Rusiyada yaralı əsgərlər hərbi həkimlərin əli ilə cəbhəyə göndərilirlər

Yaralı rus hərbçiləri hərbi zədə haqqında arayış almaq və cəbhəyə qayıtmamaq üçün xəstəxanaları və hərbi həkim komissiyalarını məhkəməyə verirlər.

Musavat.com xəbər verir ki, bu barədə müxalifyönlü “Verstka” portalı məlumat yayıb.

Jurnalistlər bunun üçün bütün qarnizon hərbi məhkəmələrini araşdırıblar və ən azı 120 belə iddia aşkar ediblər.

Məhkəmənin köməyi ilə lazımi arayışı əldə etmək, məsələn, sığorta ödənişlərini almaq mümkündür, lakin əsgəri yaralandıqdan sonra xidmətə yararlı elan edən həkimlərin qərarından şikayət etmək praktiki olaraq mümkün deyil. Baxılan bütün iddialarda məhkəmə yalnız bir işdə hərbçinin tərəfini tutub.

Müharibə başlayanda Çitadakı hospitaldan təqaüdə çıxmış keçmiş hərbi cərrah Maksim Miromanovun sözlərinə görə, hərbi həkim komissiyaları fiziki hazırlıq kateqoriyasının müəyyən edilməsində həmişə qərəzli olub.

"Xəstəxanalar ümumi heyətə tabedirlər və onlara nə əmr olunsursa onu edilər", - Miromanov sayta bildirib.

Həkimin dediyinə görə 2022-ci ilə qədər xəstəxanalarda “müalicə edirik, bir az reabilitasiya edirik və geri göndəririk” prinsipi hökm sürüb. İndi isə, ordunun yeni əsgərlərə ehtiyacı olduğu bir şəraitdə qaydalar daha da sərtləşib. Əsgərin bədəninin bütün hissələri yerindədirsə, o, yararlı elan edilməli və yenidən cəbhəyə göndərilməlidir.

Əsgər Anaları Komitələri İttifaqının katibi Valentina Melnikova isə başqa cür düşünür. Onun fikrincə, hərbi həkim komissiyaları müstəqil fəaliyyət göstəməlidilər və xidmətə yararlılıq məsələsindəki mənfi hallar tibbi sənədlərin hazırlanmasında səhlənkarlıqdan irəli gəlir.

Sayt müharibədə baş nahiyəsindən qəlpə ilə vurulmuş səfərbər Ramil Jolmuxanbetovun məsələsinə də toxunub. Belə bir zədə qanunla ağır xəsarət kimi təsnif edilir. Volqoqrad xəstəxanasında müalicə olunduqdan sonra hərbi həkim komissiyası ona "A" fitnes kateqoriyası təyin edib. Hərbçi xəstəxanaya qarşı iddia qaldırıb. Lakin hakim həkimlərin tərəfini tutub və bildirib ki, əgər qəlpə beyinə zərər veribsə, yalnız o zaman yararlılıq kateqoriyası azaldıla bilər.

Hərbçi Aleksey Zaitsev cəbhədə mina partlayışından xəsarət alıb. Müalicədən sonra rentgendə onun ayaqlarında bir neçə qəlpə aşkar edilib. Hərbi həkimlər buna baxmayaraq, Zaitsevin "ayaqlarının əsas funksiyası - hərəkət etmək qabiliyyəti qorunub saxlanıldığı üçün xidmət edə bilər" qənaətinə gəldilər. Məhkəmə bu qərarı qüvvədə saxlayıb.

Döyüş əməliyyatları zamanı yaralanan əsgərlər ödənişlər üçün məhkəməyə müraciət etməlidirlər. Qanuna görə, onlar Rusiya hökumətindən, sığorta şirkətindən və bölgənin qubernatorlarından ümumi məbləği altı milyon rubldan çox olmaqla üç növ birdəfəlik ödəmə tələb edə bilərlər. Bunun üçün xəstəxanadan arayış tələb olunur. Lakin, hərbi həkimlər bəzi hallarda hərbi zədə diaqnozu qoymaqdan imtina edir. Onlar ya simptomları patoloji yorğunluqla əlaqələndirir ya da sənədlərdə yara ilə əlaqəli olmayan diaqnozlar qoyurlar.

Musavat.com

22.06.2023 16:37
593