Rusiyada "Satana" nüvə raketi partlaya bilər! Ukrayna Rusiyanın nüvə anbarını vurub - VİDEO

Bu gecə Ukrayna silahlı qüvvələri tərəfindən Tver vilayətində Rusiya Müdafiə Nazirliyi Baş Raket Artilleriya İdarəsinə məxsus daha bir sursat anbarına zərbə endirilib.

Musavat.com xəbər verir ki, söhbət üç gün əvvəl Toropets şəhərində yerləşən və Ukrayna tərəfindən məhv edilən 107 saylı arsenaldan 16 km aralıda yerləşən Oktyabrskoye qəsəbəsindəki 23 saylı arsenaldan gedir.

Ukrayna mənbələri anbarda "Satana" adlı nüvə başlıqlı raketlərin saxlandığını iddia edirlər. Lakin Rusiya tərəfindən heç bir rəsmi açıqlama verilmir.

Anbarda partlayışlar başladıqdan sonra yaxınlıqdakı şose yolunda hərəkət dayandırılıb, dəmir yolu stansiyasından insanlar təxliyə edilib.

Anbarın yerləşdiyi rayondakı bütün dəmiryol vağzalları bağlanıb, hərəkət dayandırılıb. M-9 beynəlxalq avtomobil yolu da bağlanıb, Rusiya silahlı qüvvələri əraziyə giriş-çıxışı tam dayandırıb.

Bu gecə həmçinin Ukrayna Krasnodar vilayətinin Tixoretsk şəhəri yaxınlığındakı silah anbarını da məhv edib.

Hər üç anbarda yüz minlərlə artilleriya və "Qrad" mərmisi, S-300/400 sistemləri üçün raketlər, Şimali Koreyadan alınmış ballistik raketlər və s. sursat saxlanılırdı.

Rusiya hərbi ekspertləri Oktyabrskoye anbarının 3 gün əvvəl partladılan anbara çox yaxın yerdə yerləşdiyini əsas gətirməklə hava hücumundan müdafiə sistemlərinin Ukrayna dronları qarşısında aciz qaldığını bildirirlər.

Musavat.com

21.09.2024 15:10
1969