Rusiyalıların artan Bakı sevdası - şimaldan köçə hazırıqmı?

Eyyub Kərimli: “Rusiyalıların ölkəmizə axının  təhlükəsi...”

“Yandex Travel” analitiklərinin araşdırmasının nəticəsinə görə, Azərbaycan iyunda xarici istiqamətlər arasında ruslar üçün tələbat artımı baxımından lider ölkə olub.

“2023-cü ilin iyun ayında 2022-ci ilin iyun ayı ilə müqayisədə Azərbaycana səyahətə maraq 249% artıb”, - deyə onlar qeyd ediblər.

Mütəxəssislər bu cür göstəricilərin yaranmasının səbəbləri arasında bu ilin yayında Azərbaycana uçuşların qiymətlərinin xeyli aşağı salınmasını qeyd ediblər. Belə ki, 2023-cü ilin iyununda gediş-gəliş əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23% ucuz başa gəlib. Azərbaycanda hotellərin bronlaşdırılması qiymətləri isə 2022-ci ildəki qiymətlərlə eynilik təşkil edir.

Eyni zamanda ötən ilin müvafiq dövrü ilə müqayisədə Gürcüstana (87%), Tailanda (80%), Kiprə (55%) və Türkiyəyə (44%) səyahət tələbi də xeyli artıb.

Qeyd edək ki, Ukrayna müharibəsi başlayandan sonra Rusiya vətəndaşları daha çox səyahət adı altında ölkədən çıxır və əsasən keçmiş sovet respublikalarının yaşamaq, həm də biznes üçün daha əlverişli ölkələrində yerləşirlər. Bu sırada əsas yerdə Gürcüstan gəlir. Ermənistanda da bu rəqəm az deyil. Amma son aylara qədər  Azərbaycana turist və yaşamaq üçün gələnlərin sayında artım nəzərə çarpır. Ola bilsin ki, bu prosesə Türkiyə və Gürcüstan hakimiyyətlərinin rusiyalı investorlara nəzarəti gücləndirməsi ilə bağlı müzakirələr də təsir etsin.

Məsələn, Gürcüstan prezidenti Salome Zurabişvili bugünlərdə deyib ki, rusiyalı investorlara vətəndaşlıq verilməsinin əleyhinədir.

“Rus biznes investorları üzərində nəzarət olmalıdır, Rusiyadan olan ruslar, kiprli ruslar, İsraildən olan ruslar. Mən Rusiyadan olan investorlara vətəndaşlıq verilməsini qəti şəkildə əngəlləyirəm. Gürcüstan hakimiyyəti Rusiya investorlarına nəzarəti gücləndirməlidir”, - deyə S.Zurabişvili qeyd edib.

Prezident həmçinin deyib ki, belə investorların ölkədə işləməsi üçün yaşayış icazəsi lazımdır. Türkiyədə də bəzi bölgələrdə rusiyalıların ev almasını əngəlləyən qadağalar var.

Ekspertlərə görə, Rusiyada baş verən son hadisələr fonunda bu şimal ölkəsində tərəddüd edənlərin sayı artıb və tezliklə rusiyalılar özlərinə daha yaxın ətrafda təhlükəsiz ölkələr axtarmağa meyllənəcəklər.

Azərbaycan bu axından iqtisadi baxımdan nələr əldə edə bilər? Rusiyalıların xüsusilə paytaxtda artımının gələcəkdə hansısa mənfi nəticələri ola bilərmi?

Eyyub Kərimli: “ƏDV-nin azaldılması büdcə yığımlarına mənfi təsir göstərə  bilər” Pravda.az

 Eyyub Kərimli 

Mövzu ilə bağlı iqtisadçı ekspert Eyyub Kərimli “Yeni Müsavat”a danışıb: “Ukrayna müharibəsi səbəbindən Rusiya uzun müddətdir ki, iqtisadi sanksiyalarla üzləşib, 8 iqtisadi sanksiya paketi ilə mübarizə aparır. Təbii ki, bu da  həm Rusiya büdcəsinə, həm də vətəndaşların büdcəsinə təsir edir. Belə ki, Rusiya vətəndaşları müharibə səbəbindən digər Avropa ölkələrində rahat və təhlükəsiz istirahət edə bilmir, bank köçürmələri dondurulduğundan orada vəsaitlərindən rahat istifadə edə bilmirlər. Bu baxımdan, əlbəttə ki, MDB ölkələri həmçinin Türkiyə Rusiya  vətəndaşları üçün çox əlverişli istirahət məkanıdır”.

Ekspert qeyd edib ki,  Rusiya böyük ölkədir və bu baxımdan rusiyalıların Azərbaycana turist səfəri ölkəmizin büdcəsinə müsbət təsir edə bilər: “Bu, həmçinin ölkəmizin qeyri-neft və turizm sənayesi sektorunun inkişafına çox  əhəmiyyətli təsir göstərə bilər. Əlbəttə ki, Rusiya vətəndaşları ölkəmizdə rahat şəkildə istirahət edə bilir. Belə ki, ölkəmizdə onlar üçün dil baryerləri olmur, məlum olduğu kimi, Azərbaycan əhalisinin böyük qismi rus dilində danışa bilir, həmçinin onlar üçün bu bölgə çox da bahalı məkan sayılmır, məsafə baxımından da yaxındır. Həm də hansısa formada bizim birgə mədəniyyətimiz, yaşayışımız olub.  Bu baxımdan Rusiya vətəndaşlarının Azərbaycana axınının ölkə iqtisadiyyatı üçün müsbət təsiri ola bilər.

Hətta gələcəkdə Rusiya vətəndaşlarının ölkəmizə investisiya qoyması, biznes investisiyalarında iştirak etməsi müsbət hal ola bilər. Daha bir məsələ, məlum olduğu kimi,  bu gün Rusiyadan həm də beyin axını baş verir, ağıllı insanlar əsasən Gürcüstan və Ermənistana gedir. Bu baxımdan Rusiyanın ağıllı insanlarının ölkəmizə gəlişi həm texnoloji inkişafa, həm də informasiya texnologiyalarının inkişafına böyük töhfə verə bilər.

Bu baxımdan düşünürəm ki, burada biz ancaq müsbət iqtisadi təsirləri müşahidə edə bilərik. Onu da nəzərə alaq ki,  Rusiya vətəndaşları ölkəmizə yalnız müvəqqəti turist səfəri edə bilir və bu, ölkəmizin qanunları ilə tənzimlənir. Bu baxımdan, rusiyalıların ölkəmizə axınının elə bir əhəmiyyətli təhlükəsi yoxdur".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

05.07.2023 09:20
5390