Rusiyalı səfir: Ermənistan Naxçıvana dəhlizlə bağlı danışıqları gecikdirir

Ermənistan Azərbaycandan Naxçıvana nəqliyyat dəhlizinin açılmasını gecikdirir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Yevdakimov "İzvestiya"ya müsaibəsində bildirib.

Onun sözlərinə görə, bu mövzu Azərbaycan tərəfi üçün çox önəmlidir:

"Bu, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında sabit nəqliyyat marşrutunun, nəqliyyat yollarının olmasıdır. Birinci Qarabağ müharibəsi zamanı bütün kommunikasiyalar kəsilib, Naxçıvana elektrik enerjisi verilişi dayandırlıb. Ona görə də Azərbaycan üçün marşrutun təhlükəsizliyi (bu, təqribən 46 km-dir) mücərrəd mövzu deyil.

Bu marşrut boyunca tunellər və məncə körpü də var. Rusiya Federasiyası öz hesabına bu marşrutu kifayət qədər tez bərpa etməyə hazır idi. Mənə o qədər də aydın olmayan müxtəlif səbəblərdən erməni tərəfi danışıqları gecikdirir.

Bunun nəticəsidir ki, ötən il Bakı ilə Tehran arasında İran ərazisindən keçən dəmir yolunun tikintisinə dair saziş imzalanıb. Orada marşrutun uzunluğu biraz çoxdur - 60 kilometrdən biraz çox. Bu marşrut daha çətindir, amma bu iş gedir. Bütün bu illər ərzində Azərbaycanla Naxçıvan arasında avtomobil yolu ilə yük daşımaları İran ərazisindən keçirib. Üstəlik bu, Türkiyəyə gedən yoldur. İndi əsas odur ki, Türkiyədən Naxçıvana dəmir yolları çəkilsin. Müvafiq olaraq, Azərbaycan, İran və Naxçıvan vasitəsilə Rusiyadan Türkiyəyə yük daşıya biləcəyik", - deyə rusiyalı diplomat vurğulayıb.

12.02.2024 04:53
914