Rusiyalı ekspertdən İrəvana İLGİNC TƏKLİF: Azərbaycandan qazı BELƏ ALIN

Ermənistanın Azərbaycandan qaz alması imkanları barədə Bakı və İrəvandan səsləndirilən fikirlər Rusiyada ciddi maraq doğurub. Bir çox rusiyalı ekspertlər məsələyə münasibət bildirirlər.

Musavat.com xəbər verir ki, belə ekspertlərdən biri də enerji sahəsi üzrə ixtisaslaşmış Boris Martsinkeviçdir.

BORİS.jpg (28 KB)

Onun fikrincə, Azərbaycanla Ermənistan arasında qaz ticarəti yalnız bütün siyasi məsələlər həll olunduğu halda Ermənistan üçün faydalı olacaq.

NEWS.am-a danışan ekspert xatırladıb ki, Ermənistan bu gün elektrik enerjisi müqabilində İrandan qaz, eləcə də Gürcüstandan tranzitlə Rusiya qazı alır.

Martsinkeviç hesab edir ki, bu halda bütün siyasi məsələlərin həlli zamanı Ermənistan üçün Rusiyada olduğu kimi tranzit faktoru və İranda olduğu kimi elektrik enerjisi ilə bağlı öhdəliklər olmayacaq.

Eyni zamanda o, Ermənistan hakimiyyətinə belə bir qərar verərsə, qazı Rusiya qazının əvəzinə deyil, Rusiya qazı ilə birlikdə almağı tövsiyə edib:

“İki alıcınız varsa, qiyməti endirməyə məcbur edə bilərsiniz. Əgər Bakı başa düşsə ki, İrəvan Azərbaycan qazı olmadan yaxşı iş görə bilər, o zaman siyasi risklər minimal olacaq. Əlverişli şərtlər təklif olunarsa, İrəvan alır, yoxsa İrəvan Rusiyaya və ya İrana gedir. Əgər Azərbaycan qiyməti qaldırmağa çalışsa, o zaman Ermənistanın ehtiyatda həm İranı, həm də Rusiyası olacaq. Bu yanaşma ilə nəzarət və tarazlıq sistemi fəaliyyət göstərəcək”.

Boris Martsinkeviç Rusiyanın bu cür hadisələrə tam sakit reaksiya verəcəyini izah edib:

“Əgər Azərbaycan Ermənistana tədarük etməyə başlasa, bu o deməkdir ki, o, Avropaya daha az qaz tədarük etməli və ya daxili bazara daha az qaz verməli olacaq. Eyni zamanda, Rusiyadan Azərbaycana çəkilən qaz kəməri yerindədir”.

İran istiqamətinə gəlincə, ekspert Ermənistanla İran arasında qazın elektrik enerjisinə mübadiləsinə dair uzun müddət imzalanmış sazişi xatırladıb:

“Problem İrandan gələn qaz deyil, Ermənistandan gələn elektrik xətlərinin gücünün genişləndirilməsi zərurəti idi. Söhbət dağ şəraitindən gedir, bu, kifayət qədər bahalı layihədir. Razılaşmaya əsasən, İran maliyyələşdirməni öz üzərinə götürüb, lakin sanksiyalar rejimi bərpa edildikdən sonra pul ayrılması çətinləşib. Bununla belə, son bir ildə İran neft hasilatını və satışını artırdığına görə maliyyə şərtləri dəyişib”.

Musavat.com

11.05.2024 22:49
2526