Rusiya mətbuatı Noqinskdə milliyyətcə erməni Karen Ayriyanın qətlinin təfərrüatlarını yayıb.
Musavat.com xəbər verir ki, erməni mediası da bu məsələyə geniş yer ayırıb.
Bildirilir ki, ötən gün mətbuatda yanvarın 8-nə keçən gecə Noqinskdə “Lux” ticarət mərkəzinin dayanacağında 44 yaşlı kişinin ölümü ilə nəticələnən münaqişənin görüntüləri yayılıb. Qatil ona 5 güllə atıb.
KİV-in məlumatına görə, münaqişə dayanacağın yanında yerləşən kafedə baş verib. Qətlə yetirilən şəxs bacısı, atıcı isə atası ilə oraya gəlibmiş. Qətldən əvvəl öldürülən şəxsin bacısının kafedə müştəri ilə münaqişəsinin olduğu iddia edilir.
Qardaşı qıza, oğlu isə kişiyə görə ayağa qalxıb. Nəticədə kafeyə gələnin oğlu atəş açaraq adı çəkilən şəxsi ölümcül yaralayıb. Cinayətkarlar 44 yaşlı kişiyə 5 güllə ataraq “Porsche Cayenne” markalı avtomobillə qaçıblar. Onlar axtarılır. Yaralı xəstəxanaya təkbaşına çata bilsə də, həkimlər ona kömək etməyə vaxt tapmayıb və o, dünyasını dəyişib. İstintaq Komitəsi qətllə bağlı cinayət işi açıb.
NTV-nin məlumatına görə, hücum zamanı avtomobildə də olduğu iddia edilən bacının vəziyyəti məlum deyil. Lakin hücum edənlərin dayanacaqda başladıqları işi bitirmək üçün xəstəxanaya girməyə çalışdıqları məlum olub. Bəzi məlumatlara görə, hücum edənlər də ermənilərdir.
Musavat.com