Rusiyada çalışan azərbaycanlıların NƏZƏRİNƏ: sərt qərarlar, kənarlaşdırmalar və... - ŞOK PLAN

Rusiyanın Xabarovsk diyarında miqrantların taksilərdə, ictimai nəqliyyatda və bir sıra digər ərazilərdə işi məhdudlaşdırılacaq.

Bu barədə ərazinin Qubernatoru Dmitri Demeşin teleqram kanalında bildirib. Rayon rəhbərinin məlumatına görə, Əmək və Məşğulluq Komitəsi onun tapşırığına əsasən, patentli əcnəbilərin ictimai nəqliyyatda, o cümlədən şəhərlərarası nəqliyyatda, taksidə sürücü kimi işə götürülməsini qadağan edən sənəd layihəsi hazırlayıb.

"Gələn il region iqtisadiyyatının bəzi sahələrində miqrantların işi məhdudlaşdırılacaq" - deyə qubernator vurğulayıb.

Bundan başqa, 2025-ci ildən xarici vətəndaşların elektrik enerjisi, qaz və su təchizatı xidmətləri göstərən müəssisələrdə işə düzəlməsi, fiziki şəxslər üçün işləməsi qadağan ediləcək.

Siyasətçi məhdudiyyətləri təhlükəsizlik tədbirləri kimi izah edib, çünki bu peşələr insanlarla daimi təmasları əhatə edir.

Bəs bu dəyişikliklə azərbaycanlı miqrantlara necə təsir edəcək, onların vətənə qayıtmasına səbəb olmayacaq ki?

Milli Məclisin deputatı, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri, Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşüb:

e053239f882d4b7f849a7fe5b2c25b0c.jpg (103 KB)

“Rusiyada tək Xabarovsk vilayətindən söhbət getmir, Moskvada da zaman-zaman miqrantların ictimai nəqliyyatın idarə olunmasından uzaqlaşdırması gündəmdə saxlanılır. Hətta bununla bağlı bəzi federasiyalarda məhdudiyyətlər qoyulmağa başlandı. Bu nə zamandan başladı? Bir neçə il bundan qabaq şəhərdaxili ictimai nəqliyyatda bir hadisə olmuşdu. Ermənistan vətəndaşı sürdüyü avtobusu qəzaya uğratmışdı, həmin qəzada 10-dan çox insan həlak olmuş, 20-dən çox adam ağır yaralanmışdı. Həmin hadisə böyük rezonansa səbəb olmuşdu. Bundan sonra ictimai nəqliyyatın idarə olunmasında miqrantların uzaqlaşdırılması kimi məsələlər gündəmə gəldi. Bəzi məhdudiyyətlər tətbiq etməyə başladılar. Misal üçün, Krasnodar vilayətində belə qərarlar verildi. Lakin indi, antimiqrant ritorikasının gücləndiyi bir şəraitdə Rusiyada müxtəlif sahədə əməkçi miqrantların uzaqlaşdırılması məsələsi gündəmə gəlir, müəyyən məhdudiyyətlər tətbiq olunur, qanunvericiliyin sərtləşdirilməsini də biz görürük”.

Deputat əlavə edib ki, əcnəbilərin əmək bazarında fəaliyyətinin bir qədər daraldılması antimiqrant ritorikası fonunda baş versə də, realda yerli kadrların iş prosesinə cəlb olunması məqsədi daşıyır:

“Eləcə də, Rusiya - Ukrayna müharibəsi fonunda Rusiyada vətəndaşlıq almaq istəyənlərin sayında müəyyən azalmalar müşahidə edilir. Xüsusilə də, səfərbərliyin I, II, III dalğası olması şəraitində çox sayda Rusiya vətəndaşı Rusiyadan gedib, geri qayıtmaq niyyətində deyillər. Bu hadisələr fonunda Rusiya vətəndaşlığının alınmasının təşviqi yollarından biri də süni əngəllər yaratmaqla vətəndaşlıq almağa cəlb etməkdir. Bundan əlavə, Rusiya əmək bazarında nizam-intizam yaratmaq niyyətindədir. Burada əsas Rusiya maraqları öndə durur. Burada sərt qərarlar, kənarlaşdırmalar lazım gəlirsə, edilir. Xabarovsk diyarında olduğu kimi. Ola bilsin ki, yaxın vaxtlarda bunu digər bölgələrdə də tətbiq edilməsinin şahidi olaq”.

Afaq Mirayiq,
Musavat.com

01.10.2024 16:46
1260