Cənubi Qafqazda sülh prosesinin uğuru böyük ölçüdə Rusiyadan asılıdır. Ancaq bu, sadəcə, "Kreml razılıq versə, sülh olacaq" anlamı daşımır. Əksinə, bu reallığın "Rusiya əngəl törətməsə, sülh qaçılmazdır" kimi izah edilməsi, onu daha çox məntiqli yanaşmaya yaxınlaşdırır. Və bu önəmli faktor indi daha çox aktualdır.
Məsələ ondadır ki, Kremlin Cənubi Qafqazda sülh istəmədiyi artıq heç kəsə sirr deyil. Yəni, Rusiya Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına heç bir halda, imkan vermək istəmir. Ona görə də, Kreml həmişə regional sülh prosesinə müxtəlif əngəllər icad etməkdə israrlı olacaq. Və buradan da tək bir nəticə çıxır.
Məsələ ondadır ki, əgər, Cənubi Qafqazda sülhün və sabitliyin bərpasına prinsipial cəhdlər mövcuddursa, deməli, onlar ilk növbədə Rusiyaya qarşı yönəlməlidir. Çünki Rusiya sülh prosesində iştirak etdiyi müddətdə həmin prinsipial cəhdlərin real nəticə vermə ehtimalı demək olar ki, yox səviyyəsindədir.
Ona görə də, Cənubi Qafqazda sülh prosesinin uğur qazanması ilk növbədə Rusiyanın danışıqlar masasından kənarlaşdırılmasına bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamasında yeni Laçın yolunun inşası dövründə rus sülhməramlıların ərazini tərk etməsindən sonra baş verənləri örnək göstərməsi ümumi situasiyanı təsəvvür etməyə imkan yaradır. Çünki Azərbaycan lideri rus sülhməramlıların gedişindən sonra işçilərlə erməni sakinlər arasında normal münasibətlərin yarandığını vurğulamışdı. Və bu, nə qədər incə diplomatik mesaj olsa da, əslində, real problemin əsl ünvanını tam dəqiqliyi ilə göstərir.
Digər tərəfdən, Rusiyanın rəsmi təmsilçilərinin son açıqlamaları da Cənubi Qafqazın şimal nəhənginin geopolitik maraqlarının girovuna çevrildiyini təsdiqləyir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımaqda qınayıb. Onun fikrincə, rəsmi İrəvan bu addımı atdıqdan sonra Rusiyanı və rus hansısa məsələdə günahlandırmaq haqqı yoxdur. Yəni, rus diplomatiyasının təmsilçisi "Qarabağı Azərbaycan ərazisi kimi tanıdınız, indi buna görə Rusiya deyil, Ermənistan özü günahkardır" demək istəyib.
Təbii ki, Mariya Zaxarovanın bu açıqlaması birmənalı şəkildə provokativ xarakter daşıyır. Hətta dolayısı ilə "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, Rusiyadan daha güclü dəstək ala bilərdi" kimi də yozula bilər. Halbuki, Kreml sülh danışıqlarında vasitəçilik missiyasını öz üzərinə götürmüş ölkə kimi, rəsmi İrəvanın həmin addımı atmasına nail olmağa çalışmalıdı. Çünki Kremldə də tam dəqiqliyi ilə bilirlər ki, yekun sülh sazişinin imzalanması üçün məhz qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması əsas şərtdir.
Deməli, Rusiyaya Cənubi Qafqazda sabitlik və Azərbaycan-Ermənistan yekun sülh sazişi qətiyyən lazım deyil. Əksinə, Kremlin vasitəçilik missiyası məhz sülh prosesinin əngəllənməsi, bu, baş tutmasa, mümkün olduqca uzadılması niyyətinə indeksləşdirilib. Və belə "sülh vasitəçisi" bütövlükdə Cənubi Qafqaz regionu üçün böyük təhlükə mənbəyidir.
Rusiya Xarici İşlər Nazirliyinin digər təmsilçisi, MDB ölkələri üzrə departamentin direktoru Denis Qonçar isə öz açıqlaması ilə ümumiyyətlə, Kremlin məkrli Cənubi Qafqaz siyasətini ifşa edib. O, açıq şəkildə bildirib ki, Rusiya regional sülh prosesindən kənarda qalmaq niyyətində deyil. Mütləq bu prosesdə avanqard orbitr rolunu qorumağa çalışacaq. Və onun fikrincə, Kreml Qərblə rəqabətdən geri çəkilməyəcək.
Məsələ ondadır ki, ABŞ və Qərb Rusiyanın regional mexanizmlərini sıradan çıxartmaq üzrədir. Belə ki, Kreml Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yalnız Rusiyanın vasitəçiliyi ilə davam etməsində israrlıdır. Üstəlik, Azərbaycan və Ermənistandan daha çox Rusiyanın regional maraqlarını ifadə edən üçtərəfli anlaşmaları əsas hüquqi baza kimi qəbul etdirməyə çalışır.
Belə anlaşılır ki, Kreml Cənubi Qafqaz məsələsində beynəlxalq hüquq normalarını ümumiyyətlə, yaxına buraxmaq istəmir. Yəni, Kreml Cənubi Qafqaza münasibətdə Rusiyanı az qala BMT səviyyənə qaldırmağa çalışır. Rusiya üçün böyük əhəmiyyət daşıyan üçtərəfli anlaşmaları isə BMT Nizamnaməsi hesab edir. Halbuki, Kremlin bu vasitəçilik modelinin sülh prosesinə böyük əngəl olduğunu indi danışıqlar masası arxasında olanlar da hər imkanda gündəmə gətirməyə başlayıblar.
Belə anlaşılır ki, Rusiya nəyin bahasına olursa-olsun, sülh prosesini pozmaq və bu yolla Cənubi Qafqazı öz nəzarətində saxlamaq niyyətindədir. Bu baxımdan, rus diplomat Denis Qonçarın "Azərbaycan və Ermənistan arasında tez-tələsik sülh sazişinin imzalanması yolverilməzdir. Bu, gələcəkdə yeni münaqişələrə səbəb ola bilər" deməsi şok effekti yaratsa da, əslində, Kremlin real mövqeyini ifadə edir. Çünki rus diplomat bu açıqlaması ilə Rusiyanın ənənəvi davranışlarını bu dəfə rəsmi şəkildə dilə gətirib.
Böyük ehtimalla rus diplomat Azərbaycan və Ermənistan arasında müharibənin son 30 ildə davam etdiyini xatırlamağa həvəsli deyil. Əks halda, "tez-tələsik sülh sazişi" ifadəsindən istifadə etməzdi. Hər halda, onun sülh sazişinin imzalanması üçün daha neçə il müharibəyə ehtiyac olduğunu da izah etməsi lazımdır. Üstəlik, rus diplomat onu da nəzərə almalıdır ki, bu savaşın ssenari müəllifi rolunda da məhz Rusiya çıxış edir. Bu baxımdan, əgər, Rusiya təxribatlar törədib, savaş situasiyası yaratmazsa, gələcəkdə heç bir müharibə də baş verməz. Və Rusiyanın geopolitik maraqları ucbatından Cənubi Qafqazın daimi savaş məkanına çevrilməsi qətiyyən vacib deyil.
Göründüyü kimi, Rusiya Cənubi Qafqazdakı sülh prosesi qarşısında əsas əngəl olduğunu artıq gizlətməyi belə, bacarmır. Əksinə, ABŞ və Qərbin "birbaşa təmaslar" modeli ilə Rusiyanı kənarlaşdırıb, Cənubi Qafqazda sülhə gedən yolu təmizləməyə çalışmasından ciddi şəkildə panik duruma düşərək, bunu etiraf edir. Yəni, Kreml Azərbaycan və Ermənistana yekun sülh sazişinin imzalanmasına imkan vermək niyyətində olmadığını isterik şəkildə çatdırmağa cəhd göstərir. Və "sülh sazişinin vaxtı çatmayıb, hələ savaşmalı olacaqsınız" mesajını verir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu