Rusiyada benzin və dizelin bahalaşması davam edir: Hökumət çarə axtarır  

Son iki həftədə Rusiyada benzin və dizelin topdansatış qiymətlərində 10 faizdən yuxarı bahalaşma qeydə alınıb.

 Musavat.com Sankt-Peterburq Beynəlxalq Xammal Birjasının (SPIMEX) məlumatına əsasən xəbər verir ki, iki həftə ərzində birjada avtomobil benzininin qiyməti orta hesabla 14 faiz, dizel yanacağının qiyməti isə 11 faiz artıb.

Növlər üzrə götürdükdə, Aİ-92-nin qiyməti 14,5 faiz artıb: 1 tonun qiyməti martın 11-dəki 47 408 rubdan martın 22-də 54 263 rubla çatıb. Aİ-95 13,4 faiz bahalaşıb: martın 11-dəki 57 737 rubldan martın 22-də 65 448 rubla qədər.

Bu müddət ərzində dizel yanacağının birja qiymətləri bir qədər aşağı templə artıb. İki həftənin sonunda yay sortunun qiyməti 11,3 faiz artıb: martın 11-dəki 60 533 rubldan martın 22-də 67396 rubla qədər.

Birjada neft məhsullarının qiyməti son vaxtlar Rusiyanın bir sıra neft emalı zavodlarında baş verən hadisələrlə bağlı xəbərlər fonunda yüksəlir. Ötən həftə PUA hücumu nəticəsində Nijni Novqorodun Kstov sənaye zonasındakı neft emalı zavodunda, Ryazanda neft emalı zavodunda və Rostov vilayətindəki Novoşaxtinski neft məhsulları zavodunda yanğınlar qeydə alınıb. Leninqrad vilayətindəki Kirişi neft emalı zavoduna da hücum cəhdləri olub, lakin bütün pilotsuz təyyarələr zavoda yaxınlaşarkən vurulub. Nijni Novqorod, Ryazan və Leninqrad vilayətindəki neft emalı zavodları Rusiyanın ən böyük zavodlarındandır.

Bu arada “Rosstat”a görə pərakəndə satışda neft məhsullarının dəyəri eyni səviyyədə qalır və artım göstərmir.

Çərşənbə günü Rusiyanın energetika naziri Nikolay Şulqinov bildirib ki, istehsal dayandırılmayanneftayırma zavodlarında yanacaq istehsalının artırılması, eləcə də planlaşdırılan təmir işlərinin qrafikinə düzəlişlər edilməsi imkanları müzakirə olunur: "İstehsalın dayandırılmadığı NEZ-lərdə yanacaq hasilatını artırmaq potensialı var. Bir sıra zavodlarda baş vermiş insidentlərlə əlaqədar müəssisələrlə neft emalı zavodlarında planlaşdırılan təmir işlərinin qrafikinə düzəlişlər edilməsini müzakirə edirik. Yanacaq təchizatının dayanıqlı olması üçün əlavə tədbirlərlə bağlı, digər məsələlərlə yanaşı, motor yanacağının istehsalının artırılması və maddi-texniki məhdudiyyətlərin aradan qaldırılması da var”.

 

Musavat.com

22.03.2024 18:27
1854