Rusiya XİN-dən Azərbaycandakı seçkilərlə bağlı SON DƏQİQƏ açıqlaması

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanda prezident seçkilərinin uğurla keçirilməsini alqışlayır.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya XİN-in bəyanatında deyilir. Bildirilib ki, Rusiya müttəfiqliyin gücləndirilməsində maraqlıdır.

Bəyanatda deyilir:

"Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hazırkı dövlət başçısı İlham Heydər oğlu Əliyev inamlı qələbə qazanıb, onun lehinə seçicilərin 92,12 faizi 76,73 faiz fəallıqla səs verib. Ümumilikdə ölkədə 6,5 milyon seçici üçün 6537 seçki məntəqəsi açılıb.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin telefon danışığı zamanı İlham Əliyevi səmimi-qəlbdən təbrik edib və təbrik teleqramı göndərib. Qeyd olunub ki, səsvermənin nəticələri Azərbaycan Prezidentinin dövlətin sosial-iqtisadi inkişafının sürətləndirilməsi və dünya miqyasında mövqelərinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi kursun xalq tərəfindən dəstəkləndiyini tam təsdiq edib.

Azərbaycanda seçkiləri 790 beynəlxalq müşahidəçi izləyib. Rusiya Federasiyası 148 nümayəndə göndərib.

MDB-nin baş katibi Sergey Lebedev seçkilərin demokratik iradə ifadəsi prinsiplərinə uyğun olduğunu, böyük seçici fəallığının müşahidə olunduğunu vurğulayıb. Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasinin sözlərinə görə, səsvermə rəqabətli alternativ əsasda və əlverişli atmosferdə baş tutub. Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min seçkilərin açıq və şəffaf keçirilməsinə diqqət çəkib".

Rusiya XİN bir sıra müşahidəçilərin qərəzli rəyinə də münasibət bildirib:

"Bütün bunların fonunda Qərb dövlətləri və onların nəzarətində olan beynəlxalq strukturların qiymətləndirmələri son dərəcə qərəzli görünürdü. Onlar öncədən də əvvəlcədən təsdiqlənmiş üsulları tətbiq etməklə seçki prosesini gözdən salmağa çalışırdılar.

Rusiya tərəfi Azərbaycanda seçkilərin uğurla keçirilməsini alqışlayır və Azərbaycan Respublikası ilə müttəfiqliyin və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə, beynəlxalq və regional məsələlər üzrə fəal birgə işin, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində üçtərəfli bəyanatların bütün müddəalarının ən yüksək səviyyədə reallaşdırılmasına sadiqdir".

Nigar HƏSƏNLİ,
Musavat.com

09.02.2024 18:14
2319