Rusiyada son bir həftə ərzində miqrantlarla bağlı sərt qərarların verilməsinin şahidi oluruq.
Belə ki, Rusiya DİN-in nümayəndəsi İrina Volk ötən gün Telegram kanalında məlumat yayaraq bildirib ki, Rusiyada miqrantların yaşayış icazəsi alması üçün bağlanmış nikahları ləğv ediləcək. Onun sözlərinə görə, müəyyən edilmiş halların yoxlanılması və nikahların məhkəmə qaydasında etibarsız hesab edilməsinə başlamaq üçün materiallar prokurorluğa göndərilir.
Bundan əvvəl isə İrina Volk Lenta.ru-ya açıqlamasında bildirmişdi ki, "Qanunsuz 2024" əməliyyatı çərçivəsində 20 min əcnəbi Rusiyadan çıxarılacaq.
Volk bildirib ki, əməliyyat çərçivəsində miqrasiya qanunvericiliyinin 106 mindən çox pozuntusu müəyyən edilib və 20 min inzibati qaydada qovulma və deportasiya haqqında qərar qəbul olunub.
Bundan başqa, tədbirlər zamanı qanunsuz miqrasiyanın təşkili ilə bağlı dörd mindən çox cinayət işi başlanıb.Həmçinin digər cinayətlər, o cümlədən dövlət sərhədini qanunsuz keçmə, silahların, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 684 cinayət işi başlanıb.
"Qanunsuz 2024" əməliyyatı qeyri-qanuni miqrasiyaya qarşı mübarizə, o cümlədən bu sahədə fəaliyyət göstərən beynəlxalq və regionlararası əlaqələri olan mütəşəkkil qrupların və cinayətkar birliklərin fəaliyyətinin qarşısının alınması məqsədi ilə həyata keçirilir.
Bəs son vaxtlar Rusiyada miqrantların sıxışdırılmasında əsl məqsəd nədir?
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb:
"SSRİ dağılandan sonra Rusiyaya kütləvi şəkildə miqrant axını oldu və bunun qarşısını almaq üçün Rusiyada heç bir qanunverici baza yox idi, bunu heç istəmirdilər. Çünki miqrant axını xüsusilə işçi qüvvəsinin çatışmazlığı olan sahələrdə Rusiyanın iqtisadiyyatına müəyyən qədər kömək edirdi.
Amma son illər artıq bu məsələnin üstünə düşüblər. Həm də bir neçə ay öncə Moskvada "Crocus City Hall" da terror aktı törədildi, yüzlərlə Rusiya vətəndaşı öldü. Artıq yəqin qərar verdilər ki, miqrasiya siyasətini sərtləşdirmək lazımdır, çünki terror həyata keçirənlər Tacikistandan olan miqrantlar idi. Ona görə bu qərarı veriblər ki, miqrasiya siyasətini sərtləşdirmək lazımdır.
Amma bununla digər tərəfdən başqa bir problemlə üzləşirlər və ya üzləşəcəklər. Belə ki, miqrant siyasətini sərtləşdirməklə işçi qüvvəsinə ehtiyac yaranacaq. Çünki bir çox sektorda, xüsusilə tikinti və xidmət sahələrində miqrantlar əsas işçi qüvvəsini təşkil edirlər.Rusiya hələ də Ukrayna ilə müharibə aparır, xeyli hərbiçisini itirir. Həmin hərbiçilər öz əyalətlərində, şəhərlərində işçi qüvvəsi idilər, müxtəlif sahələrdə işləyirlər və onların çoxu öldü. Həmçinin Rusiyada əhali artımı da çox zəifdir. Bu mənada Rusiyanın, əslində, miqrantlara ehtiyacı var. Çünki ən ağır işlərdə özbəklər, taciklər və digər miqrantlar işləyir.
Azərbaycanlılar Rusiyada sənədləşmə məsələsinə digər miqrantlarla müqayisədə daha çox diqqət yetirirlər ki, gələcəkdə problemlə üzləşməsinlər. Amma indi belə çıxır ki, artıq Rusiya vətəndaşları ilə ailə quran miqrantları da yoxlayacaqlar. Deməli, burada artıq müəyyən problemlər yaşana, miqrantların daimi yaşayış və iş icazələrini təmin etməkdə əlavə çətinliklərə səbəb ola bilər.
Yəqin ki, azərbaycanlılar da artıq anlamamış deyillər ki, qanunsuz əməllərlə üzləşməmək üçün sənədləri qaydasına salmaq lazımdır ki, problemlərlə üzləşməsinlər.
Beləliklə, görünən odur ki, miqrasiya siyasətindəki bu sərtləşmə azərbaycanlı miqrantlar üçün də əlavə məsuliyyətlər yaradacaq. Belə vəziyyətdə, qanunsuzluqdan uzaq olmaq üçün sənədlərin qaydasında olması çox əhəmiyyətlidir".
Xalidə Gəray
Musavat.com