Rusiyada "Tu-134" hərbi nəqliyyat təyyarəsi yandırıldı

"Rusiyada "Tu-134" hərbi nəqliyyat təyyarəsi yanıb. Hava gəmisi "Orenburq-2" hərbi aerodromu ərazisində məhv edilib. Bu cür təyyarələr Rusiya Müdafiə Nazirliyinin rəhbər heyətinin uçuşları üçün istifadə olunur".

Oxu.Az-ın məlumatına görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilib ki, təyyarə Rusiya Silahlı Qüvvələrinin 117-ci hərbi nəqliyyat aviasiya alayına məxsus olub. Açıq mənbələrdən əldə edilən məlumata görə, bu alay Rusiya ordusunun maddi təminatı üçün xüsusi yüklər daşıyan hərbi nəqliyyat vasitələrinə xidmət göstərir. Bu alayın təyyarələri Orenburqdakı aerodromda yerləşir.

Baş Kəşfiyyat İdarəsinin yaydığı videoda görünür ki, yanğın hərbi nəqliyyat təyyarəsinin burun hissəsində başlayıb. Daha sonra alov yayılaraq gövdənin böyük hissəsini əhatə edib.

Qeyd edilib ki, "Tu-134" təyyarələrini Rusiyada yalnız Müdafiə Nazirliyi istismar etməyə davam edir. Hava gəmisi qısa və ortaməsafəli uçuşlar üçün 76-80 sərnişin tutumuna malikdir.

15.10.2024 03:41
856