuyğun olardı. Üstəlik, Rusiya burada konsulluq açırsa, qardaş Türkiyəyə də bu imkanı yaratmalıyıq. Pakistan və İsrailin də Xankəndidə konsulluq açmaq niyyətləri ola bilər. Əgər varsa, bunları da nəzərdən keçirməliyik.
Digər tərəfdən, Xankəndidə bizim hərbi bazalar yerləşir. Biz əmin deyilik ki, rus konsulluğu orada fəaliyyət göstərərsə, ordumuzla bağlı kəşfiyyat məlumatlarını Ermənistana ötürməyəcək. Bu baxımdan, konsulluq məsələsi universitet açılması ilə əvəzlənə bilər. Həm də ikinci durum mədəni hadisədir və xalqların yaxınlaşmasına böyük töhfədir".
Əli Orucov
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Rusiyanın konsulluq israrının başadüşülən olmadığını qeyd etdi: “Ölkələr arasında diplomatik nümayəndəliklərin açılması və fəaliyyəti beynəlxalq konvensiyalarla dövlətlərin qarşılıqlı razılaşması ilə tənzimlənir. Konsulluq əlaqələri haqqında Venesiya Konvensiyasının tələblərinə görə yerləşdiyi dövlətdə vətəndaşlarının hüquq və maraqlarının qorunması və digər məsələlərə baxır. Bu baxımdan Rusiyanın Xankəndidə konsulluq açmaqla bağlı israrını anlamaq çətindir. Nə Xankəndidə, nə də keçmiş Dağlıq Qarabağ ərazisində Rusiya vətəndaşları yoxdur. Quruculuq işlərində də Rusiya şirkətləri bildiyim qədər iştirak etmir. Həmçinin Rusiya konsulluğunun üzərinə öz hüquq və maraqlarını etibar edəcək üçüncü dövlət yoxdur. Demək, Rusiyanın Xankəndidə konsulluq açmaq istəyi bölgəni nəzarətdə saxlamaq, görülən işlərlə məlumatları beynəlxalq konvensiyaya uyğunlaşdırıb Moskvaya ötürmək və yaxud digər planların həyata keçirilməsini qanuniləşdirməkdir.
Gəncədə Rusiyanın baş konsulluğunun açılmasının da ehtiyacdan doğduğunu düşünmürəm. Rusiya vətəndaşları əsasən Bakıda işləyir, fəaliyyət göstərir. Onların regionlarla sıx iqtisadi-mədəni, ticari, texniki əlaqələrinin olduğu haqqında məlumatlara rast gəlməmişəm. Ancaq bununla belə, Gəncədə Rusiyanın Baş Konsulluğunun açılması Xankəndi ilə müqayisədə daha uyğun hesab edilə bilər. Xankəndidə baş konsulluğun açılması Rusiyanın çoxdankı arzusudur. Rusiyanın bölgədə yerləşdirilən məhdud sayda sülhməramlı kontingentinin tam çıxarılmasından sonra Moskva görünür, həmin boşluğu konsulluq təsisatı ilə doldurmaq niyyətinə düşüb. Mən Azərbaycan iqtidarının Rusiya Xarici İşlər Nazirliyinin bu istəyinə necə cavab verəcəyindən asılı olmayaraq, Xankəndidə baş konsulluq açılmasını dövlətlər arasında münasibətlərin və əlaqələrin daha da inkişaf etdiriləcəyinə töhfə verəcəyini düşünmürəm. Bu, sırf Rusiyanın maraqlarına və hansısa bölgəsəl layihələrinə hesablanıb".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”