Rusiyanın daxili işlər nazirinin köməkçisi, general-leytenant və Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin sabiq rəisi Sergey Umnov vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunaraq saxlanılıb. O, Petrovkadakı müvəqqəti saxlama təcridxanasındadır.
Musavat.com-un "oxu.az"a istinadən məlumatına görə, bu barədə Moskva İctimai Monitorinq Komissiyası (İMK) məlumat verib.
İctimai Monitorinq Komissiyasının müşahidəçiləri təcridxanada generalı ziyarət ediblər.
“Umnov saxlanılaraq Moskvaya aparılıb... O, özünü təqsirli bilmir”, - deyə komissiyadan bildirilib.
Cinayət işinin təfərrüatı barədə açıqlama verilmir.
Sergey Umnov 2012-ci ilin martından 2019-cu ilin fevralına kimi Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinə rəhbərlik edib. Dünən iyulun 5-də Umnovun evində və iş yerində axtarışlar aparılıb. Axtarışlar ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 285-ci maddəsinin 3-cü hissəsi) işinin bir hissəsi kimi həyata keçirilib.