Rusiya öz ərazisində daha bir Azərbaycan saytını bloklayıb. Bu dəfə rusdilli Caliber.az qəzəbə gəlib. Ukraynaya təcavüz başlayandan isə Musavat.com, Minval.az. Haqqin.az saytları bloklanıb. Azərbaycanda isə Rusiyaya bağlı heç bir sayt bloklanmayıb. Bəs Azərbaycan da bu cür addım atmalıdırmı? Media mütəxəssislərinin bu məsələdə mövqeləri necədir?
Mövzu ilə bağlı “Ayna”, “Zerkalo” qəzetlərinin təsisçisi Elçin Şıxlı bu barədə “Yeni Müsavat”a danışdı. Elçin Şıxlı qeyd etdi ki, təkcə adları çəkilən saytlar deyil, “Zerkalo” da aprelin 17-dən Rusiya ərazisində bloklanıb: “Aprelin 14-dən Rusiya Baş Prokurorluğu təqdimat verib və aprelin 17-də ”Zerkalo" Rusiya ərazisində bloklanıb. Sadəcə, biz digərləri kimi səs-küy salmamışıq.
Azərbaycanın hansısa saytlarının Rusiya ərazisində bloklanmasının heç bir mənası yoxdur. Yəni saytlarımızın hamısını bir yerə yığsaq Rusiyanın ictimai fikrinə təsir edəcək gücümüz yoxdur. Sadəcə olaraq Rusiya bu şəkildə və formada Azərbaycanı bir dövlət, hökumət olaraq təhdid edir. Bizim Rusiyanın saytlarını bloklamağımızın da heç bir əhəmiyyəti yoxdur, çünki onların da bizim ictimai rəyə təsir etmək imkanları bir o qədər geniş deyil. Sadəcə burada Rusiyanın 5-ci dəstəsi var, hansı ki, biz “5-ci kolon” adlandırırıq. Amma Azərbaycan dilində elə bir söz yoxdur. “Kolon” nə deməkdir, anlaya bilmirəm? Bu sadəcə dəstə deməkdir. Və beləliklə həmin 5-ci dəstə dayaq kimi burada hazırdır və ən azından Rusiyaya meyillidirlər.
Elçin Şıxlı: “Rusiya ərazisində saytların bloklanmasının heç bir mənası yoxdur, çünki...”
Biz burada dövlətlər arası müqavilə əsasında hələ də çalışan “Sputnik” İnformasiya Agentliyinə qarşı ictimai qınaq yarada və çalışa bilərik ki, onlar burada işləməsin. Nəyə görə? Çünki həmin qurumun başında duran Marqarita Simonyandır. O, erməni olmağı bir yana, Azərbaycanın düşmənidir, həm Rusiya vətəndaşı, həm də etnik erməni olaraq. Burada həmin agentliyin yerli jurnalistlər tərəfindən informasiyalar hazırlanması Moskvada və buradakı maşalarının kefinə soğan doğradığı üçün həmin jurnalistləri min bir hoqqa ilə uzaqlaşdırdılar. İndi əsas jurnalistlərdən biri rusdur və başına bir rus gətiriblər, hansı ki, ümumiyyətlə Azərbaycanı tanımır.
Ümumiyyətlə isə, hansısa informasiya resusunun bağlanmasının və ya bloklanmasının əleyhinəyəm. Ona görə ki, informasiya elə bir şeydir ki, nə var, onu deyəcək. Biri var təbliğat-təşviqat maşını, bu tamam başqa şeydir və onun jurnalistikaya heç bir aidiyyəti yoxdur. Beləliklə, indiki texnoloji inkişafı nəzərə alsaq kimsə hansısa saytı oxumaq istəyərsə başqa yollar tapacaq, ən azı “VPN” vasitəsi ilə oxuyacaq. Doğrudur, kütləvilik azalacaq, amma eyni zamanda da oxumaq istəyənin qarşısının almaq olmayacaq.
Qulu Məhərrəmli: “Rusiya-Ukrayna müharibəsi haqqında gerçəklərin yazılması... əlbəttə ki, Rusiya mühitində bomba kimi partlayır”
Ona görə də bu cür addımları mənasız hesab edirəm. Biz sadəcə olaraq öz işimizi görməli, xəttimizi tutmalı, Azərbaycanın məqsədləri nədirsə o istiqamət üzrə yolunu düzgün tutub davam etməliyik. Yəni, Ukraynada baş verən müharibədir, biz buna “xüsusi hərbi əməliyyat” deməməliyik, Ukraynanın ərazi bütövlüyünü tanımışıq, tanıyırıq, bundan sonra da tanımalıyıq. Və Ukraynaya humanitar yardım göstərməyi də davam edəcəyik və etməliyik də".
Əməkdar jurnalist Qulu Məhərrəmli isə qeyd etdi: “Ukraynaya qarşı müharibəyə başlayandan Rusiyada gerçəyi cəmiyyətə çatdırmaqla bağlı ciddi problemlər var. Bilirsiz ki, Dövlət Duması senzura haqqında qanun qəbul edib. Həmin qanuna əsasən müharibə ilə bağlı yanlış məlumatlar yayanlar cərimələnir, hətta 15 ilə qədər həbs cəzası nəzərdə tutulub. Rusiya vaxtilə bütün Avropanı informasiya müharibəsinin qorxusunda saxlayırdı. Təsadüfi deyildi ki, 2020-ci ildə ABŞ Senatı Rusiya təbliğatına qarşı dayanmaq və ona qarşı əks-təbliğat aparmaq üçün 200 milyonda dollardan çox vəsait ayırıb. Ukrayna müharibəsi başlayandan sonra Rusiyanın özü həm Ukrayna, həm də Qərb ölkələri tərəfindən eyni taktika ilə qarşılaşdığına, informasiya hücumuna məruz qaldığına görə sərt addımlar atır.
Belə düşünmək olmaz ki, Azərbaycan saytlarının Rusiyanın ictimai mühitinə təsir etmir. Rusiyada kifayət qədər azərbaycanlı yaşayır və onların əksəriyyəti həm ölkəmiz, həm də Rusiya haqqında məlumatları Azərbaycan saytlarından alırlar. Rusiya-Ukrayna müharibəsi haqqında gerçəklərin yazılması, Rusiyanın qadağan etdiyi, eşitmək istəmədiyi, Rusiyanın rəsmi təbliğatına uyğun olmayan məlumatların verilməsi əlbəttə ki, Rusiya mühitində bomba kimi partlayır. Azərbaycan saytlarının Rusiyada bloklanması bununla bağlıdır.
Bəs biz də bu cür addım atmalıyıqmı? Hesab edirəm ki, bu məsələdə biz ölçülü-biçili siyasət yeritməliyik. Əlbəttə ki, hansısa saytı bağlamaq çox rahat işdir. Amma nəzərə almalıyıq ki, saytlar informasiya mənbəyidir. Əgər Rusiya saytlarında Azərbaycan əleyhinə məlumatlar verilərsə, biz onlara xəbərdarlıq etməliyik, əgər bu xəbərdarlıqlar qulaqardına vurularsa, bəli, biz də qərar qəbul etməliyik ki, onlar Azərbaycanda fəaliyyət göstərə bilməz. Bütün hallarda biz Rusiya-Ukrayna informasiya müharibəsində gerçəyin, doğruların yazılmasının tərəfindəyik. Bizim üçün önəmli olan gerçəkdir və Azərbaycanın marağıdır və biz bu maraqlar çevrəsində siyasətimizi qurmalıyıq".
Xalidə GƏRAY,
“Yeni Müsavat”