Rusiya ilə imzalanmış investisiya sazişinə qarşı etiraz edən Abxaziya vətəndaşları parlament binasının həyətinə daxil olublar. Parlamentin bir qrup üzvü onlarla danışıq aparmaq üçün etirazçılarla görüşüb.
Musavat.com “İnterfaks”-a istinadən xəbər verir ki, parlamentdəki danışıqlardan sonra etirazçıların qarşısına çıxan müxalifət liderlərindən Temur Quliya etirazçılara Rusiya ilə investisiya sazişinin ləğvi ilə bağlı razılığın əldə olunduğunu, hazırda müvafiq sənədin hazırlandığını bildirib: “Abxaziya Prezidentinin Administrasiyası “Abxaziya hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında Rusiya hüquqi şəxsləri tərəfindən Abxaziya ərazisində investisiya layihələrinin həyata keçirilməsinə dair sazişin ratifikasiyası haqqında” qanun layihəsinin parlamentdən çıxarılmasına dair sənədin hazırlanmasını təsdiqləyib”.
Abxaziya prezidentinin mətbuat xidmətindən İnterfaks-a bildiriblər ki, “bu qərar respublikada vəziyyəti sabitləşdirmək üçün qəbul edilib”.
Abxaziya müxalifəti Rusiya hüquqi şəxsləri tərəfindən respublika ərazisində investisiya layihələrinin həyata keçirilməsinə dair sazişin ratifikasiyasına qarşıdır. Onlar sazişdə Rusiyadan olan investorlara müstəsna imtiyazların verilməsini Abxaziyanın dövlət maraqlarına qarşı addım kimi qiymətləndirirlər.
Musavat.com