Hüquqşünas: “Yeni qanunun tətbiqi Rusiyadakı həmyerlilərimizə təsir göstərəcək, amma...”
Rusiyadan böyük miqrant köçü başlaya bilər. Buna səbəb Moskvada miqrantların hərbi komissarlıqlarda məcburi qeydiyyata alınmasıdır. Artıq bu istiqamətdə reydlər başlayıb.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, reydləri Rusiya İstintaq Komitəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları həyata keçirir.
Moskvada metronun “Şçelkovskaya” stansiyasının yaxınlığında, eləcə də Şərq İnzibati Dairəsinin mehmanxalarında ilk reydlər baş verib. Onlarla miqranta hərbi komissarlığa çağırış vərəqəsi verilib. Onlar hərbi qeydiyyata alınacaqlar.
Bu xüsusda Rusiyanın “Kommersant” nəşri yazır ki, Moskvada İstintaq Komitəsinin hərbi istintaq idarəsinin nümayəndələri və Daxili İşlər Nazirliyinin əməkdaşları qeyri-qanuni miqrasiya faktlarını aşkar etmək və keçmiş miqrantların qanunlara riayət etmələrinə nəzarət etmək üçün reyd keçiriblər. Bu yoxlama nəticəsində Rusiya vətəndaşlığını qəbul etmiş onlarla miqrant qeydiyyata alınmaq üçün Hərbi Komissarlığa çağırış vərəqəsi alıb. Nəşrin məlumatına görə, reyd avtovağzalda, tərəvəz bazasında və yataqxanalarda baş tutub. Əvvəllər belə yoxlamalar Moskva vilayətində Serpuxov və Çexovda aparılıb: hərbi müstəntiqlər hərbi qeydiyyatda olmayan 10 keçmiş miqrantı müəyyən ediblər, İstintaq Komitəsinin hərbi istintaq idarəsi bildirib.
2024-cü il iyulun 31-də Duma “Rusiya vətəndaşlığını qəbul edən şəxslərin məcburi hərbi qeydiyyatı haqqında” Qanunu qəbul edib. Bu tələbin yerinə yetirilməməsi Rusiya vətəndaşlığından məhrum etmək üçün əsas olacaq. Təşəbbüs “Rusiyanın yeni vətəndaşları tərəfindən Vətəni müdafiə etmək üçün Konstitusiya öhdəliyinin məcburi şəkildə yerinə yetirilməsinə yönəlib” izahat qeydində deyilir. Bu qanun əsasən Rusiya vətəndaşlığını almış miqrantlara təsir edəcək. Ötən ilin payızında Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Ukraynaya qarşı müharibədə iştirak etmək istəməyən miqrantların vətəndaşlıqdan məhrum edilməsini təklif etmişdi.
“Xüsusi hərbi əməliyyat davam edərkən, hesab edirəm ki, biz onları xüsusi hərbi əməliyyatın keçirilməsinə cəlb etməliyik. Əgər siz Rusiya Federasiyasının vətəndaşı kimi hərbi borcunuzu yerinə yetirməyə hazır deyilsinizsə, belə bir şəxsi vətəndaşlıqdan məhrum etmək barədə qərar qəbul etməlisiniz”, Aleksandr Bastırkinin sözləridir.
Bundan sonra Rusiyada miqrantlara qarşı basqın halları artıb. Təhlükəsizlik qüvvələri Rusiya vətəndaşlığı olan miqrantları saxlayıb və hərbi qeydiyyata almağa başlayıblar. Ötən ilin dekabr ayında xarici vətəndaşların hərbi qeydiyyatdan yayındığına görə Rusiya vətəndaşlığından məhrum edilməsinə dair məlumatlar yayılmağa başladı. Söhbət Orta Asiyadan gələn miqrantlardan gedirdi.
Rusiya rəsmiləri isə qəbul olunan qanunun miqratların məcburi müharibəyə aparılmasına görə qəbul edilmədiyini iddia edirlər. Deyirlər ki, qanuna görə, istəyən Rusiya Müdafiə Nazirliyi ilə könüllü müqavilə imzalamaqla Şimal Hərbi Dairəsi zonasına gedə bilər.
Rusiya rəsmilərindən biri Ukrayna və Britaniya mətbuatının məsələ ilə bağlı yazdıqlarını şərh edərkən deyib ki, Rusiya vətəndaşlığını qəbul etmiş miqrantların qeydiyyatı tam qanunidir: “Bu, 53-FZ nömrəli "Hərbi vəzifə və hərbi xidmət haqqında" Federal Qanunun 32-ci maddəsində təsbit edilib. Vətəndaş hərbi xidməti yerinə yetirməyi öhdəsinə götürdüyü müddəti göstərməlidir. Eyni qanun, qanunla müəyyən edilmiş yaşa çatmış Rusiya Federasiyasının hər bir kişi vətəndaşının hərbi qeydiyyat tələblərinə tabe olmasını nəzərdə tutur. Yeni vətəndaşlar anadangəlmə vətəndaşlıq almış insanlarla eyni hüquq və vəzifələrə malikdirlər. Rusiya vətəndaşlığını aldıqdan sonra belə şəxslər hərbi xidmətdən yayınırlar. “Belə nümunələr əhali arasında kütləvi narazılığa səbəb olur ki, bu da sosial və ictimai əhval-ruhiyyəyə mənfi təsir göstərir, vətəndaşlıq institutunun nüfuzunu sarsıdır və qanuna hörmətsizliyi təbliğ edir, o cümlədən "yeni vətəndaşlar" arasında ayrı-seçkiliyə yol açır. Buna görə də vətəndaşın hərbi qeydiyyatı və Rusiya Federasiyasının vətəndaşlığının alınması prosesləri sinxronlaşdırılıb".
Bu qanunun qəbulu miqrantların, həmyerlilərimizin geri dönüşünə və ya üçüncü ölkəyə kütləvi köçünə yol aça bilərmi?
Natiq Ələsgərov
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, qanun qəbul edilsə də, Rusiyadan kütləvi köç gözlənilmir: “Nə oradakı miqrantlar, nə də ki, Rusiya iqtisadiyyatı miqrantlarsız fəaliyyət göstərə bilmir. Rusiya iş yerləri baxımından miqrant "cənnəti"dir. Rusların bir çoxu sadəcə işləmək istəmirlər. Bu da işçi çatışmazlığı yaradır. Bu gün Rusiyada 1 milyon nəfərə yaxın həmyerlimiz yaşayır. Yeni qanunun tətbiqi Rusiyadakı həmyerlilərimizə təsir göstərəcək. Amma ciddi bir problemin olacağına inanmıram. O ki qaldı həmyerlilərimizin kütləvi köçünə, inanmıram ki, Rusiyadakı yaşam, iş şərtlərini görənlər ölkəyə qayıdar. Rusiya-Ukrayna müharibəsi başlayanda daha çox Orta Asiyaya üz tutanlar oldu. Azərbaycana kütləvi köç olmayacaq".
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”