Rusiyada kərə yağı qıtlığı: Mağazalardan yağ oğurluğu kütləvi xarakter alıb

Rusiyada kərə yağı çatışmazlığı, qiymətlərin sürətlə bahalaşması əhalinin mağazalardan bu məhsulu oğurlaması hallarını kütləviləşdirib. Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, artıq supermarketlər kərə yağının oğurlanmasının qarşısını almaq üçün piştaxtalardan yığmağa və qoruyucu örtüklərdən istifadə etməyə başlayıblar.

Sankt-Peterburqda tanınmış pərakəndə satış şəbəkəsinin bəzi mağazalarını ziyarət edənlər piştaxtalarda kərə yağının olmadığını görüblər, lakin qiymət etiketləri qalıb. Burada yerləşdirilən elanda qeyd olunur ki, anbarda olan yağların çeşidi ilə qiymət etiketləri ilə tanış ola bilərlər, məhsulun özünü kassada və ya satıcılarla əlaqə saxlayaraq əldə etmək mümkündür.

Ticarət obyektlərinin əməkdaşları bu addımını onunla izah ediblər ki, kərə yağı son vaxtlar oğurluğa ən çox məruz qalan məhsullardan olub, indi çeşidi azaldılıb, qiymətlər qalxdığından oğurluq ehtimalı daha da artıb.

Yekaterinburqda isə 200 rubldan yuxarı qiymətə olan kərə yağı qoruyucu qablarda satılır. Şəbəkələrdən birinin rəhbərliyi məhsul oğurluğuna qarşı belə mübarizə aparır.

Həştərxanda yağ həmişəki kimi satılır, amma qiymətlər qalxır. “Həştərxanstat”ın məlumatına görə, bu ilin 9 ayı ərzində regionda kərə yağı 11 faiz bahalaşıb. Məhsulun orta qiyməti oktyabrın 14-nə 1 kiloqram üçün 915,3 rubl təşkil edib. Şəhərdə yağ tapmaq çətinləşib. Ən ucuz seçim 200 qramlıq bağlamalardır. Topdansatış bazarında 94 rubla başa gəlir. Yayda qiymət 77 rubl idi. Bir neçə sahibkarın şəhərə gətirdiyi Belarus yağları da var. Onları 5 kq qutuda toplu olaraq almaq olar. Bir qutuda 500 qramlıq 10 paket var. Bir paketin qiyməti 390 rubl təşkil edir. Sentyabr ayında bu yağ 370 rub idi. Şəhər supermarketlərində yağ əvvəllər 200 qramlıq bir paket üçün 219 rubl idi, indi onun qiyməti artıq 249 rubl təşkil edir.
“İzvestiya”nın yazdığına görə, bir neçə iri istehsalçı dərhal pərakəndə satış şəbəkələrinə istehsalı və ya məhsulların tədarükünü dayandırdıqlarını bildirdilər. Bunlara "Prostokvashino", "Selo Zelenoe", "Kənd yağı" kimi markalar daxildir. İstehsalçılar həmçinin kərə yağının qiymətlərinin bahalaşdığını bildiriblər.

Bahalaşmanın və qıtlığın əsas səbəbləri ehtiyatların səviyyəsinin aşağı olması, dünya bazarında kərə yağının qiymətinin artması, eləcə də alınan çiy südün tərkibində az yağ olması və süd emalı müəssisələrindən tələbatın artmasıdır.

Nəşrin məlumatına görə, Rusiyada kərə yağının pərakəndə satış qiyməti avqust və sentyabr aylarında demək olar ki, 8 faiz, ilin əvvəlindən isə 18 faiz artıb.

Rusiya Kənd Təsərrüfatı Nazirliyi bəyan edib ki, ölkədə kərə yağı ilə təminat sahəsində problem yoxdur. Yanvar-avqust aylarında yerli istehsalçılar 221,2 min ton kərə yağı istehsal ediblər ki, bu da ötən illə müqayisədə təxminən eynidir. Nazirlikdən əlavə ediblər ki, xam süd istehsalının artımını nəzərə alaraq, cari ilin sonunda emal məhsullarının həcmində artım gözlənilir.

Maraqlıdır ki, Rusiyada kərə yağı çatışmazlığı bu ölkədən ya idxalçısı olan Azərbaycandan Şimal qonşuya ixracın kəskin artımına səbəb olub. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabrında Azərbaycandan Rusiyaya 45 milyon 738,68 min dollar dəyərində 7 386,49 ton kərə yağı ixrac olunub. Ötən ilin eyni dövründə ixrac 5 milyon 11,54 min dollar dəyərlə 800 ton təşkil etmişdi. Bu isə o deməkdir ki, Azərbaycandan Rusiyaya kərə yağı ixracı həm çəki, həm də dəyər baxımından 9 dəfədən çox artıb.

Musavat.com

27.10.2024 20:33
1391