"Rusiya Federasiyasına qarşı hücumlar açıq-aşkar böhtandır"
Musavat.com erməni mediasına istinadən bildirir ki, bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan parlamentinin spikeri Alen Simonyanın son bəyanatlarına reaksiyasında deyib.
“Sərhədçilərimiz gərginlik anlarında Nerkin Xanda olduğu kimi, eskalasiyanın dayandırılmasına gətirib çıxaran real addımlar atır. Hələ Paşinyanın şəxsi xahişi ilə Rusiya hesabına Azərbaycanla sərhəddə yerləşdirilən sərhəd dirəklərini demirəm”,- deyə diplomat Rusiyanın Ermənistanı aldatdığı və müsafiəsiz qoyduğu barədə iddialarına cavab olaraq bildirib.
Kopırkin müsahibəsində deyib ki, Rusiya müharibəni dayandırmaq və hər cəhətdən fəlakətin baş verməməsi üçün bütün mümkün tədbirləri görən yeganə ölkədir.
“İctimaiyyətdə belə ifadələrə icazə veriləndə sual yaranır - bu niyə edilir? Ermənistan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər Ermənistanda bir çox ailələr üçün həyati vacib məsələdir. Və dövlət rəhbərlərindən biri belə ritorika ilə məşğul olanda onun kimin maraqlarını güddüyü bəlli deyil”, - səfir deyib.
Bundan əvvəl Alen Simonyan demişdi ki, Ermənistanın “böyük qardaşı” olan Rusiya yeri gələndə onu müdafiə etməyib. Sonra guya Moskva İrəvanı növbəti dəfə aldadaraq Ermənistan ərazisində müharibəyə sürükləməyə çalışıb ki, daha sonra onu “xilas etsin”.
Musavat.com