"Daxili bazarı təchiz etməkdə çətinliklər, idxal inhisarçılığı, fantastik qiymətlər və məhsul qıtlığı Rusiyadan idxal asılılığından xilas ola bilməyən ölkələrin iqtisadi mənzərəsi olacaq".
Bu fikirləri Musavat.com-a iqtisadçı Eldəniz Əmirov bildirib.
"Rusiya benzin ixracına qadağa tətbiq etdiyi gün (25 fevral) bunun səbəbinin Rusiyaya tətbiq edilən sanksiyalar olduğuna dair yazmış və müsahibələr vermişdim. Dünən isə "Forbes" jurnalında Rusiyanın Energetika və Maliyyə İnstitutunun sözçüsü Sergey Kondratyev Rusiyanın neft emalı sənayesinin yay aylarında ölkədə benzin qıtlığına səbəb ola biləcək ciddi problemlərlə üzləşəcəyini yazıb. Onun sözlərinə görə, sanksiyalar neft emalı zavodlarında xarici avadanlıq və komponentlərin çatışmazlığı səbəbindən təmir işlərini çətinləşdirir. Böyük ehtimal ki, Kondratyevi bu etiraflara görə bağışlamayacaqlar. Halbuki, o, hələ yumşaq ifadələr seçmişdi.
Rusiyada təkcə neft deyil, bütün emal və istehsal sahələri getdikcə tənəzzüllə üzləşəcək. Çünki hər emal və istehsalın arxasında xaricdən idxal edilən çiplər, yüksək texnoloji avadanlıqlar, yarımkeçiricilər və digər müxtəlif komponentlər dayanır. Odur ki, Rusiyadan idxal asılılığı olan ölkələr də bunun mənfi tərəfini getdikcə daha çox hiss edəcəklər. Hansı ölkələr ki, bu problemi fürsətə çevirməyi bacaracaqlar, Rusiyadan asılılığı daxili emal və istehsal gücü hesabına azaldacaqlar, o ölkələr ciddi anlamda qazanacaqlar.
Amma hansı ölkələr ki, Rusiyadan olan asılılığı yalnız başqa ölkələr hesabına ödəməyi düşünəcək və öz istehsal, emal sənayesinə diqqət ayırmayacaq, o dövlətlər üçün nəinki idxal problemi əbədi qalacaq, hətta bir gün daha ciddi və daha dərin böhran yaşayacaqlar", - ekspert vurğulayıb.
Afaq Mirayiq,
Musavat.com